Saat:15:39
Haqqımızda

BİR VİDA BORCUMUZ VARDI... - Xalq artisti Zülfüqar Abbasovun əziz xatirəsinə

2022-05-17 14:06:00

BİR VİDA BORCUMUZ VARDI... - Xalq artisti Zülfüqar Abbasovun əziz xatirəsinə

İnsan əzəməti hər an onun varlığının bir hissəsi olaraq düşüncələrinin qisməti  qədər doğmalaşa bilir. Bu doğmalıq onun  var  olduğu  zamanında  o qədər də hiss olunmur. Çünki  hər  vaxt  bir zaman kəsiyində onu görə bilmək istəyi bu  hissi  üstələmiş  olur. Bir  aprel tarixinədək tanınmış rejissor, Azərbaycan  Respublikasının Xalq artisti Zülfüqar Abbasovla görüşmək hissi qədər  doğma və əziz bir duyğunun şirinliyi tək.

Doğrusu, bir aprel tarixində səhərin alaqanlığının yenicə köksünü yardığı zamanında həyat yoldaşı Mədinə xanımdan ilk olaraq  aldığım  acı  xəbərə bir az da inanmamaq istəsəm də, sonradan bu xəbərin həqiqət olduğunu anlaya bildim. Məhz bir aprel tarixində görkəmli  rejissor, Mingəçevir  Dövlət  Dram  Teatrında bir çoxlarının əlindən  tutub  müqəddəs  səhnənin  onlar  üçün  sözün  əsl  mənasında  böyük sənət məbədi olaraq sevdirən bir  müəllimi  hesab  edilən,  Xalq  artisti Zülfüqar Abbasov ömrünün 82-ci ilində bu fani dünya ilə əbədi olaraq vidalaşdı. Vidalaşdı demək qədər çətin bir kəlmənin  ifadə edilməsi mənim dilimdə hər an çox ağır olub. Elə bu gün də ağırdır. Zülfüqar Abbasov kimi bir şəxsiyyətin vida sözünü də demək  çətindən çətin  idi. Ancaq bir  vida  borcumuz  vardı. Zülfüqar  Abbasova  olan  vida  borcu. 

Zülfüqar  Qulu  oğlu Abbasov 3 may 1940-cı ildə Gürcüstan Respublikasının  Borçalı  mahalının  Yuxarı  Saral kəndində anadan olub. O, əsilli-köklü  Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalından olmaqla, ata babası olan dinməz Abbas XX əsrin əvvəllərində Dərələyəzdə gedən erməni gavurlarına qarşı mübarizə aparıb və o mahallarda mənfur erməni qiyamçılarının intiqamçısı olub. Elə bu səbəbdən də el arasında “dinməz Abbas” olaraq tanınıb. Erməni gavurları dinməz Abbası dəfələrlə öldürmək istəsələr də, bu arzularını reallaşdıra bilməyiblər. O, ermənilərin bu planını bildiyindən öz övladlarını da götürərək Borçalı mahalına köçüb. Elə bu səbəbdən də Zülfüqar Abbasov orta  məktəbi Borçalıda  bitirib.  Zülfüqar Abbasov 1962-ci ildə A. S. Puşkin adına Tibilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsini daha  sonra  isə  1966-cı  ildə Bakı Teatr İnstitutunu bitirib. Teatr institutunda təhsil aldığı zaman böyük sənət müəllimləri olan Mehdi Məmmədov, Rza Sarabski, Muxlis Qənizadə və Məlik Dadaşovdan sənətin sirlərini dərindən öyrənə bilib. Zülfüqar Abbasov  rejissor  olaraq  əmək  fəaliyyətinə İrəvan  Dövlət Azərbaycan Dram Teatrından başlayıb. Sonradan bu fəaliyyət Mingəçevir Dövlət Dram Teatrında  bir  müddətdən sonra isə Qazax Dövlət Dram Teatrında baş rejissor, direktor və bədii rəhbər olaraq davam etdirilib.

Qeyd etmək lazımdır ki, o,  təhsil aldığı illərində Tbilisidə İrəvan Dövlət Azərbaycan Dram Teatrında İsfahanlının rəhbərlik etdiyi dram dərnəyində mütəmadi olaraq iştirak edərək, 1967-68-ci illərdə İrəvan Dövlət Azərbaycan Teatrında fəaliyyət göstərərək burada C. Cabbarlının “Solğun çiçəklər” pyesində Bəhram obrazında çıxış edərək bu teatrın səhnəsində N. B. Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesini uğurla səhnəyə qoyub. 1968-ci ildən fasilələrlə Mingəçevir Dövlət Dram Teatrının rejissoru, 1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən isə baş rejissoru olaraq fəaliyyət göstərib. O, bu teatrın səhnəsində “Hacı Qara” (M. F. Axundzadə), “Eşq və intiqam” (S. S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N. Qoqol), “Əliqulu evlənir” (S. Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M. Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ. Əfəndiyev), “Şeytan nəsli” (H. Muxtarov), “Dar ağacı” (B. Vahabzadə), “Ölülər” (C. Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C. Cabbarlı), “Vaqif” (S. Vurğun), “Ayrılmaq anı” (M. Baycıyev) və s. əsərlərini uğurla səhnəyə qoyaraq, professional  Azərbaycan teatrının səhnəsində maraqlı rejissor traktofkası ilə bu gün də yaddaşlarda yaşayır. Zülfüqar Abbasovun 1982-ci ildə Akademik Zərifə xanım Əliyevanın elmi-tibbi monoqrafiyasına həsr etdiyi “Anda xəyanət” tamaşası uğurlu  rejissor traktofkası olaraq yaddaşlarda maraqlı və orjinal bir səhnə təqdimatı olaraq xatırlanır.

Onun Mingəçevir Dövlət Dram Teatrında yetirdiyi aktyorları hesab edilən Ella Yaqubova, Neftun Tağıyev, Vaqif Məmmədov, Mirbaba Xalilov, Akif  Mirabov, Afət  Əliyeva, Vaqif  Kərimov, Asim Məmmədov, Şıxı Yaqubov, Əməkdar rəssam Rəfael İmamverdiyev, rəssam Yusif İmamverdiyev həmçinin Qazax Dövlət Dram Teatrından olan Saqif İskəndərov, Hacı Hacıyev, İlqar Hacıəliyev və başqaları hər zaman sənət müəllimləri olan Zülfüqar Abbasovun bir rejissor olaraq səhnə məziyyətlərindən bəhrələnərək onun sənət məktəbində yetişiblər. Bu haqda söhbət düşərkən Zülfüqar Abbasov öz xatirələrində yazırdı: “Hara tərpənsən də tamaşanın mərkəzi divarı, sütunu qeyd etmək lazımdır ki,  aktyordur. Bu əlahəzrət aktyorun da yüksək biliyə sahib olması və öz rolunun mahir ifaçısı olaraq təqdim olunması üçün onu yalnız milli ruha malik rejissor yetişdirə bilər”.

Hətta onun yetirmələri haqqında söhbət düşərkən sənətkarın ən yaxın dostlarından biri hesab edilən  Hacı Nərimanoğlu maraqlı bir fikir söylərək deyir: “Nə qədər aktyor tanıyıram ki, teatra gələndə dili söz tutmurdu, səhnədə ayaqları bir-birinə dolaşırdı. Zülfüqar müəllim səbr, təmkinlə onları elə öyrədirdi, sənəti elə sevdirirdi ki, tamaşalara baxanda bəzən təəccüblənməli olurduq. Bəzən pyes müəlliflərinin mətninə o qədər məharətlə, əlavələr edirdi, yerinə otuzdururdu ki, ustalığa heyrətlənməmək olmurdu. Onun yetirmələrini saymaqla bitirmək çətindir, nə olsun ki, hamısı paytaxta gəlib çıxa bilmir, layiq olduğu dəyəri ala bilmir və ali, şərəfli aktyor sənətinin ağır yükünü çiyinlərində daşıyırlar”.

Bu gün xatırlayıram ki, məhz Zülfüqar Abbasovun quruluşunda İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesi Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulan uğurlu səhnə əsərlərindən biri hesab edilirdi və çox böyük sensassiyaya səbəb olmuşdur. Bu tamaşadakı Böyük bəy rolunu Milli Akademik Dram Teatrından dəvət olunan, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı ifa edirdi. Hətta tamaşadan sonra “Mingəçevir işıqları” qəzetinə müsahibə verən İsmayıl Dağıstanlı tamaşa haqqında bu sözləri deyib: “Bu tamaşa mənimçün böyük kəşf oldu. Çox istərdim ki, mənə Dövlət mükafatı Bakıda, Milli Akademik Dram Teatrda oynadığım Böyük bəy obrazına görə yox, məhz bu teatrda oynadığım obraza  görə  veriləydi. Bir də ki, tamaşanın rejissoru Zülfüqar Abbasov icazə versə idi  Böyük  bəyin evi-mülkü ilə vidalaşdığı son səhnədəki mizan-etüdü eyni quruluş kimi mən Bakıda oynadığım tamaşada da istifadə edərdim”.

Görkəmli rejissor olan Zülfüqar Abbasov Xalq şairi Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” povestini və Cəfər Cabbarlının “Sitarə” librettosunu da səhnələşdirib və bu tamaşalara da maraqlı quruluşlar verib. Onun quruluşunda Qoqolun “Evlənmə” əsəri də böyük uğurla qarşılanıb və hətta Moskvadan bu tamaşaya baxmağa gələn rejissor Yuri Smirnov belə deyib: “Mənə də bu pyesi hazırlamağı  təklif  etmişdilər. Amma mən cürət etmədim. İndi gördüm ki, Zülfüqar Abbasov bu pyesdəki Padkolyosnını Rusiyanın simvoluna çevirməklə əsərə dəqiq açar tapıb. Əgər Zülfüqar Qulu oğlu icazə versə mən də gedib bu tamaşanı belə hazırlayacam”.

 

Hətta bu gün böyük ədib Cəfər Cabbarlının “Sitarə” librettosundan söhbət düşərkən, onun uğurlu səhnə traktofkasından danışarkən Xalq artisti Zülfüqar Abbasovun xatirələrində oxuyuruq: “Yadımdadır, o vaxt mənim beynimdə Cəfər Cabbarlının “Sitarə” librettosunu faciə kimi səhnələşdirib, tamaşaya qoymaq fikiri oyanmışdı. Çox həvəs və istəklə bu işə başladıq. Tamaşa hazır oldu. Cəfər Cabbarlının “Sitarə” tamaşasında rolları teatrın ən aparıcı aktyorlarına vermişdim. Hətta bunlardan- Zülfü Məmmədovun, Afət Əliyevanın, Şıxı Yaqubovun, Namik Abdullayevin, İbrahim Salamovun oyunları mənim özümü də heyrətləndirmişdi. Mən, müəllifə sadiq qalaraq, tamaşanı klassik Yunan üslubunda hazırlamışdım. Ona görə də tamaşa monumental və baxımlı alınmışdı”.

2016-cı ilin iyun ayı idi. Bir gün Zülfüqar Abbasov mənə telefonla zəng edib bildirdi ki, Qazax Dövlət Dram Teatrında C. Cabbarlının “Solğun çiçəklər” pyesini hazırlayıb. Tamaşaya baxmaq üçün məni ictimai baxışa Qazaxa dəvət edir. Mən böyük məmnunluq və həvəslə bu dəvəti qəbul edib qeyd edilən tarixdə Qazaxa yollandım. Zülfüqar Abbasovun rejissor traktofkasında bu tamaşaya baxarkən bir daha əmin oldum ki, həqiqətən  bu gün klassik dramaturgiya ona görə öz aktuallığını qoruyub saxlaya bilir ki, dramaturqlar öz əsərlərində bəşəri ideyaları tərənnüm etməklə, fikir tamlığını qorumaqla, zamanının pyeslərində belə ideya və düşüncələri müasir olur. Məhz bu gün Cəfər Cabbarlı dramaturgiyasının müasirliyi də dövrünün, zamanının problemlərini öz aktuallığı ilə qorumasındadır. Zülfüqar Abbasov isə quruluşunda Cəfər Cabbarlı ideya və baxışlarına sadiq qalaraq ilk öncə bu aktuallığı qoruya bilmişdir. Ümumiyyətlə Cəfər Cabbarlı dramaturgiyası bəsit  və  natamam əlavələri qəbul etmir. Cabbarlı yaradıcılığında dramaturji janrına həmçinin ideyasına uyğun olaraq hər hansı bir əlavə və artırmalar mümkünsüzdür. Ancaq tamaşanın quruluşçu rejissoru, Xalq artisti Zülfüqar Abbasov çox böyük bir risq etməklə pyesə yeni bir personaj əlavə etmişdir. Bu Dərviş obrazıdır. Səhnədə cəmi iki pərdədə  görünən Dərviş aktyor Nəsimi Aşbazov vəziyyətlər dinamikasına daha çox yaxın idi. Bəhramın sanki sonradan başına gələcək hadisələri bir ilahi varlıq kimi işarətləMəndə əvvəl sənin kimi idim, indi necəyəm” söyləməsi səhnədə Dərviş obrazının maraqla izlənilməsinə şərait yaratmış olurdu. Xalq artisti Zülfüqar Abbasovun quruluşunda “Solğun çiçəklər” pyesi olduqca maraqlı, hadisələr dolğun və ardıcıl şəkildə bir-birini əvəz edirdi. Tamaşanın daha baxımlı olması üçün rejissor cərəyan edən hadisələrin, vəziyyətlərin reallığı və dolğunluğu üçün yüksək ritm yaratmaqla səhnədə hər bir mizan rejissor traktofkası ilə daha dəqiq göstərilmişdir. Pyesdə cərəyan edən hadisələrin inkişafı olduqca surətli və eyni zamanda təbii idi. Rejissor traktofkası öz  mizanları  ilə  əvvəldən  sonadək  dramatik  gərginliklə inkişaf edirdi. Həmçinin bu arada qeyd etmək istərdim ki, rejissor Zülfüqar Abbasov hər zaman öz quruluşlarında müəlliflərin təqdim etdiyi pyesi olduğu kimi səhnəyə gətirmirdi. O, hər hansı bir səhnəni mizanlara görə ya dəyişirdi, ya da ona əlavələr etməklə orjinallığı  qorumağa çalışır. Bununla da Xalq artisti Zülfüqar Abbasov hər zaman  “tamaşanın üç müəllifi olur: dramaturq, rejissor və teatr kollektivilə bərabər tamaşaçı” fikirlərinə sadiqliyini nümayiş etdirmiş olurduBu baxımdan onun Qazax Dövlət Dram Teatrının səhnəsində hazırladığı “Solğun çiçəklər” pyesinə vermiş olduğu yeni quruluşu orjinal və təqdirə layiq idi.   

Qeyd etmək lazımdır ki, Zülfüqar Abbasov həmçinin bir çox tamaşalarda da həm də aktyor kimi çıxışlar edib. Onun zehni, yaddaşı o qədər güclü idi ki, bəzən tamaşaların bütün mətnlərini belə tam olaraq əzbərdən bilir, səhnədə ifa etdiyi obrazları özünün rejissor və aktyor təxəyyülünün süzgəcindən keçirərək ona bir bənzərsizlik bəxş edirdi. Bu zaman isə onun ifasında hər hansı bir obraz öz təsir gücü ilə uğurlu səhnə traktofkasında daha maraqla baxılır və surətin aktyor ştrixləri özünün təsir gücünü səhnədə artıraraq daha çox fərqlənirdi. Bu baxımdan hər zaman  səhnə obrazları təhlil olunarkən  Zülfüqar Abbasovun münasibəti bir mənalı olaraq fərqlənirdi və bu haqda deyirdi: “O xalqın, millətin ki, fikir, fəlsəfi, etik baxışı olan teatrı yoxdursa, həmin millətin, xalqın tərəqqisi də heç vaxt kamil ola bilməz”.

1997-ci ildə Şeyx Şamilin 200 illik yubileyi münasibətilə Mehdi Hüseynin “Şeyx Şamil” faciəsi  Zülfüqar Abbasovun quruluşunda Azərbaycan Opera və Balet Teatrında göstərilən vaxt ulu öndər Heydər Əliyev də bu tamaşaya baxıb və rejssor traktofkasını yüksək dəyərləndirib. Söhbət əsnasında o, öyrənib ki, bu tamaşanın quruluşçu rejissoru Zülfqar Abbasov uzun illər teatrda çalışsa da, hələ bu vaxta qədər fəxri ad almayıb. Bu tamaşadan sonra ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ona birbaşa “Azərbaycan Respublikaının Xalq artisti” fəxri adı verilib. Bu hadisə Azərbaycan rejissor sənəti yaradıcılığında ikinci belə bir hal idi ki, 2000-ci ildə Adil İsgəndərovdan sonra ölkə rəhbəri ona birbaşa “Xalq artisti” fəxri adını verirdi.

Zülfüqar Abbasov həm də təkcə rejissor deyil o, həm də maraqlı dramaturq kimi də Azərbaycan teatr tarixində qələm sahibi olaraq öz bacarıq və istedadını sınaya bilib. Onun qələmə aldığı “Fillər ayaq üstə ölürlər” (“Anda xəyanət”), “Nabat xalanın çörəyi”, “Qəribə düşmənlər”, “Kefdi bu millət”, “Vətən dərdi”, “Qisas günü”, “Ön xətdə müharibə” pyesləri böyük uğurla Mingəçevir və Qazax Dövlət Dram teatrlarının səhnələrində hazırlanıb.

Qeyd etmək lazımdır ki, Zülfüqar Abbasov həmçinin uzun illər Qərb regionunda fəaliyyət göstərən “El” TV-nin efirində də maraqlı verlişləri olan “Fatehlər” və “Mənəviyyatımız tarixi qaynaqlarda” layihələrinin müəllifi, rejissoru və həm də aparıcısı kimi də çalışıb. Sənətkarın ən yaxın dostlarından biri hesab edilən  Hacı Nərimanoğlu bu fəaliyyəti yüksək dəyərləndirərək onun haqqında xatirələrində yazır: “Sözümüz, dərdimiz, sirrimiz bir idi. Olduqca millət, vətənsevər ziyalı idi, dövrün, zamanın dərdini içində gəzdirən, mümkün olduğu qədər tamaşalarına daşıyan əsl teatr xadimi idi. O, böyük maarifçi idi. 2008-ci ildən təqaüdə çıxandan sonra səhhətinin yol verdiyi qədər nə az, nə çox beş il "El” TV-də maraqlı verlişlər aparırdı, “Fatehlər” və “Mənəviyyatımız tarixi qaynaqlarda” layihələrinin müəllifi, rejissoru və aparıcısı olaraq bu mssiyanı uğurla və layəqətlə daşıyırdı”.

Dövlətimiz hər zaman Zülfüar Abbasovun yaradıcılığını yüksək dəyərləndirərək onun rejissor fəaliyyətini diqqət mərkəzində saxlayırdı. Belə ki, onun uzunmüddətli səhnə fəaliyyəti nəzərə alınaraq ölkə başçısı İlham Əliyev tərəfindən  “Tərəqqi”  medalına və  “Prezidentin fəxri” diplomuna layiq görülmüşdür.

Bu gün böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, uzun illər Azərbaycan  teatrı üçün əvəzsiz xidmətlər göstərən, adlarını xalqımızın mədəniyyət  tarixinə  əbədi yazdıran, özlərinin sözün əsl mənasında sənət məktəbini yaradan  rejissorlar Azərbaycan xalqının  əvəz olunmaz milli-mənəvi sərvətidir. Azərbaycan  Respublikasının Xalq artisti Zülfüqar Abbasov da bu sərvətin bir incisi olaraq  hər  zaman  xatirələrdə, zehinlərdə əbədi olaraq yaşayacaqdır.

Anar  Burcəliyev

Teatrşünas-tənqidçi   

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR