“BİR DAHA ƏDALƏT QAPISINI AÇMAĞINIZI XAHİŞ EDİRİK” – “Hürriyyət”in kollekti Prezidentə müraciət etdi
“Hürriyyət” qəzetinin kollekti “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Hurriyyet.az həmin müraciəti olduğu kimi dərc edir:
“Hörmətli Prezident!
Bu məktubu Sizə yazmağımıza səbəb “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun sağlıq durumunun günbəgün ağırlaşmasıdır. Onun səhhətində ciddi problemlər mövcuddur və bu problem həbsdən əvvəl də həkim nəzarəti tələb edirdi.
Biz bilirik ki, Siz hər zaman Azərbaycan vətəndaşının sağlamlığını, xüsusən də ədalətli məhkəmə araşdırması gözləyən şəxslərin hüquqlarını öz nəzarətinizdə saxlamısınız.
Cənab Prezident!
Əgər Vüqar Məmmədov doğrudan da hansısa cinayət əməlinə yol vermiş olsaydı, o, qaranlıq məkanlara çəkilərdi, ictimaiyyətdən yayınardı, özünü müdafiə etmək üçün gizli yollar axtarardı. Amma o, nə etdi? O, birbaşa Sizə, ölkənin Ali Baş Komandanına, dövlətin başçısına açıq müraciət edərək bildirdi ki, “Məni qanunsuz həbs etmək istəyirlər!”
Belə addımı yalnız özünə və dövlətinə güvənən, haqqının nahaq tapdanmayacağına inanan jurnalist ata bilərdi.
Hörmətli Prezident!
Biz bir sual qarşısında çarəsiz qalmışıq: Əgər söhbət hədə-qorxu yolu ilə pul tələb etmədən gedirsə və qarşı tərəflərlə rəsmi müqavilələr mövcuddursa, üstəlik bunlar sadəcə kommersiya münasibətləridirsə, niyə bu işi polis – Daxili İşlər Nazirliyi (DİN) yox, məhz Dövlət Təhlükəsizliyi Xidməti (DTX) araşdırır?!
Biz DTX-ın fəaliyyətinə, dövlət təhlükəsizliyinə xidmətinə hər zaman hörmətlə yanaşmışıq. Bizim üçün DTX Azərbaycanın güc simvoludur, terrora qarşı sipərdir. Lakin jurnalistlə bağlı kommersiya xarakterli məsələ üzrə belə ciddi xüsusi əməliyyatın keçirilməsi, ofisimizin məhkəmə qərarı olmadan möhürlənməsi bizi bir sıra suallara cavab tapmağa məcbur edir. Məsələn, bu tədbirlər, doğrudanmı, iddia edilən ittihamın ağırlığına uyğundur?
Biz qanundan kənara çıxmağı deyil, qanunun bərabər və ədalətli tətbiqini istəyirik. Bu gün təkcə bir jurnalistin deyil, ictimai nəzarət missiyasının taleyi müzakirə olunur. “Hürriyyət TV”-nin və digər müstəqil media subyektlərinin səsi kəsilərsə, xalqın səsi haradan yüksələcək?!
Əgər bir redaktorun sadəcə danışdığına görə üzərinə qapılar bağlanırsa, cəmiyyətin danışmaq haqqı sabah necə qorunacaq?!
Cənab Prezident!
Biz Sizə inanırıq. Biz Sizdən, hər zaman olduğu kimi, bir daha ədalətin qapısını açmağı xahiş edirik. Azərbaycan xalqı hər zaman çətin anlarda arxasını Sizə söykəyib. Bu gün də elə həmin gündür. Sizin siyasi iradəniz, dönməz qətiyyətiniz və xalqın yanında olmağınız bu ölkənin dayağıdır. Biz əminik ki, Sizin müdaxilənizlə həm Vüqar Məmmədovun taleyi, həm də jurnalist sözünün azadlığı yenidən öz yerini tapacaq.
Qoy bu məktub Sizə ümidin səsi kimi çatsın. Bizim səsimiz kəsilsə də, inamımız susmayacaq. Biz qanuna güvənirik. Biz Sizə güvənirik.
Hörmətlə və böyük ümidlə,
“Hürriyyət”in kollektivi
