Saat:05:53
Haqqımızda

“Bizim insanlar yalandan özlərində mədəniyyət axtarır” - Tolik

2022-08-10 17:28:00

“Bizim insanlar yalandan özlərində mədəniyyət axtarır” - Tolik

Son illər insanlar sosial şəbəkələrdə özəl telekanallarda bayağı şou xarakterli verilişlərin efirə getməsini sərt tənqid edir. Buna baxmayaraq, bu cür verilişlər günü-gündən yeniləri ilə əvəzlənməkdədir. Bəs görəsən, televiziyaların bu inadkar yolu tutmasına və şou verilişlərə üstünlük vermələrinə səbəb nədir?

Uzun illər şou proqramlarının aparıcısı olmuş Tarix Əliyev (Tolik) mövzu ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşüb. 

O, bu cür verilişlərdən maarifləndirmə gözləyənlərin qeyri-səmimi olduğunu deyib:

“Bilirsiniz, bütün dünyada şou proqramları var və çox izlənilir. Elə qardaş ölkə Türkiyəyə nəzər salaq, səhər açılır iki jurnalist ekran qarşısında oturub maqazin dünyasında baş verən ən son hadisələri insanlara çatdırır, müzakirə edir, günorta Seda Sayan efirə çıxıb kimisə ərə verir, axşam Esra Erol sosial məsələləri həll edir, ortada da mətbəx verilişləri gedir. Bu, bütün dünyada belədir. 

Mən şou proqramının aparıcısı olmuşam, verilişin qaynar xətti vardı, ora izləyicilər öz fikirlərini yazırdılar. Baxırdım, bir nəfər hər dəfə yazır ki, “efirə bir alim çağır”. 

Mən Tolik efirimə alimi çağırıb hansı ixtiralardan, layihələrdən danışım? Bizim insanlar yalandan özlərində mədəniyyət axtarırlar”.

Onun sözlərinə görə, bayağı müğənnilər və ucuz qalmaqallar verilişlərə daha çox reytinq qazandırır:

“Baxın, bizim xalqımız  qalmaqal sevəndir. 6 ay Lider, 3 il Xəzər, 8 ay da MTV  telekanallarında çalışmışam, ən reytinqli, danışılan verilişlərim qalmaqallı olanlar olub. Hətta “YouTube” kanalımda veriliş çəkdim, Nüşabənin və Aysunun qonaq olduğu qalmaqallı buraxılışlar daha çox izləndi. Aysun İsmayılovanın çıxışı 1 həftədə 1 milyondan çox baxış topladı. 

Bizim insanlara heç vaxt maarifləndirici verilişlər maraqlı olmayıb. İctimai Televiziyada o qədər proqramlar hazırlanır, bəstəkarlar, Xalq artistləri dəvət olunur, onlar nə reytinq verir? Sizin reytinq cədvəlindən xəbəriniz varmı? İctimai kanal 1.10, 1.0 reytinq verir, mən MTV-də 3-4 reytinq vermişəm. Noolsun ki, dövlət onları maliyyələşdirir, camaatın belə şeylərə marağı yoxdur. 

Məni bəzən tənqid edirlər ki, qaziləri dəvət eləmirsən, mən ikinci efirimə şəhid analarını çağırmışam, amma o buraxılış reytinq vermədi. Halbuki tanınmayan bir müğənni dəvət etdim, çıxıb qalmaqal elədi, reytinq verdi. 

Ona görə şou proqramından maarifləndirmə gözləməyin. Bunun adı üstündədir – şou... Mən verilişə Xalq artisti dəvət edirəm, amma reytinq vermir, bayağı müğənni çıxır nə isə danışır hamı ona baxır. 

Bu gün Nəfəslə Zeynəb, Pərvizlə Türkan efirə gəlir reytinqlər qalxır, lakin Xalq artisti tələbələri ilə çıxıb incəsənətdən danışır heç kəs izləmir. Ona görə də insanlar yalandan bizdən bunu tələb etməsinlər!”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR