Saat:02:41
Haqqımızda

BİR AZ POLİS HAQQINDA... - Deputatın yazısı

2024-07-02 12:43:08

BİR AZ POLİS HAQQINDA... - Deputatın yazısı

Vüqar İskəndərov 

Milli Məclisin deputatı

Polis – bu sözün dilimizə tərcüməsi dövlət, şəhər deməkdir. Bəli, həqiqətən dövlətin yaşaması, sabitliyi, xalqın rahat və stabil həyat sürməsi üçün məhz bu orqanın mövcud olması, onun əvəzsiz xidmətləri zərurətdir. 

Polis elə bir şərəfli vəzifədir ki, beşikdəki uşaqdan, hətta ana bətnində olan körpədən tutmuş, ən yaşlı vətəndaşımıza kimi yaşam qarantımızdır. Çünki ictimai təhlükəsizliyimizə cavabdehdir. Biz az görməmişik ki, hamilə qadınları polisimiz xəstəxanaya çatdırmaqla, bir insana həyat verib. Biz az görməmişik ki, ürəyi tutmuş bir yaşlı insanı operativ şəkildə tibb məntəqəsinə aparmaqla, onların həyatının sonlanmasının qarşısını alıb. Bu saydıqlarımız sadəcə bir neçə nüansdır. Bu nüanslar gündəlik olaraq ölkəmizin hər yerində yaşana bilər. Müxtəlif saatlarda, müxtəlif yerlərdə və müxtəlif şəraitdə... 

Ancaq bütün bunların hər birinin faciəyə çevrilməməsi üçün 24 saat ayıq-sayıq keşik çəkən polislərimiz var. Biz görürük ki, cinayətkar şəbəkələrin, qanunu pozanların qarşısı necə peşəkar şəkildə polisimiz tərəfindən alınır. 

Bir anlıq təsəvvür etsəniz ki, polis yoxdur, nələr baş verə bilər? Düşünürsünüzmü? 

Düzdür, polis dövlətin gücüdür! Amma həm də polis məzlumun, insanların, sadə vətəndaşımızın bir qoruyucu mələyidir. Polissiz həyat bir xaos olar. Təsəvvür edin, şəhərdə 1 saatlıq işıqforlar söndürülür və yol hərəkətlərinin nizamlanmasında çalışan polislər xidmətdə olmurlar. Kollaps, xaos... Təsəvvür edə bilirsinizmi? 

Bu gün ailəmizi rahatlıqla qoyub kənara gedə bilirik, rahatlıqla işimizlə məşğul oluruq. Övladlarımızın, yaxınlarımızın salamatlılığından nigaran deyilik. Çünki dövlətimizə və onun vacib strukturu olan polisimizə arxayınıq. Ən çətin anlarımızda ilk ağlımıza gələn məhz polisə müraciət olur. Bu gün polisin 102 xidməti imkan verir ki, biz ən qısa zamanda onlara çata bilək, yaxud onlar bizə çatsın.

Bəzən harasa gedəndə yayın istisində, yağışın şırhaşırında, soyuqda daldalanmağa yer axtarırıq. Amma birdən aynadan çölə baxdıqda hava şəraitindən asılı olmayaraq polisin xidmət apardığının şahidi oluruq. Bax budur Azərbaycan polisi... Xidmətdədir, vəzifəsini icra edir.

 

 

Azərbaycan polisinin qəhrəmanlıqlarını da gördük. 44 günlük Vətən müharibəsində neçə-neçə şəhidimiz, neçə neçə qəhrəmanımız oldu. Antiterror əməliyyatı zamanı, ondan sonrakı dövrlərdə Azərbaycan polisi canla-başla vətəninin müdafiəsində hazır gözlədi. Ümumiyyətlə, biz 2020-ci ili polislərimiz üçün bir imtahan ili də adlandıra bilərik. Çünki bütün dünyanı cənginə alan pandemiya, ardıyca Vətən müharibəsi Azərbaycan polisi üçün bir sınaq oldu. Polisimiz bir cəbhədə döyüşür, digər cəbhədə də xalqımızın sağlamlığının qeydinə qalırdı. Hər iki halda da canını fəda edirdi. 

Vətən müharibəsində Daxili İşlər Nazirliyindən 66 nəfər şəhid oldu. 346 hərbi qulluqçu yaralandı. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da coxluq təşkil edir.

Bəzən kimlərsə düşünə bilər ki, polis maaşını alır, xidmətini edir. Ancaq bu belə deyil. Vətəni sevərək çalışmaq məvacibdən asılı deyil. Və candan şirin də həyatda heç nə yoxdur. Canı ilə qanı ilə vətənin keşiyində ləyaqətlə durur. Polislərimiz bu fədakarlığı məhz xalqını, vətənini sevdiyi üçün edir.

Bu gün polisin maaşı elə də yüksək deyil. Düşünürəm ki, digər hüquq mühafizə orqanlarının əməkdaşlarının içərisində ən az əməkhaqqı polisdədir. Əminik ki, bu məsələ də öz həllini yaxın zamanlarda tapacaq.

Bu gün polislərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində, onların təminatlarının yüksəldilməsi istiqamətində addımlar atılır. Ancaq bütün bunlardan asılı olmayaraq, vicdanla çalışan bir polis obrazı var Azərbaycanda.

Əlbəttə müəyyən qüsurları olan, vəzifəsinin öhdəsindən gələ bilməyən, yaxud sui istifadə edənlər də olub və var. Bu da təbiidir. Çoxminli orqandır. Həm də insanlar eyni xarakter və xüsusiyyətdə deyil. Ancaq əsas məsələ odur ki, iradə var. Belə hallarla mübarizə aparılır, təmizlənmə işləri də gedir.

Daxili İşlər naziri general polkovnik Vilayət Eyvazov başda olmaqla bütün polislərimizi haqq etdikləri bayramları münasibəti ilə ürəkdən təbrik edirəm, şərəfli və məsuliyyətli xidmətlərində hər birinə uğurlar arzulayıram.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168252