Saat:15:54
Haqqımızda

BİTMƏYƏN “İL-76” MÜƏMMASI... - Simonyanın saxta siyahısı və “yoxa çıxan” cəsədlər

2024-01-26 12:43:33

BİTMƏYƏN “İL-76” MÜƏMMASI... - Simonyanın saxta siyahısı və “yoxa çıxan” cəsədlər

Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri Rusiya o qədər saxtakarlıqlara, yalanlara, böhtanlara, ağır hərbi cinayətlərə imza atıb ki, hazırda onun bu və ya digər hadisə ilə bağlı istənilən rəsmi bəyanatına böyük şübhə ilə yanaşılır. Rusiyanın Belqorodda vurulan “İl-76” hərbi nəqliyyat təyyarəsilə bağlı rəsmi versiyasına da münasibət eyni cürdür...

Baxmayaraq ki, Kreml və rəsmi KİV-lər həmin təyyarədə mübadilə üçün aparılan 65 ukraynalı hərbi əsirin olduğunu iddia edir, buna hər kəs, o cümlədən bəzi Rusiya KİV-ləri belə inanmaqda çətinlik çəkirlər.

Belə ki, ortada Kremlin təbliğat maşınının apardığı və Ukrayna cəmiyyətində “Ukrayna öz hərbçilərini vurdu” tezisi ilə daxili qarşıdurma yaratmağa hesablanan bəsit informasiya kampaniyasından və “İl-76”-nın düşdüyü anı, eləcə də təyyarənin ətrafa səpələnmiş hissələrini göstərən videogörüntülərdən başqa heç bir dəlil-sübut yoxdur. Ortada nə həmin ukraynalı əsirlərin təyyarəyə mindiyini, nə qəzadan sonra onların cəsədlərini əks etdirən kadrlar, nə də sözügedən əsirlərin rəsmi siyahısı var.

Əvəzində, Kremlin ən çirkin təbliğatçılarından olan Marqarita Simonyanın dərc etdiyi saxta siyahı var. Hansı ki, bu siyahıda guya həmin təyyarədə olmuş ukraynalı əsirlərin adları əks olunub. Lakin siyahı dərc ediləndən dərhal sonra Ukrayna Ombudsmanı rəsmən bəyan etdi ki, orada artıq dəyişdirilmiş və hazırda Ukrayna tərəfində olan sağ-salam ukraynalı hərbçilər var. Sonradan məlum oldu ki, “Simonyanın siyahısı”nda olanların ən azı 17 nəfəri artıq çoxdan Ukraynadadır.

Simonyanın Kremlə yaxınlıq dərəcəsini nəzərə alsaq, bu siyahının haradan ötürüldüyünü güman edə bilərik. Ancaq göründüyü kimi, Rusiya ordusu və xüsusi xidmət orqanlarında başıpozuqluq o həddə çatıb ki, ortalığa normal siyahı çıxarmaq belə mümkün olmayıb. Məhz bu siyahı Kremlin “İl-76”-da ukraynalı hərbçilərin olduğuna dair rəsmi versiyasını sual altına alan əhəmiyyətli arqumentlərdən biri sayılır.

Əslində, belə arqumentlər kifayət qədər çoxdur. Qəzadan bir neçə gün keçməsinə baxmayaraq, bircə ukraynalı hərbçinin, yanmış da olsa, cəsədi nümayiş etdirilməyib. Digər yandan, Rusiya KİV-lərinin yazdığına görə, Belqorod morquna həmin gün, sözügedən hadisədən sonra cəmi 5 cəsəd gətirilib. Bu isə “İl-76”-nın ekipaj üzvlərinin sayına uyğundur. Bəs, qalan 65 nəfərin cəsədi hanı?

Eyni zamanda, rəsmi məlumatda guya 65 ukraynalı hərbçini cəmi 3 Rusiya ordusu təmsilçisinin müşayiət etdiyi iddia olunur. Bu, olduqca müəmmalı müşayiət formasıdır. 3 nəfər 65 hərbçini necə nəzarətdə saxlaya bilərdi və nədən ekipaj üzvlərinin adları məlum olsa da, həmin üç nəfərin adları açıqlanmır? Ən əsası, nədən Rusiya dərhal hadisə yerinə heç bir müstəqil beynəlxalq ekspertlərin, hətta BMT nümayəndələrinin buraxılmayacağını bəyan etdi?

Əgər doğrudan da təyyarə Ukrayna tərəfindən vurulubsa, bu, yalnız “Patriot” vasitəsilə mümkün ola bilərdi. Rusiyanın özü tərəfindən vurulubsa, “S-300”-dən istifadə edildiyi ehtimalı var. Ekspertlər istənilən halda, təyyarənin qalıqlarından asanlıqla onun nə ilə vurulduğunu, təyyarənin hansı istiqamətdə uçduğunu və ən əsası, yükünün nə olduğunu müəyyən edə bilərdilər. Əgər hər şey Kremlin dediyi kimidirsə, ilk növbədə Rusiyanın özü müstəqil beynəlxalq araşdırmanın aparılmasında maraqlı olmalı idi.

Ancaq 2022-ci ildə Yelenovkada 100-ə yaxın ukraynalı hərbi əsirin qətlə yetirilməsində olduğu kimi, Rusiya yenə də hadisə yerinə heç kimi buraxmır. Bunun əvəzində, ortaya heç bir fakt, sübut qoymadan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağılrılmasını tələb edir. Baxmayaraq ki, Rusiyanın özü müharibə başlayandan bəri dəfələrlə Ukrauynaya aid hərbi nəqliyyat təyyarələrini vurub və buna görə heç bir iclas-filan çağırılmayıb. Hələ biz Rusiya tərəfindən Ukraynada törədilən saysız-hesabsız hərbi, ekoloji, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı cinayətləri demirik...

Ukrayna tərəfinə gəlincə, əlbəttə ki, təyyarənin göyərtəsində ukraynalı əsirlərin olması versiyası Ukrayna cəmiyyətində daxili gərginliyə və narazılığa səbəb ola bilər. Elə Rusiyanın informasiya hücumu da buna hesablanıb. Hər gün cəbhədə yüzlərlə ukraynalı həlak olsa da, əsirlərin Ukrayna Silahlı Qüvvələrinin tərəfindən vurulması versiyası Ukrayna cəmiyyətində istər-istəməz ciddi əks-səda doğura bilər. Ancaq hadisə Rusiya ərazisində baş verdiyindən, onun təfərrüatı və detallarıyla bağlı Ukrayna tərəfinin də obyektiv olaraq, tam dəqiq rəsmi mövqeyi yoxdur.

Ukrayan Baş Qərargahı yalnız onu bildirib ki, Rusiya hərbi nəqliyyat təyyarələri legitim hədəflərdir və Ukrayna tərəfi öz ərazilərini, əhalisini, Silahlı Qüvvələrini qorumaq üçün fəaliyyətini davam etdirəcək.

Bununla yanaşı, Ukrayna etiraf edir ki, həmin gün əsir mübadiləsi nəzərdə tutulmuşdu. Lakin əsirlərin təyyarə ilə gətiriləcəyinə dair Ukraynaya heç bir xəbərdarlıq edilməyib və ümumiyyətlə, indiyə qədər əsirlərin məhz təyyarə ilə daşınmasına dair praktika olmayıb. Ona görə də bir çoxları Rusiyanın əslində “S-300” üçün raketlər daşındığı iddia edilən sözügedən təyyarəsinin vurulmasından sonra bilərəkdən ortaya guya orada əsirlərin olduğuna dair yalan iddia atdığını düşünürlər.

Məsələ ondadır ki, həmin təyyarədə əsirlərin olduğunu birmənalı istisna etmək də doğru olmazdı. Bu, müharibədir və təəssüf ki, hər gün yüzlərlə, bəzənsə minlərlə insanın həlak olduğu qanlı savaşda belə təsadüfi hadisələr mümkündür. Hələ İkinci dünya Müharibəsi dövründə bənzər hadisələr dəfələrlə baş verib.

Məsələn, müttəfiq dövlətlər Hitler Almaniyasına aid bir neçə gəmini batırandan sonra məlum olmuşdu ki, həmin gəmilərdə müttəfiq qüvvələrin Almaniyaya əsir düşmüş minlərlə hərbçisi olub. Təəsüf ki, heç bir ordu bu cür hallardan sığortalanmayıb. Lakin Rusiyanın artıq adi ənənə halını almış yalan və saxtakarlıqları, eləcə də beynəlxalq müşahidəçiləri hadisə yerinə buraxmaması, həlak olanların cəsədlərinin görüntülərini və rəsmi siyahısını ortaya çıxarmaması “İl-76” ilə bağlı şübhələri artırır.

Ən nəhayətdə, yenidən mənfur Marqarita Simonyanın saxta siyahısına qayıtmalı oluruq. Qarşıdakı dəhşətli ssenarilərdən biri odur ki, adı Simonyanın dərc etdiyi siyahıda olan, lakin əslində vurulmuş təyyarədə olmayan hərbi əsirlər bundan sonra qətlə yetirilə bilərlər. Bununla da siyahının “doğruluğu” bir növ “sübut edilmiş” olar. Hazırkı Rusiyadan isə bu cür çirkin hərbi cinayəti hamı gözləyir...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR