Saat:13:41
Haqqımızda

Bir şəklin tarixçəsi: Mstislav Rostropoviç avtomatla - Maestro niyə silahlanmışdı...

2022-02-18 16:00:00

Bir şəklin tarixçəsi: Mstislav Rostropoviç avtomatla - Maestro niyə silahlanmışdı...

Dünya şöhrətli musiqiçi və dirijor, əslən bakılı Mstislav Rostropoviçin əlində həmişə violonçel görmüşük. Amma bu şəkildə maestro musiqi aləti deyil, avtomat tutub.

Musiqiçi və odlu silah... Qəribə səslənsə də, bu foto gerçəkliyi əks etdirir.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının budəfəki təqdimatı məşhur musiqiçinin necə “silahlandığı”na aydınlıq gətirir.

Zaman 1991-ci ilin avqust ayı... Məkan Moskva şəhəri... Foto 1991-ci il 19-22 avqust tarixlərində Sovet İttifaqında “QKÇP qiyamı” adını almış dövlət çevrilişinə cəhd zamanı lentə alınıb.

Rusiyalı fotoqraf və jurnalist Yuri Feklistov fotonun qısa tarixçəsini belə izah edib:


“Həmin gecə Ağ Evin ətrafında dolaşırdım. Radiostudiyaya gedəndə Mstislav Rostropoviç çıxış növbəsini gözləyirdi. Onun yanında əyləşən mühafizəçi Yura yorğunluqdan yuxuya getmişdi. Rostropoviç Yuranın yuxuladığını görüb avtomatı onun dizləri üstündən götürərək, əlində tutmuşdu. Mən bu anı qaçıra bilməzdim və dərhal onların şəklini çəkdim. Bu şəkli “Oqonyok”da çap etdik və səhəri gün Yura İvanov bütün İttifaqda məşhur şəxs kimi yuxudan oyandı”.

1991-ci il 19-22 avqust tarixlərində baş verən “QKÇP qiyamı” zamanı mühafizəkar kommunistlər SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu devirməyə cəhd etmişdi. Qiyamın rəhbəri SSRİ-nin vitse-prezident Gennadi Yanayev idi.

Müdafiə nazirinin müavini Oleq Baklanov, daxili işlər naziri Boris Puqo, Kəndli Birliyinin sədri Vasili Starodubçov, Dövlət Sənaye, Nəqliyyat, Tikinti Obyektləri Assosiasiyasının prezidenti Aleksandr Tizyakov və müdafiə naziri Dmitri Yazov qiyamın əsxas simaları idi.

Onlar ölkədə fövqəladə vəziyyət elan edərək, Qorbaçovu vəzifəsindən kənarlaşdırmağa və SSRİ-ni saxlamağa çalışsalar da, bu, baş tutmadı.

Çevrilişin baş tutmamasının əsas səbabkarı Rusiya rəhbəri Boris Yeltsin oldu. O, “QKÇP”nin qərarlarına tabe olmayaraq, sadə rusları Moskvada Ali Sovetin binası önünə toplamağa nail oldu, Qərb də Yeltsini dəstəklədi.
Moskvada 150 minlik, Sankt-Peterburqda isə 300 minlik etiraz aksiyası baş tutdu. Boris Yeltsin özünü Rusiya ərazisindəki Silahlı Qüvvələrin Ali Baş komandanı elan etdi və Müdafiə Nazirliyi yaratdı. Ardınca, Moskvada komendant saatı elan etdi. Avqustun 21-nə keçən gecə ordu və “QKÇP” əleyhdarlarının Moskvadakı toqquşması zamanı 3 nəfər həlak oldu.

 

Qiyamın uğursuzluqla bitdiyini görən vitse-prezident Yanayev “QKÇP”nin buraxılması barədə göstəriş imzaladı. Rusiya SSR-in prokuroru Valentin Stepankov isə komitə üzvlərinin həbs olunması barədə göstəriş verdi.

22 avqust gecəsi prezident Mixail Qorbaçov Krımdan Moksvaya qayıtdı. Həmin gün “QKÇP”nin üzvləri – vitse-prezident Yanayev, DTK sədri Kryuçkov, Müdafiə naziri Yazov həbs olundu. Daxili işlər naziri Boris Puqo isə intihar etdi.

Moskvadakı Ağ Ev qarşısında qiyamın uğursuzluğu xalq tərəfindən bayramla qeyd olundu.


Çevriliş uğursuzluqla bitdi və həm Sovet Sosialist Respublikaları İttifaqının, həm də Sovet İttifaqı Kommunist Partiyasının sonunu gətirdi.

Modern.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR