Bıçaqlı hücuma məruz qalan jurnalistlə bağlı YENİ AÇIQLAMA

2022-05-09 13:38:00

Bıçaqlı hücuma məruz qalan jurnalistlə bağlı YENİ AÇIQLAMA

Mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub.

Bu barədə MEDİA-dan məlumat verilib.

Telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.

Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.

Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Zəng-Mərkəzinə müraciət edilib.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya