“BİZİM SPONSORUMUZ SƏSİMİZDİR” - Sevinc Sarıyeva: “Muğam başdan-ayağa fəlsəfədir, hər yerdə muğam oxumaq alınmır”
“Torpaqlarımız alınandan bəri səslərimiz də qayıdıb…”
Müsahibimiz Azərbaycanın Əməkdar artisti, Asəf Zeynallı adına Musiqi Kollecinin səs müəlliməsi Sevinc Sarıyevadır. Sevinc xanımla həyat və yaradıcılığı barədə söhbət etdik.
- Televiziya verilişlərində Sevinc Sarıyevanı xanəndə kimi çox görürük. Amma nədənsə, mətbuatda müsahibələrinizə rast gəlmirik. Bunun səbəbini bilmək olar?
- Televiziyalarda görünürəm, mətbuatda yox, niyə? Çünki bəzi jurnalistlər, səndən iraq, ağızından çıxan sözü yazmır, dediyimiz doğru sözləri olduğu kimi dərc etmirlər. Mən başqa cür deyirəm, o gedib tərsini yazır. Belə olan halda mən mətbuata necə müsahibə verim? Yalnız buna görə mətbuatdan uzağam. Amma içi sən qarışıq, özünü təsdiqləyən jurnalistlərə böyük hörmətim var.
- Sevinc xanım, bir qədər keçmişə qayıdaq. Oxumağa həvəs sizə hardan yarandı?
- Bizim Qarabağda heç kim bir-birinə baxıb həvəslənmir. Qarabağda yerindən duran hamı oxuyur. O da torpağın suyundan, havasındandır. Mən də elə, Ağdamda gözüm Aydın Niftəlioğlunu, Barat Fərhadovu görüb… İlk toylarımı Şahmalı Kürdoğlu ilə, fəaliyyətimə Əsgərxan müəllimlə başlamışam. Əsgərxan müəllimin nəvəsi indi mənim tələbəmdir. Onlar həmişə toya bir gedirdilər, ona görə də Əsgərxan müəllim də məni çox istəyirdi. Məni Şahmalı Kürdoğlu ilə tanış edən də Əsgərxan müəllim oldu. Toydan gətirirdi, məni evində də saxlayırdı. O cür insanlar var idi. O cür insanlara baxıb, həvəslənib mən də xanəndə oldum.
- İlk dəfə peşəkar səhnəyə çıxdığınız günü necə xatırlayırsınız?
- Mən 12 yaşımda musiqi məktəbinə gəlmişəm. Xan Şuşinski adına muğam məktəbini bitirmişəm. O məktəb elə fəaliyyət göstərirdi ki, bizi 12 yaşında səhnəyə çıxarırdılar. Moskovada, Türkiyədə, Tacikstanda festivallar, İraqda Babilistan festivalı…
Uşaq yaşlarımdan bu səhnəyə çıxmışam. Mənim üçün səhnəyə çıxıb oxumaq o boyda, o dərəcədə həyacan yaratmırdı. Təbii, həmişə səhnəyə çıxanda bir oxuyan, bir xanəndə kimi məsuliyyətim var ki, İlahi, məni tamaşaçı qarşısında xəcalətli eləmə, səsimi əlimdən alma.
- Özünüz də qeyd etdiyiniz kimi, Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonundansınız. Torpaqlarımız azad olandan sonra Ağdama getdinizmi?
- Səmimi deyim sizə, deyir, elin o başı, bu başı yoxdur. Ağdama getməmiş, təbii ki, işlə, tədbirlə əlaqədar Cəbrayıla getdim. Cəbrayılda o xarabalığı gördüm. Evə qayıdıb gələndən sonra depressiyaya düşdüm, çox pis oldum. Hələ mən orda doğulmamışdım, orda yaşamamışdım. Ora da Qarabağın bir diyarıdır. İnanırsınız, orda uçulmuş evlərin, daşların hərəsi elə bil ki, bir insan formasında məni imtahana çəkir. Çox vahimələndim, çox. Ona görə də Ağdama da, Şuşaya da getməyə çəkinirəm. Allah deyən olsun, bir gün qismət olar, şeytanın qıçını qırıb gedərik.
- Bildiyiniz kimi, prezident İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etdi. Bu haqda təəssüratlarınız necədir? Məşhur “Şuşanın dağları” mahnısını Şuşanın dağlarında oxumaq istərdinizmi?
- Əvvəla, hamının arzusudur ki, gedib Şuşada oxusun. Amma dövlət başçımızıın bu ili “Şuşa ili” elan etməsi bir qarabağlı kimi məni də çox qürurlandırdı. Dövlət başçımız mənim üçün öncə, insan, şəxsiyyətdir, mən ona yalnız prezident kimi yanaşmamışam. Həm də hər prezidentdə bizim dövlət başçımızda olan savad, siyasət yoxdur.
Amma gedib Şuşada oxuyan hər bir xanəndə elə bilirəm ki, mənim avazımla oxuyur. Mənim üçün fərqi yoxdur ki, orda gedib Sevinc, Təyyar, Gülyaz, yaxud Gülyanaq oxudu. Əsas odur ki, Şuşamızda Qarabağ şikəstəsi, uverturamız səsləndi. Mən buna çox sevinirəm. Çünki bundan əvvəl Paşinyan Şuşada yallı gedirdi, amma neçə ildən sonra bizim Qarabağ şikəstəmizi Alim Qasımov oxudu. Bundan böyük xoşbəxtlik yoxdur. İnşallah, Allah qismət edər, gedib mən də orada “Şuşanın dağlarını” oxuyaram.
- Sevinc xanım, səhnəyə çıxmağınızda kimə borclusunuz?
- İlk növbədə müəllimlərimə, valideynlərimə, ən böyük Şəkura bacıma.
- Hansı sənət yoldaşlarınızla duet oxumaq istərdiniz?
- Hamısıyla duet oxumaq istərdim, ayrı-seçkilik etməzdim. Hamısı mənə doğma, əzizdir. Arzum budur ki, bizim müğənnilərin, xanəndələrin arasında həmrəylik, birlik olsun. Həmişə arzulamışam, yenə də arzulayıram. Hamısının ürəyi təmiz, safdır. Hər bir sahədə olduğu kimi, sadəcə olaraq bizim sahədə bir az çox qısqanclıq var. Amma çox istəyirəm ki, o qısqanclıq da olmasın. Mən hamıyla mehribanam. Mənim üçün sənətkarın heç bir fərqi yoxdur. Hamısı mənim üçün böyük sənətkardır.
- Ailə həyatınızla sənətiniz bir-birinə maneçilik yaratmır?
- Yox. Çox şükür, həyat yoldaşım məni başa düşür. Allaha çox şükür, oğlum elə bir yaşa gəlib çatıb ki, o da məni başa düşür. Yoldaşımın əvvəldən muğama həvəsi olub. Heç bir maneçilik yoxdur, əksinə həmişə dəstək olub.
- Bəzən, müğənnilərin ekran qarşısında davranışı cəmiyyətdə böyük tənqid hədəfinə çevrilir. Səhnədə müğənnilərin davranışı sizi necə, qane edirmi?
- Bəzilərinin hə, bəzilərinin yox. O da təbii ki, zamanla düzəlir. Müəyyən səhvlərini düzəldirlər.
- Həyatda səhvsiz insan yoxdur. Keçmişdə hansı səhvinizi bir də təkrar etmək istəməzdiniz?
- Vallah, o qədər səhvlər etmişəm ki. Səhvlərimiz çox olub. Səhvsiz insan yoxdur ki. Bir ideal, səhvi olmayan qurban olduğumuz, bizi yaradan Allahımızdır. Nə deyə bilərəm ki, səhvlərim çox olub. Durum deyim ki, səhv etməmişəm, xeyr, səhvim var.
- Qeyd etdiniz ki, müəyyən səbəblərdən mətbuatda çıxmaqda çxo da maraqlı deyilsiniz. Amma əksər həmkarlarınıza nisbətən sizi efirlərdə də az-az görürük…
- Çünki verilişləri seçib gedirəm. Hər verilişə çıxmıram. O verilişlərə gedirəm ki, həmin verilişlərdə qalmaqal yoxdur.
- Amma almaqaldan nə qədər qaçmağa çalışsanız da, gəlib adamı tapır. Haçansa sizin haqda da şayiə yayılıbmı?
- Şayiə yox. Amma bu yaxınlarda belə bir söz işlətdim... Tamamilə başqa söz idi, səhnədə oxuyanlara aid idi. Sual vermişdilər ki, üz əməliyyatı edənlərə necə baxırsınız? Mən də dedim ki: “Bu gün yazıq rejissorları qınamıram. Rejissor kənd qızı çəkir. Kənd qızının dodağı şişib, yanağı dolub, qaş belə, tato. Elə olmur axı”. Kənd qızı inək sağmaqdan gəlir, qoyun sağmaqdan gəlir, pambıq yığmaqdan gəlir, üzüm dərməkdən gəlir… Belə olmalıdır. Yoxsa kənd qızı harda tapacaq botoksu, dodağa, yanağa vuracaq. Yazıq rejissor neyləsin?! Sonra dedilər ki, elə bil gəlinin olsa? Təbii ki, özünə baxan gəlinimin olmasını istəyərəm. Day özünü ifrat dərəcədə şişirdən gəlin istəmərəm.
- İllərdir səhnədəsiniz. Heydər Əliyev sarayında konsert vermək fikriniz varmı?
- Elə bir fikirim var. Allah qoysa, həyata keçirəcəm onu. Allah təki yaxşı günlər nəsib eləsin. Bu il pandemiyadan təzə çıxmışıq, hamımızın maddi vəziyyəti çox da yaxşı deyil. Biz oxuyanların da sponsoru özümüzük, səsimizdir. Allah bizim səsimizə dəyməsin. Siz qələmlə çörəyinizi qazanırsınız, biz də səsimizlə. Özümüz özümüzü maliyyələşdiririk. Allah qoysa, yaxın aylarda konsert olacaq.
- Şou-biznesdə olan estrada müğənnilərinin konsertlərinə tamaşaçı axını çox olur. Amma muğam oxuyan xanəndələrin konsertində nisbətən tamaşaçı az olur. Bu problem nə ilə əlaqələndirmək olar?
- Mən belə deməzdim, Fuad. Bu gün muğam oxuyan xanəndələrin konsertinə təlabat daha çoxdur, nəinki şou-biznezdəkilərə. İnsanların zövqlərini biz özümüz dəyişməliyik. Mən, o birisi, bu birisi… Nə qədər xanəndələr muğamı, xalq musiqisini təbliğ etsə, o qədər də muğama çox sevgi artacaq. Muğam fəlsəfi əsərdir. Muğam başdan-ayağa fəlsəfədir. Hər yerdə muğam oxumaq da alınmır. Amma mahnılarımız var ki, unudulmuş mahnılar, o mahnılara can verməliyik ki, sonradan çıxma mahnılar ortalıqdan, arenadan qalxsın. Onu da kim eləməlidir, özümüz. Özümüz yaratmalıyıq onu. Yoxsa, atırıq televiziyaların, oxuyanların üstünə. Xeyr, retro mahnıları elə bir tərzdə, elə bir arenjımanda oxumalıyıq ki, o tamaşaçıya çatsın.
- Arif Babayevi “Segah”ı ilə, Sabir Mirzəyevi “Çahargah”ı ilə tanıyırıq. Sizcə, Sevinc Sarıyeva deyiləndə hansı muğam yada düşür?
- Elə bir insanlarla mənim adımı yanaşı çəkdiniz ki, o insanlar mənim üçün fenomendilər, novatordular. Arif Babayevin “Segah”ı mənim üçün ana laylası deməkdir. Sabir Mirzəyevin də “Çahargah”ı həmçinin. Sevinc Sarıyeva onların yanında cılız bir oxuyandır. Mən açıq deyirəm, öz həmyaşıdlarımın arasında seçilə bilərəm. Amma Sevinc Sarıyeva deyəndə, təbii ki, “Xaric segah” yada düşür, ən çox da “Şüştər”. Arif Babayev həmişə deyir ki, “Şüştər”in atası Qəzənfər Abbasov, anası Sevinc Sarıyevadır.
- Bir müğənninin sözü qalmaqala səbəb olmuşdu. Demişdi ki, Qarabağda muğam məktəbi yoxdur. Sizin buna reaksiyanız necə oldu?
- Qarabağda muğam məktəbi, Ağdamda muğam musiqi məktəbi var. Ağdamda Muğam evi var, Füzuli rayonunun özündə də muğam məktəbləri var. Həmişə olub, olacaq da. Özü də orada da yeni xanəndələr yetişir. Torpaqlarımız alınandan bəri səslərimiz də qayıdıb. Allah hamının yolunu açıq eləsin. Bax, bunlar hamısı (tələbələrin göstərir) gələcəyin səsləridir.
- Tez-tez qastrol səfərlərində olursunuz. Sonuncu qastrol səfəriniz haqda məlumat vermənizi istərdik…
- Sonuncu qastrol səfərim Londana idi. Allah qoysa, qarşıda Misir və İsveç səfərləridir. Özümün də İsveçə şəxsi dəvətim var. Allah qoysa, el qızım İradə xanım Əliyevanın təşkilatçılığı ilə, onun dəvətiylə gedəcəm. Allah deyən olsun.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI