Binəqədi İcra Hakimiyyəti "Hürriyyət"də gedən yazıdan qorxuya düşdü - TƏZMİNAT ÖDƏMƏK MƏCBURİYYƏTİNDƏ QALDI

2021-10-13 13:38:00

Binəqədi İcra Hakimiyyəti

“Atamı Binəqədi İcra Hakimiyyətinin işçiləri öldürüblər” deyən sakinə təzminat ödəniləcək.

Ötən buraxlışımızda atasının Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən öldürüldüyünü iddia edən Binəqədi sakininin müraciətini yayımlamışdıq.

Belə ki, Binəqədi rayon Ağamirək İsfahani küçəsi, ev 9-da yaşayan Vəli Əhməd Tapdıq oğlu redaksiyamıza müraciət edərək, atası Əhmədov Tapdıq Əhməd oğlunun öldürüldüyünü iddia edir.

Oktyabrın 7-də özünü Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər Tapdıq Əhmədovun yaşadığı ünvana gələrək, evi sökməklə hədələyiblər. Evində təmir işləri aparan 68 yaşlı ahıl kişi tikinti işləriylə bağlı əvvəlcədən qəsəbə nümayəndəsi Qadir Məmmədov ilə razılığa da gəlib. Buna baxmayaraq, özünü Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər evi sökməyə israr ediblər. Daha sonra, Tapdıq Əhmədov onları evindən çıxardıb. Bunu həzm edə bilməyən şəxslər əraziyə Post Potrul Xidmətinin (PPX) əməkdaşlarını cəlb ediblər. Əraziyə gələn polis əməkdaşları Tapdıq Əhmədovun ahıl şəxs olduğunu görüb, sözügedən ünvanı tərk ediblər. Bunun da faydası olmadığını görən evə zorla girməyə çalışan bir qrup şəxs əlbir olduqları sahə müvəkkilərini hadisə yerinə dəvət ediblər. Ahıl kişinin əsəbləşdiyini və əl-ayaqlarının əsdiyini görən şəxslər, hadisə yerini bir göz qırpımında tərk ediblər. Anında heç bir müdaxilə edilməməsi səbəbindən Tapdıq Əhmədov hadisə yerində dünyasını dəyişib. Hadisənin tam təfərrüatlarını mərhumun oğlu Vəli Əhməd   "Hürriyyət"ə danışmışdı.

Redaksiyamızla əlaqə saxlayan mərhumun oğlu Vəli Əhməd Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən artıq onlara təzminat ödəniləcəyi ilə bağlı məlumat verilib.

 

YƏHYA