Saat:04:47
Haqqımızda

“Bizə şərt qoydular ki...”

2024-01-27 13:07:42

“Bizə şərt qoydular ki...”

Erkin Qədirli AŞPA-nın qərarı barədə gizlinləri açıqladı

“Nə özümü, nə də nümayəndə heyətini müdafiə etmək kimi niyyətim var. Nə desəm, qərəz yaranacaq. Amma demək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-da ən fəal nümayəndə heyətlərindən biridir. Fəallıq reytinqində Azərbaycan 3-cü yerdə idi. Qərarın bizdən qaynaqlanan və bizdən qaynaqlanmayan səbəbləri var. İnsan haqları, demokratiya və s. məqamlar var. Oktyabr ayında qəbul edilən qətnamədə Azərbaycana həyasızcasına böhtan atılıb. Etnik təmizləmə, Laçın dəhlizini bağlamaq, dini azadlığa qədər çeşidli böhtanlar atılıb”.

Musavat.com xəbər verir ki, bu fikirləri Sevinc Telmanqızının təqdimatında TV Musavatın efirində yayımlanan “Canlı debat” verilişində millət vəkili Erkin Qədirli deyib.

O bildirib ki, millət vəkili kimi hər zaman seçki, siyasi məhbuslar və s. barədə məsələləri həm komitə iclaslarında, həm də AŞ PA-da səsləndirib:

“Bu məsələlərə görə nəinki Azərbaycan nümayəndə heyətinin səlahiyyətini dayandırmaq, Azərbaycanı üzvlükdən də çıxara bilərdilər. Bunun üçün kifayət qədər əsas var idi. Əsas məsələ zamanla bağlıdır. Niyə qərar məhz indi verildi? Birincisi, qərarın Qarabağda əldə olunan qələbə ilə əlaqədar olması doğrudur. AŞ PA-da bu qələbəni həzm edə bilməyənlər çoxdur. Qarabağda ermənilər yaşadığı müddətdə qələbəyə dözümlü yanaşırdılar. Hətta rus sülhməramlılarının gəlişini alqışlayanlar var idi. Onlar Cənubi Qafqazdakı məsələlərdə Rusiya ilə əlbirdirlər. Sentyabrda keçirilən antiterror tədbirləri, ardınca ermənilərin Qarabağı tərk etmək qərarını həzm edə bilmədilər. Bu onların iç üzünü göstərdi. Ötən il iki qətnamə qəbul edildi. Öncə Laçın dəhlizi, daha sonra Ağdam yolu ilə bağlı ittihamlar səsləndi. Heç bir haqlı arqumentimizi qəbul etmirdilər. İkinci biabırçı qətnaməyə 60-dan çox düzəliş verdik”.

E.Qədirli qeyd edib ki, qərarın qəbul edilməsinin əsas səbəbi növbədənkənar prezident seçkisi ilə bağlıdır:

“Biz məsələnin bu həddə gələcəyini gözləyirdik. Məhz 19 sentyabr əməliyyatına görə səlahiyyətlərimizin sorğulanacağı gözlənilirdi. ATƏT-in dəvət olunması, AŞ-nin isə dəvət olunmaması onları çox acıqlandırıb. Bizə dedilər ki, AŞ PA-nın nümayəndə heyətini seçkini müşahidə etmək üçün çağırın, qərarı səsverməyə çıxarmayaq. İlkin qərarı özümüz verdik lakin bəyanatın mətni Bakıya göndərildi və son variant Bakıdan gəldi. Bir sözlə, nümayəndə heyətinin qərarı rəsmi Bakı ilə razılaşdırılıb. AŞ PA biabırçı haqsızlıq etdi”.


Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.258886