"Bilirsiniz, o, bizə necə qan uddurub?" - Lənkəranda RƏSİLƏ XOFU...

2022-07-20 12:06:00

9-cu sinif şagirdinin Lənkəran rayonu icra hakiminin müavini Rasilə Akifqızı tərəfindən döyülməsi faktı, eyni zamanda, hadisənin baş verdiyi zaman orda olan V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın hərəkətsizliyi ilə bağlı rayonda monitorinq keçirilib.

Monitorinqdə DİN yanında İctimai Şuranın üzvü, “Təmiz dünya” təşkilatının rəhbəri Mehriban Zeynalova, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə iştirak edib.

Hurriyyet.az cebhe.info-ya istinadla monitorinq üzvlərinin 19 iyul 2022-ci il tarixində Lənkəran şəhərində gəldikləri qənaəti təqdim edir.

Mehiban Zeynalova gördüklərini belə ümumiləşdirib:

“Lənkaran səfərindən müşahidəm və nəticəm bir sozlə ifadə edilə bilər- kütləvi qorxu... Bir qadın niyə bu qədər qəddar və hikkəli olmalıdır ki?! Baş vermiş hadisə danışılanların yanında sadəcə cüzi bir epizoddur”.

Günel Səfərova bildirib ki, həm məktəbin direktoru, həm də zorakılığa məruz qalan şagirdin anası və uşağın özü ilə görüşmə imkanı əldə edilb:

“Monitorinq zamanı əsas iş prinsipimiz uşaq rifahının təmin edilməsi, uşaq hüquqlarının müdafiəsi və baş vermiş hadisəyə obyektiv, ədalətli hüquqi qiymətin verilməsinə təşviqlə yanaşı hadisə ilə bağlı gələcəkdə uşağın təhlükəsizliyini təmin edilməsi olub. Məktəb direktorunun uzun müddət fəaliyyətində müsbət keyfiyyətləri nəzərə almağımızla yanaşı, baş verən hadisədə uşağın qorunmasına, onun təhlükəsizliyinin təmin edilməsinə təəssüf olsun ki, əməl etməyib. Nəzərinizə çatdırmaq istərdim ki, İctimai Şuranın heç bir inzibati qərar vermə səlahiyyəti yoxdur. Lakin əminəm ki, Təhsil Nazirliyi tərəfindən ədalətli qərar veriləcəkdir.

Eyni zamanda, baş vermiş hadisə ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi açılıb və araşdırma davam edir. Həm Baş Prokurorluğun əməkdaşları, həm də Lənkəran rayon prokurorluğunun əməkdaşları ilə danışıqlardan ədalətli qərarın veriləcəyinə ümid edirəm. Təəssüf edirəm ki, hadisəni törətməkdə ittiham edilən Lənkəran rayon icra hakiminin müavini ilə bağlı kifayət qədər neqativ hallar haqqında məlumatlar da aldıq. Regionda vəziyyəti təhlil etməyə kifayət qədər zamanımız olmasa da, vətəndaş cəmiyyəti nümayəndəsi kimi şəxsi fikirlərimi daha sonra paylaşacağam.

Öz adımdan uşaq müdafiə məsələsində göstərdiyiniz həssaslığa və ictimai dəstəyə görə təşəkkür edirəm”.

Kəmalə Ağazadə Lənkəran araşdırmasını belə ümumiləşdirib:

“İstintaq sözünü deyəcək. İnsanların Rasilə xofu elə həddədir ki, bir müddət psixoloji yardımlar göstərilsə bəlkə sakitləşərlər... Neçə-neçə insanla görüşdük, ağlayaraq danışanlar, qəzəblənərək "Bilirsiniz, o, bizə necə qan uddurub?" deyib başını aşağı salanlar...

"Axı niyə şikayət etməmisiniz?" dediyimizdə isə "Etmişik, amma baxan olmayıb" cavabını aldıq... İnanıram! Ola bilər! Əgər polis rəisinin müavini nə məişət zorakılığı, nə də erkən nikah faktının olduğunu deyirsə, niyə şikayət edənin şikayətinə baxılsın ki?

Erkən nikahın razılıq qiyməti 2500-4000 manat arası... Deyilənə görə, məsələ Rəsilənin kabinetindəcə həll olunurmuş. Mən də polisi qınayıram ki, necə yəni fakt yoxdur? Fakt olub, polis də bilib, sadəcə Rəsilənin metodları ilə həll olunub.

Dünən Lənkəran toy-bayram edib. Votsap yazılarında gül-çiçəklər, təbrik mesajları bir düjün, qurbanlar kəsilib. 15 yaşlı azyaşlı ilə reabilitasiya işinə başlayırıq”.

Xatırladaq ki, icra başçısının müavini artıq vəzifədən azad edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063452