Saat:17:05
Haqqımızda

“Biz böyük hadisələrin astanasındayıq” – Zəngəzurda nə baş verir?

2022-08-08 17:10:00

“Biz böyük hadisələrin astanasındayıq” – Zəngəzurda nə baş verir?

“Blinken, Börns, Xamenei və “Astana üçlüyü”... Diplomatiyanın “ölü” tətil mövsümü ərəfəsində bölgəmizdə bu aktivlik nəyə dəlalət edir?”.

Bunu "Facebook" hesabında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yazıb. O qeyd edib: “Mövqe fərqinə baxmayaraq, onları birləşdirən nədir?

Demək olar ki, əminəm - Zəngəzur!

İndi isə tezislərdə bəzi düşüncələr:

- Rusiya üçün Qərb qapalıdır və buna görə də siyasi və iqtisadi fəaliyyət üçün yalnız Cənub və Şərq qalır. Cənub, deməli, bizim vasitəmizlə, söhbət iqtisadiyyatdan gedirsə, bu, ilk növbədə dəmir yoludur... və bu da bizim vasitəmlədir.

- Rusiya üçün bu istiqamətdə əsas potensial tərəfdaşlar Türkiyə və İran, gələcəkdə isə Fars körfəzi ölkələri, Pakistan və Hindistandır və buna görə də Qərbi Zəngəzur və Naxçıvandan keçən dəmir yolu strateji əhəmiyyət kəsb edir.

- Ermənistan Qərbə üz tutur və bu, onun yeganə çıxış yoludur ki, tarixi perspektivdə Türkiyə və Azərbaycandan tam asılılığa düşməsin.

- Görünən odur ki, Rusiya bununla razılaşmaq məcburiyyətində qalacaq, amma sual yaranır: Qərbin Ermənistanda, ən əsası isə Zəngəzurda peyda olması Rusiya, Azərbaycan və Türkiyəyə, gələcəkdə İrana da lazımdırmı?

Ona görə də Ermənistanın Zəngəzursuz Qərbin cərgəsinə çəkilmə perspektivi böyük ehtimaldır.

Hansı ssenari ilə? - deyə soruşa bilərsiniz. Zəngəzurda sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyası barədə nə düşünürsünüz?

Ona görə də mənə elə gəlir ki, biz böyük hadisələrin astanasındayıq...”

Yenisabah.az-a müsahibəsində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirdiyi tezisləri şərh edib: 

- Niyə FSB ordusu yox sülhməramlılar?

- 10 noyabr bəyanatında birbaşa olaraq göstərilir ki, Qarabağda təhlükəsizliyi təmin edən qüvvələr Rusiya sərhədçiləridir. Həmin sərhədçilərin fəaliyyəti isə üçtərəfli sənədlərlə idarə olunur. Bu baxımdan orada təhülkəsizliyi sərhədçilər yox, sülhməramlılar təmin etsələr, onların fəaliyyəti digər sənəd ilə tənzimlənəcək. Çox sadə məntiq ilə fikirləşsək görərik ki, məqsədin, orada fəaliyyət göstərən qüvvələrə Azərbaycanın öz təsirini saxlamasıdır.

- Brüsseldə 3 tərəfli görüş olacaq. Görüş 2 tərəfli olmalı deyildimi?

- Keçiriləcək bu görüşün mahiyyətinin sadəcə xoş niyyətli olduğunu deyə bilərəm. Onlar sadəcə tərəflərin görüşməsi üçün şərait yaradırlar. Vasitəçilik isə daha dərin və mütəmadi şəkildə keçirilən bir fəaliyyətdir və fərqli bir şeydir. Vasitəçi mütləq şəkildə öz təkliflərini formalaşdırır və təqdim edir. Fikrimcə, Avropa İttifaqı formatı hələ bu səviyyəyə gəlib çatmayıb. Sülhün təmin olunması və tərəflərin razılığa gəlməsi üçün keçiriləcək bu görüşün yaxşı nəticələr verəcəyinə inanıram.

- Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatlarının mövqeləri üst-üstə düşürmü?

- Avropa İttifaqı ilə Amerikanın fikirləri üst-üstə düşə də bilər, düşməyə də bilər. Biz Qərb deyəndə Amerika və Avropa İttifaqını bir məfhuma aid edirik. Lakin bu çox yanlış məfhumdur, onların mövqeyində fərqləri görmək lazımdır. Avropa İttifaqı ilə Amerika arasında olan bəzi problemlər, onların bəzi mövzularda fikir ayrılıqları, ölkələrlə münasibətləri hər zaman gündəmdədir. Bu normal vəziyyətdir. Onların müxtəlif təklifləri ola bilər və Azərbaycan bu təkliflərdən istədiyi birini seçməkdə sərbəstdir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR