Saat:20:12
Haqqımızda

“Biz gözləsək ki, Rusiya Qarabağdan sülhməramlılarını çıxaracaq...”

2022-08-09 16:10:00

“Biz gözləsək ki, Rusiya Qarabağdan sülhməramlılarını çıxaracaq...”

Rusiya FSB-sinin Sərhəd Xidmətinin Mehri-Aqarak (Zəngəzur yolu) yoluna nəzarət etməsindən sonra sosial şəbəkələrin erməni seqmentində, eləcə də erməni ictimaiyyətində bir sıra spekulyasiyalar ortaya atılıb.

Belə ki, ortaya atılan iddialardan biri də Rusiyanın Ukrayna müharibəsi çərçivəsində öz hərbi ehtiyatlarının tükənməsi fonunda Ermənistandakı 102-ci hərbi bazanı Ukraynaya dislokasiya edəcəyi ilə bağlı olan fikirlərin səsləndirilməsidir. Hətta burada Rusiya Cənub Hərbi Dairəsinin Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin adı da daxil edilir. Bu ehtimallar nə dərəcədə doğrudur?

Rusiya Ukrayna müharibəsindəki ehtiyat çatışmazlığına görə, “arxa bağçası” zənn etdiyi Cənubi Qafqazdan öz hərbçilərini dislokasiya edə bilərmi? Suallarımızı cavablayan ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev Yenisabah.az-a açıqlamasında bu fikirlə razı olmadığını bildirib.

“Biz bu məsələni ümumi Ukrayna-Rusiya müharibəsinin fonunda qiymətləndirmək istəsək, təbii ki, Ermənistanda olan 102-ci bazanın hərbçilərinin Rusiya məxsusluğunu dana bilmərik. Eləcə də Qarabağda olan Rusiya Sülhməramlı Qüvvələri isə Rusiya Cənub Hərbi Dairəsinin bir briqadasıdır. Ona görə də bu hərbi hissələr Rusiya Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdir.

Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya isə istənilən zaman buradakı hərbçilərini götürüb istənilən bölgəyə ezam edə bilər, lakin hərbi hissələri çıxarmaq termini yanlışdır və biz bunu bir-birindən ayırmalıyıq. Yəni ki, hərbi hissənin içərisindəki tağımları, bölükləri və taborları götürüb müharibə zonasında olan hərbi hissələri komplektləşdirmək üçün bu addımı ata bilər. Amma Rusiya bu bölgədən hərbi hissələrini çıxaracaq, xüsusən də Qarabağdakı sülhməramlılarını və s. belə yanaşma səhvdir”.

Hərbi ekspert əlavə edib ki, biz bunu digər bir kontekstdə də qiymətləndirməliyik:

“Bildiyiniz kimi, KTMT üzvlüyü çərçivəsində Ermənistanın Rusiya ilə ikitərəfli müqaviləsi mövcuddur ki, burada da Ermənistanın bütün sərhədlərini Rusiya FSB-sinin Sərhəd Xidməti qoruyur. Ona görə də Ermənistanın Azərbaycanla müəyyən olunmamış sərhədlərində də Ermənistan sərhədlərinin qorunması yönündə Rusiya öz sərhədçilərini yerləşdirə bilər. Bu, Rusiya ilə Ermənistan arasındakı müqaviləyə əsaslanaraq baş tutur. Hətta Ermənistanla İran arasında, yaxud bizimlə bəzi yerlərdə bu kimi Rusiyaya məxsus sərhəd zastavaları yerləşir. Rusiya bunun sayını artıra bilərmi? Bəli. Azalda bilərmi? Yenə bəli. Amma ümumi fonda götürsək, Rusiyanın bu coğrafiyada hansı strateji maraqları varsa, o da davam edəcək”.

Mütəxəssis əmindir ki, bu strateji maraqları təmin edən qüvvələr isə azaldıla və yaxud çoxaldıla bilər:

“Amma biz gözləsək ki, Rusiya bu bölgədən, xüsusilə də Qarabağdan sülhməramlılarını çıxarıb aparmaqda qərarlıdır, yanılmış olarıq. Yaxud desək ki, Rusiya Ermənistanda – Gümrü yaxınlığındakı 102-ci hərbi bazanı çıxarıb aparacaq və orada heç kim olmayacaq, yenə də yanılmış olarıq. Çünki burada Rusiyanın Azərbaycan-Ermənistan konflikti çərçivəsində strateji maraqları var, eləcə də biz burada İranı da nəzərə almalıyıq. Lakin təbii ki, Ukrayna ilə müharibəyə görə, hazırda Rusiyada fors-major halı yaranıb, eyni zamanda rusların 40 minin üzərində hərbi itkisi var. Ona görə də hərbi hissələrin komplektləşdirilməsi yönündə ruslar belə addım ata bilər, amma yenə deyirəm, bu, bölgədəki sülhməramlıların və yaxud 102-ci hərbi bazanın sıfırlanacağı anlamına gəlməz. Burada az kateqoriyada əsgərlər, silah-sursat və digər texniki vasitələr qalacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR