"Bir neçə ay sonra Qafqaz və Mərkəzi Asiyada yeni proseslər başlayacaq" - ZAUR MƏMMƏDOV

2022-08-19 11:15:00

"Lvov görüşü bir daha təsdiq etdi ki, bu payız Ukraynada isti olacaq, dünyada qiymət artımı davam edəcək, taxıl böhranı Afrika və Asiyanı bürüyəcək, neftin və maye qazın qiymətləri yuxarı hədlərdə olacaq"

"Lvovda Türkiyə, Ukrayna və BMT liderləri arasında görüş başa çatıb. Görüşün cəmi 40 dəqiqə baş tutması Zelenskinin fikrində qəti olmasının və güzəşt barəsində düşünməməsinə dəlalət edə bilər. Xatırladım ki, Ərdoğan və Putin arasındakı Soçi görüşü saatlarla davam etmiş, tərəflər ikitərəfli münasibətlərdən tutmuş Ukrayna, Suriya və Qafqazdakı vəziyyəti saatlarla müzakirə etmişlər. Əlbəttə, Kiyev və Ankara dünyanı yox, daha az, lakin ən mürəkkəb mövzunu - müharibənin dayandırılması məsələsinin mümkünlüyünü müzakirə etdilər. Ukraynanın mövqeyi belədir -“Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir”. Qısa və konkret. Belə olan təqdirdə, Putin və Zelenski arasında müharibə davam etdiyi vaxtda görüşün keçirilməsinin mümkün olmayacağını qeyd edə bilərik. Beləcə, sülh danışıqları mövzusu təxirə salındı. (Ehtimal edirəm ki, Soçidə sülh danışıqlarına başlanılmasında Ərdoğandan vasitəçi olmaq istənilmişdi). Lakin bu dəfə Zelenski danışıqların başladılması üçün şərtini açıqladı". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, ikinci mövzu Zaporojyedəki AES ilə bağlı idi: "Rusiya MAQATE-nin atom elektrik stansiyasına girişinə Krım vasitəsilə mümkün olduğunu bildirir. Öz növbəsində, BMT baş katibi və Ukrayna prezidentinin fikrincə, Zaporojye AES qeyri-müharibə zonası elan edilməlidir. Bu məsələdə də konkret nəticə olmadı. Üçüncü mövzu. Taxıl və Ukraynanın dünya bazarına çıxışı idi. Türkiyə və Ukrayna arasında Ankaranın maraqlarına cavan verən milyardlıq layihələrlə bağlı razılıq əldə edildi. Beləcə, Lvov görüşü bir daha təsdiq etdi ki, bu payız Ukraynada isti olacaq. Dünyada qiymət artımı davam edəcək, taxıl böhranı Afrika və Asiyanı bürüyəcək, neftin və maye qazın qiymətləri yuxarı hədlərdə olacaq. Bundan isə ABŞ-da, Rusiyada, Çində müəyyən qruplar dividentlər əldə edəcəklər. Bir neçə aydan sonra isə Avropanın yeni təhlükəsizlik layihəsi təsdiqlənəcək, Qafqaz və Mərkəzi Asiyada yeni proseslər başlayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061857