Saat:15:07
Haqqımızda

Biabırçı dissertasiya və ona verilən rəylər... - YANOŞ MƏHƏRRƏMOV YAZIR

2022-11-16 22:18:00

Biabırçı dissertasiya və ona verilən rəylər... - YANOŞ MƏHƏRRƏMOV YAZIR

Avtoreferata verilən ilkin rəylərlə bağlı faktlar Dissertasiya Şurasının diqqətinə çatdırılır...

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Astrofizika və   ulduz astronomiyası ixtisası üzrə dissertasiya müdafiə etmiş, fizika üzrə fəlsəfə doktoru, dosent Yanoş Mahmud oğlu Məhərrəmov tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Müəllif dissertant Zahir Ağamurad oğlu Səmədovun doktorluq dissertasiyası mövzusunda təqdim etdiyi avtoreferata verilən ilkin rəylə bağlı ŞAR-ın nəzdində yaradılmış Birdəfəlik Dissertasiya Şurasına müraciət edib. Müəllifin yazısını olduğu kimi dərc edirik:

İddiaçı Z.A.Səmədovun “A-G spektral sinifli ulduzların fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda təqdim etdiyi doktorluq dissertasiyası işinin “avtoreferatına” çox da dərinliyə getmədən vizual görünən çoxsaylı ciddi nöqsanlara obyektiv rəyimi və əsaslandırılmış yekun fikrimi aşağıdakı şəkildə bildirirəm:

1)İddiaçı mövzunun aktuallığı hissəsində köçürməyə və plagiata yol verdiyindən, cümlələrin əksəriyyəti gülünc doğuran formada bayağı və mənasız görünürlər. O, bu hissədə hamının bildiyi ümumi cümlələri müxtəlif frazalarla təkrarlamış və konkret mövzu üzrə aktuallığın nədən ibarət olduğunu göstərə bilməmişdir. İddiaçının bütün avtoreferat boyunca yazdığı cümlələrin əksəriyyəti çox pis yazı stilində olmaqla qeyri-müəyyən struktura malikdir. Mübtədası cəmdə olan cümlələrin xəbəri təkdə və əksinədir. Cümlələrin əksəriyyəti qeyri-müəyyən zaman formasındadır.

Rəyçinin iradı: İddiaçı bu avtoreferatı və ona uyğun dissertasiya işini yenidən işləməklə qurduğu cümlələri qaydaya salmalı, gülünc doğuran bayağı sözləri mətndən çıxarmalı və əksəriyyəti qeyri-müəyyən zaman formasında işlənmiş cümlələri düzəltməlidir.

Nümunə üçün qeyd edirəm: Avtoreferatın 3-cü, 4-cü, 53-cü səhifələrində iddiaçı yazıb ki... “kimyəvi elementlər və onların məhsulları ulduzların atmosferlərinə çıxarılmalı”... Bu nə yazıdır, kim çıxarır onları? Çoxsaylı nöqsanları avtoreferatın səhifələrinin üzərində aydın oxunan formada qeyd etmişəm.

2) Rəyçinin iradı: Avtoreferatda çoxsaylı mənasız, yersiz və gülünc doğuran söz və söz birləşmələrinə rast gəlinir. Onlardan bəzilərini qeyd edirəm: 3-cü səhifədə “kimyəvi elementlərin yaranması”, 5-ci səhifədə “...əvvəllər alınmış nəticələrdən keyfiyyətcə fərqlənən dəqiq nəticələr...”, 6-cı səhifədə “...problemin həllini təmin etmək...”, 7-ci səhifədə “... bu dövriyyəli reaksiyalar...”, 13-cü səhifədə müəllif şəxsi tövhə yazmaq əvəzinə həmin hissədə “məsələnin qoyuluşunun, hesablamaların, interpretasiya və nəticələrin alınmasının, təhlilinin və həmçinin müşahidə materiallarının alınmasının iddiaçıya aid olması”nı yazması və bununla da “doktorluq iddiaçısının” hələ şəxsi tövhənin nə olduğunu bilmədiyinin aşkarlanması, 14-cü səhifədə iddiaçının öz dissertasiyasının 1-ci fəslində spektroqraf cihazlarını tədqiq etməsini yazması, 15-ci səhifədə istifadə edilmədiyi halda İRAF və MİDAS-dan bəhs edilməsi və daha sonra DECH proqram paketlərinin İRAF və MİDAS-dan üstün olmasını uydurması, avtoreferatın bir çox səhifələrində köhnə klassik Kuruç modelinin ifrat dərəcədə şişirdilərək ən müasir model adlandırılması (halbuki Kuruçun özü, özünün yaratdığı sözügedən modelə şübhə etdiyini etiraf edib), avtoreferatın bəzi səhifələrində “ulduz ulduz” sözlərini yanaşı işlədib pis təəsürat nümayiş etdirməsi, ulduzların spektral siniflərinin effektiv temperaturlardan asılılıq diaqramı kimi heç bir elmi yeniliyi ifadə etməyən və həm də gülünc doğuran belə nöqtələr çoxluğundan ibarət qrafikləri qurub onu ilk dəfə olan elmi yenilik kimi təqdim etməsi, avtoreferatda çoxsaylı cümlələrin ortasında fiziki parametrləri hər dəfə yersiz olaraq yazmaqla ifadə etdiyi mənanı qəlizləşdirməsi, avtoreferatın bəzi səhifələrində (səh.53) ifratnəhəng sözünü ayrı-ayrılıqda “ifrat nəhəng” kimi yazması, avtoreferatın bir çox səhifələrində eyni simvolu və ya sözü, söz birləşməsini olduqca çoxlu sayda işlətməsi, “karbon, azot, natrium kimyəvi təkamül etmiş elementlərdir” (səh.54) kimi lağ-lağı ifadə yazması və hətta həmin ifadənin müdafiəyə çıxarılan müddəalarda yazılması, hesablamaların beynəlxalq proqramlar vasitəsilə apardığını yazması (səh.59) və sayr çoxlu sayda ciddi nöqsanlar təsdiq edir ki, iddiaçının həm özü, həm də təqdim etdiyi iş “doktorluq” elmi dərəcəsinə layiq deyil.

3) Rəyçinin iradı: Avtoreferatda orfoqrafik səhvlərin sayı 72-dən çoxdur. Müəllifin avtoreferatında ulduzların effektiv temperaturu gah “Teff”, gah “Tef”, gah da “Teff” kimi yazılıb. Başqaları tərəfindən əldə edilmiş formullar, düsturlar, qaydalar (hətta modellər də) avtoreferatda istinadsız yazılmaqla iddiaçının nailiyyətləri kimi təqdim olunub ki, bu yolverilməzdir. Odur ki, avtoreferatda çoxlu sayda təkrarçılıq, köçürmə və plagiat vardır. Cümlələrin əksəriyyəti qeyri-müəyyən zamanda və həm də icmal stilindədir. Bu da ondan irəli gəlir ki, başqalarından köçürmə zamanı hazır tərcümə proqramlarından istifadə edilmiş, lakin sonradan cümlələrə yaxşı düzəliş verilməmişdir.           

4) Rəyçinin iradı: İddiaçı avtoreferatda qeyri-elmi sözlərdən və hətta gülünc xarakterli ifadələrdən də çoxlu sayda istifadə etmişdir.

5) İddiaçının təqdim etdiyi iş olduqca çox zəif olduğundan o, bunu ört-basdır edib diqqəti əsas məsələlərdən yayındırmaq üçün avtoreferatda (deməli dissertasiyanın özündə bu lap çoxdur) çoxlu sayda cədvəllərə və şəkillərə yer vermişdir.

Nümunə üçün qeyd edirəm: iddiaçı avtoreferatda 11 səhifədə cədvəllər, 13 səhifədə isə çoxlu şəkillər təqdim etmişdir. Halbuki bunlara lüzum yox idi, cəmi 2-3 səhifəlik cədvəl və eyni sayda da şəkilləri avtoreferatda təqdim etməklə kifayətlənmək daha münasib idi.

6) Avtoreferatda səhifə 48, 49, 50, 51-dəki şəkillər çox səliqəsizdirlər. Belə səliqəsiz şəkilləri avtoreferatın səhifələrinə çıxarmazlar. Bu biabırçılıqdır və onları avtoreferatdan silmək lazımdır.

Müdafiəyə çıxarılan müddəalar bölməsinə dair

Bu avtoreferatda cəmi 8 punktda müddəa olmayan “müddəalar” yazılmışdır. Bu bölmədə yazılmış söz və ifadələrin heç birisi əvvəla müddəa cümləsi deyil, ikincisi də müddəa deyil. Çünki burada yazılanların hamısı məlum faktlardır, köçürmə və plagiatdır. Lakin iddiaçı müddəa adlandırdığı bu punktlardakı cümlələri o qədər bərbad təqdim edib ki, köçürmə və plagiatın ünvanını bu dəfə tam açıqlamıram. Odur ki, bu avtoreferatda müddəa kimi təqdim olunmuşların hamısı köçürmə və plagiat olsa da, iddiaçı əvvəlcə gərək onları müddəa formatına salsın ki, sonra rəyçi kimi ikinci mərhələdə onların haradan köçürüldüyünü və deməli plagiat olmasını bir-bir sübut edəcəyəm.

Aşkar görünür ki, iddiaçı müddəanın nə olmasını, onun necə yazılmalı olduğunu bilmir.

Ona görə də bu dəfəki açıqlamada hələlik biabırçılıqlardan bir neçəsini qeyd edirəm:

Birinci punktda yazılıb: Ulduzların fundamental parametrlərinin təyininin model, parallaks, infraqırmızı sel üsulları dəqiq üsullardırlar.

Rəyçinin iradı:  Bu müddəa deyil və cümlənin özü də müddəa cümləsi deyil, bu öz yerində. Biabırçılıq odur ki, iddiaçının qeyd etdiyi parametrlərin təyini üçün model, parallaks və infraqırmızı sel üsulları dəqiqdir, yaxud qeyri dəqiqdir – bunun dissertasiyanın mövzusuna nə aidiyyəti var? “Dissertasiya” işinin mövzusu, məqsədi, predmeti hansısa üsulun dəqiq olub-olmamasını araşdırıb müəyyən etmək deyil axı...? Özü də belə biabırçılıq birbaşa “müdafiəyə təqdim olunan müddəalarda” yazılıb...???

Namiq Cəlilov, “professor” Nəriman İsmayılov, Ədalət Ətayi - belə rüsvayçılığa “hə” deyib həmin avtoreferatı imzalayıb möhürləyəndə utanmadınız heç...? İddiaçı Zahir Səmədov fakt görünür ki, heç cümlələrinin baş-ayağını bir yerə yığa bilməyib, nə yazdığını anlamır. Bəs sizə nə olmuşdu? Yoxsa sizlər də ona taysınız bəlkə? Elminiz budurmu? Şamaxı Astrofizika Rəsədxanasında astroiqlim deyəndə bu biabırçılıqları nəzərdə tutursunuz? 

ƏLAVƏ İZAHAT: Üsulun dəqiqliyini müəyyən etmək üçün gərək iddiaçının özü də hər hansı bir alternativ model və ya başqa bir üsul yaradıb təqdim edəydi, onun üstünlüklərini əsaslandıraydı və başqa mövcud üsullarla müqayisə edəydi - əlbəttə əgər dissertasiyanın mövzusu bunu tələb edirsə. Amma bu “dissertasiya” işinin adı “A-G spektral sinifli ulduzların fundamental parametrləri və kimyəvi tərkibinin təyini”dir. Amma iddiaçı həmin gülünc cümləsini müdafiəyə çıxarılan 1-ci müddəa adlandırıb əslində bəyan edir ki, “Ay Kuruç, ay bu modelləri icad edən digər filankəslər - halaldı sizlərə, yaratdığınız modellərdən xoşum gəldi, düzgün nəticələr verir və ona görə də sizin icad etdiyiniz bu modelləri dəqiq hesab edib müddəa kimi müdafiə edirəm”...???

İkinci punktda yazılıb: “təyin olunmuş fundamental parametrlər əsasən baxılan ulduzların spektral və işıqlıq sinfinə uyğundur”.

Rəyçinin iradı:  Əvvəla bu müddəa cümləsi deyil və yeni müddəa da deyil. Hansı fundamental parametrlər? Qeyri müəyyən yazılıb. Yaxşı söhbət hansı ulduzlardan gedir? Bu da konkret göstərilmir. Bəs mətndə yazmışdın ki, ulduzların hansısa birinin işıqlıq sinfi II yox, IV və yaxud V olmalıdır...? Görürsüzmü ziddiyyəti?

Üçüncü punktda yazılıb: “proqram ulduzların atmosfer modelləri hesablanmışdır” – bu müddəa deyil, biabırçılıqdır. Əvvəla müddəada ulduzların adları konkret göstərilməliydi, digər tərəfdən bu müddəa cümləsi deyil. O cümlədən hansısa naməlum ulduzların atmosfer modellərinin hesablanmasının özü də müddəa deyil.

Digər 4-8-ci punktlarda yazılanların hamısı eyni dərəcədə bərbad vəziyyətdədir.

Yenə nümunə göstərirəm: Müddəa kimi təqdim olunanların 6-cı punktunda deyilir ki, “ulduzların təkamülünün sakit mərhələsində metalların miqdarında dəyişkənlik olmur”. Amma 7-ci punktda deyilir ki, “A,F,G spektral sinifli ifratnəhəng ulduzların atmosferlərində təkamül prosesində yüngül elementlərin miqdarında dəyişkənlik olur”. Bir-biri ilə ziddiyyəti görmürsünüzmü? – birində yazır ki, metalların miqdarında dəyişkənlik olur, digərində isə “metallar” sözünü “yüngül elementlər” sözü ilə əvəzləyib yazır ki, onların miqdarında dəyişkənlik olur...? Kimyəvi tərkib məsələsində Hidrogen və Heliumdan başqa, qalan elementlər metallar adlandırılır, istəyirsən onların adını metallar yaz, istəyirsən yüngül elementlər yaz eyni şeydi... Hələ 7-ci punktda kimyəvi elementin təkamülü sözlərini çox da açıqlayıb demirəm.

Göründüyü kimi yazılanların heç birisi həm müddəa formatında yazılmayıb, həm də yeni elmi nəticə deyildir. Səhvlər, nöqsanlar, ciddi qüsurlar o qədər çoxdur ki, hamısını bu rəydə yerləşdirəndə qarışıqlıq alınır. Buna görə də müdafiəyə çıxarılan müddəalar bölməsi yenidən yazılmalıdır.

Odur ki, tövsiyyə edirəm iddiaçı müddəanın nə olmasını, onun necə ifadə edilməsini və bir sözlə müddəanın tərifini öyrənməlidir.

Elmi yenilik bölməsinə dair

Elmi yenilik bölməsində 1-ci punkt (o cümlədən 6-cı punkt) dəqiq və korrekt yazılsaydı, yəni məşhur lətifədə deyildiyi kimi “ya bundadı ya onda” kimi yazılmasaydı, onu elmi yeniliyə uyğunlaşdırmaq olardı. Yəni HR8718 ulduzu IV və ya V işıqlıq sinfinə aiddir cümləsi nə deməkdir?  Ya IV-dür, ya da V – yazılması elmi yenilik ola bilməz.

2-ci punktda “bir neçə ulduzların fundamental parametrləri ilk dəfə olaraq təyin edilmişdir”  yazılıb.

RƏYÇİNİN İRADI: 2-ci punktdakı yazı biabırçılıqdır. Əvvəla ulduzun fundamental parametrini təyin etmək elmi yenilik deyil. İkincisidə ki, hansı ulduzların, bu qeyri-müəyyəndir...? Hansı fundamental parametrlər, bu da qeyri müəyyəndir? Elmi yenilikdə yazılan ifadə aydın və dəqiq olmalıdır. Qeyri-müəyyənlik olmamalıdır.

3-cü punktda yazılıb: İlk dəfə olaraq bütün işıqlıq sinifli ulduzlar üçün “effektiv temperatur-spektral sinif” asılılıq qrafikləri qurulmuşdur.

RƏYÇİNİN İRADI: Əvvəla bütün ulduzlar üçün həmin qrafikin qurulması ağ yalandır, iddiaçının tədqiq etdiyi ulduzlar üçün ola bilər. Amma ən əsası odur ki, ulduzun effektiv temperaturu onun spektral sinfinin göstəricisidir.

Ona görə də Avtoreferatda 38-ci səhifədəki Şəkil 5-i silib atmaq lazımdır, çünki o heç bir elmi yeniliyi ifadə etmir. Məlumdur ki, Hersşprunq-Ressel diaqramında ulduzların spektral sinifləri ilə, effektiv temperaturları eyni oxda (absis oxunda) təsvir olunub. Odur ki, bu kəmiyyətlərin özlərinin bir-birindən asılılığından danışmaq gülünc doğurur. O spektral sinifli ulduzlar ən yüksək temperaturlu, sonra temperaturun azalması istiqamətində B sinifli ulduzlar, daha sonra A, F, G, K, M spektral sinifləri gəlir. Bu astrofizikada uşaq əlifbasıdır, elmi yenilik deyil. Odur ki, bu kəmiyyətlərin bir-birindən asılılığını dilə gətirmək o deməkdir ki, iddiaçının ümumiyyətlə astrofizikadan xəbəri yoxdur. Özünüzü hamıya güldürməyin!!!... 

4-cü punktda yazılıb: “proqram ulduzların atmosfer modelləri hesablanmışdır”

RƏYÇİNİN İRADI: Bu elmi yenilik deyil. Müddəa bölməsində 3-cü punktda yazılanın təkrarı yazılmışdır. Bu biabırçılığa yuxarıda müddəa bölməsində cavab yazılıb.

5-ci və 7-ci punktlarda yazılanlar da məlum faktlardır – hamısı plagiatdır.

8-ci punktda mülahizə elmi yenilik adlandırılıb. Lakin mülahizə elmi yenilik ola bilməz.

Yuxarıda qeyd etdiyim kimi 6-cı punktda yazılanlar həm elmi yenilik formatında, həm də dəqiq və korrekt yazılsaydı bunu da elmi yeniliyə uyğunlaşdırmaq olardı. Yəni bu punktda “A,F,G spektral sinifli ulduzların metallığı məsələsinə yenidən baxılmış və metallıq əhəmiyyətli qədər dəqiqləşdirilmişdir” ifadəsi kimi qeyri-müəyyən və gülməli üslubda yox – iddiaçı konkret tədqiq etdiyi ulduzların adlarını çəkməklə və metallıqda dəqiqləşdirməni də elmi yenilik bölməsində korrekt qaydada göstərsəydi bunu da müsbət qəbul etmək olardı. Burada gülməli üslub “əhəmiyyətli qədər dəqiqləşdirmə” sözüdür. Bunun tərcümə proqramları vasitəsilə xarici-dildən köçürmə olması aydın görünür.

Halbuki, o “daha da dəqiqləşdirilmişdir” və ya “kifayət qədər dəqiqləşdirilmişdir” sözləri ilə əvəzlənə bilərdi. 

ƏSAS  NƏTİCƏLƏR  BÖLMƏSİNƏ  DAİR

1-ci punktda yazılanlar elmi yenilik bölməsində qeyd etdiyim kimi korrekt yazılsaydı yeni elmi nəticəyə oxşayardı. Amma yazılıb ki, HR8718 ulduzu IV-V işıqlıq sinfinə aid edilməlidir. Həmin ulduz eyni zamanda hər iki işıqlıq sinfinə aid edilə bilməz axı. Ya IV olmalıdır, ya da  V.

2-ci və 3-cü punktlarda yazılan biabırçılıqlar, elmi yenilik bölməsində yazılanların eyni  təkrarıdır. Həmin hissədə bunlara cavab yazmışam.

4-cü punktda yazılanlar, müddəalar bölməsinin 5-ci punktunda yazılanların nisbətən fərqli cümlələrlə ifadə edilmiş eyni təkrarıdır. Bildirirəm ki, bu punktda yazılanlar adi məlum faktlardır, yeni nəticə deyil. Yəni atmosferi sıx olan ulduzlarda mikroturbulent hərəkət sürətinin az olması əvvəldən elmi ədəbiyyatlarda məlumdur. Bu köçürmə və plagiatdır.

5-ci, 6-cı punktlarda yazılanlar astrofizikada adi elementar bilgilərdir, heç birisi iddiaçı tərəfindən müəyyən edilmiş nəticə deyildir.

7-ci punktda yazılanlar köçürmə və plagiatdır.  

Beləliklə, bu “dissertasiya” işinin imzalanmış və möhürlənmiş avtoreferatının Azərbaycanca olan variantını oxuyanda dəhşətə gəldik. Bir çox plagiat və köçürmələrin ünvanını təqdim etməyi növbəti mərhələyə saxladıq. Odur ki, bu “dissertasiya” işinin 18.11.2022-ci il tarixli müdafiəsi ləğv edilməli, iddiaçı yuxarıda qeyd etdiyim biabırçılıqların hamısını düzəltməli və yeni variantı təqdim etməlidir. Sonra avtoreferatın yeni variantında iddiaçının “elmi yeniliklər” və “yeni nəticələr” kimi təqdim etdiklərinin plagiat olması tərəfimizdən sübut ediləcəkdir.

“Dissertasiya”nın avtoreferatındakı çoxlu sayda orfoqrafik səhvlər bir cür biabırşılıqdır, işin özünün isə başdan-ayağa köçürmə və plagiatdan ibarət olması isə başqa cürə dəhşətdir. Nümunə üçün həmin işin avtoreferatının necə rüsvayçılıq və biabırçılıq vəziyyətində olmasını əyani görüntüsünü – yəni onun kserosurətini Sizə göndəririk.

Bildirirəm ki, əksəriyyəti qeyri-ixtisasçılardan təşkil olunmaqla BED 3.05 Dissertasiya Şurasının yaradılması məhz bu cürə biabırçılığın təsdiq edilməsi üçün nəzərdə tutulub. Odur ki, hesab edirəm ŞAR-ın direktoru Namiq Sərdar oğlu Cəlilovun təqdimatı əsasında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılmış BED 3.05 Dissertasiya Şurasının fəaliyyətinə xitam verilməklə ləğv olunmalıdır.

Fakt görünür ki, Namiq Cəlilov, Ədalət Ətayi və Nəriman İsmayılov kimi şəxslər, o cümlədən digər “rəyçilər” və “opponent”lər yuxarıda sübutlarla qeyd etdiyim biabırçılığa müsbət rəy vermişlər və onu təsdiq olunması üçün müdafiəyə buraxmışlar. Surətini Sizə göndərdiyim belə rüsvayedici “avtoreferat” 13 oktyabr 2022-ci il tarixdə iddiaçı tərəfindən hər yerə - Azərbaycandakı və MDB məkanındakı bütün kitabxanalara göndərilmişdir. Bu aşkar göstərir ki, Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyi şəxsi münasibətlər zəminində xaricdən və daxildən olan bəzi dost-tanışları ilə qruplaşma yaradıb onları savadlı və yüksəkixtisaslı opponentlər kimi təqdim edərək korrupsiya hüquqpozmaları ilə məşğul olurlar.

Odur ki, köhnə dost-tanışlardan olan “opponentlər” və yeni “rəyçilər” (İ.İ.Romanyuk, S.M.Andrievskiy, İ.İ.Andronov, A.Y.Tarasov və başqaları) düzəldib, belə rüsvayedici “avtoreferata” və “dissertasiya işinə” şəxsi münasibətlər zəminində həmin fırıldaqçılara “müsbət rəylər” yazdırmaqla problem həll edilə bilməz.

Əlavə olaraq qeyd edirəm ki, iddiaçı Z.A.Səmədovun bu “dissertasiya” işinin ilkin müzakirəsi 15 aprel 2021-ci il tarixdə Bakı Dövlət Universitetində keçirilmişdir. Həmin vaxtdan bəri 1 il 7 ay vaxt keçib. Halbuki, bu məsələ ilkin müzakirə seminarından başlayaraq ən geci 1 il müddətinə həll olunub başa çatmalıydı. Deməli bu sözügedən müdafiə ilə bağlı artıq ciddi prosedur pozuntusu da baş verməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”-nin 3.2-ci bəndində deyilir: Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:

3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;

3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;

3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir.

Hazırki rüsvayçı və biabırçı “dissertasiya işi” və onun “avtoreferatı” yuxarıda Əsasnamədə göstərilən tələblərdən heç birinə cavab vermir. Belə ki, bu “dissertasiya” yeni elmi problemin həllini təmin etmir, burada astronomiya elminin inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməmiş və işlənib hazırlanmamışdır və o cümlədən elmi-texniki tərəqqini sürətləndirməyə töhvə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”-nin 4.13-cü bəndində deyilir:  Bu Əsasnamənin 4.11-ci və 4.12-ci bəndlərinin tələbləri pozulduğu halda dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrlərinə və üzvlərinə, elmi rəhbərlərə (elmi məsləhətçilərə), rəsmi opponentlərə Komissiya bu barədə rəsmi xəbərdarlıq edir.

Bildirirəm ki, biz bu Əsasnamənin 4.11-ci və 4.12-ci bəndlərinin tələblərinin kobud şəkildə pozulduğunu aşkar etdik və bununla bağlı Ali Attestasiya Komissiyasına əvvəllər rəsmi ərizələr göndərdik, indi də göndərirəm. Lakin həmin Əsasnamənin 4.13-cü bəndində göstərildiyi kimi Ali Attestasiya Komissiyası tərəfindən belə qanunsuz əməllərlə məşğul olanlara hər hansı rəsmi xəbərdarlıq verilməsi görünmür.

Bu rəyimi və ciddi əsaslandırılmış izahatımı yekunlaşdıraraq bildirirəm ki, iddiaçı f-r.e.n., dosent, Z.A.Səmədovun 18 noyabr 2022-ci il tarixli doktorluq dissertasiyasının müdafiəsi ləğv olunmalı və bu "avtoreferat" və ona uyğun "dissertasiya işi" yenidən yazılmalıdır. Bu rəy və avtoreferatın düzəldilmiş kserosurəti həm Azərpoçtla, həm də elektron qaydada bütün Ali Dövlət Orqanlarına (Prezident Adminstrasiyasına, Milli Məclisə, Nazirlər Kabinetinə, Elm və Təhsil Nazirliyinə, və Ali Attestasiya Komissiyasına), o cümlədən yalnız elektron qaydada olmaqla N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bütün kollektivinə, opponentlərə, rəyçilərə, keçmiş AMEA FRTEB-nin əməkdaşlarına, Bakı Dövlət Universitetində Fizika Fakultəsinin bütün elmi əməkdaşlarına göndərilib. Yaxın günlərdə bu həm də Sosial Şəbəkələrə verilməklə tərəfimizdən ictimailəşdiriləcəkdir. Belə biabırçı avtoreferat və dissertasiya müdafiəsi, belə Dissertasiya Şurası olmaz!

Əgər o yenidən düzəldilib müdafiəyə təqdim edilsə, avtoreferatda çoxsaylı plagiat və köçürmələrin dəqiq ünvanları göstərilməklə tərəfimizdən təqdim ediləcəkdir. Bir daha vurğulayırıq ki, iddiaçı Z.A.Səmədov - çoxsaylı plagiata və köçürməyə yol verdiyinə görə, başqalarının məlum həlledici nəticələrini (formullar, düsturlar və sayr nəticələr) söz və ifadələri dəyişməklə mənimsədiyinə və onları çox pis stildə tərcümə edib gülünc formada müdafiəyə çıxarılan müddəaya daxil etdiyinə görə, dissertasiyanın mövzusuna, məqsədinə və predmetinə aidiyyəti olmayan fikirləri müddəa bölməsində yazdığına görə, mülahizəni elmi yenilik hesab edib həmin bölmədə yazdığına görə, absurd fikirləri elmi yenilik hesab etdiyinə görə, “Əsas Nəticələr” bölməsində plagiat və köçürmələr, çoxlu sayda qeyri-müəyyən ifadələr və həm də adi məlum faktlar yazdığına görə və sayr - deməli bu iddiaçı elmi yeniliyin aşkarlanması və təqdim olunması baxımından astrofizika elmindən çox uzaqdadır. Əlbəttə ki, hamının bildiyi məlum elmi faktları əzbərləyib onu Universitetlərdə seminarlarda, mühazirələrdə tələbələrə danışmaq böyük dahilik demək deyildir.  Rüsvayedici faktlar göz qabağındadır...

Hesab edirəm ki, əgər Bakı Dövlət Universitetinin Fizika fakultəsinin uzun illərdən bəri müəllimi olan fizika-riyaziyyat elmlər namizədi, dosent, hazırda isə doktorluq iddiaçısı Zahir Ağamurad oğlu Səmədov astrofizika ixtisası üzrə gələcəkdə yeni elmi nəticələr əldə edərsə, həmçinin hazırki “doktorluq” işi üzrə elmi yenilik bölməsində 1-ci və 6-cı punktlarda yazdıqlarını qaydaya sala bilərsə, eyni zamanda qalan köçürmə və plagiatları, o cümlədən çoxsaylı gülünc və absurd cümlələri bütün mətndən silərsə və bunlar doktorluq dissertasiyası üçün kifayət etməklə qənaətbəxş hesab olunarsa, onda onu gələcəkdə doktorluq müdafiəsinə təqdim edə bilər.

Yanoş MƏHƏRRƏMOV,

Fizika üzrə fəlsəfə doktoru, dosent

Qoşma: İddiaçının təqdim etdiyi avtoreferatın tam kserosurəti.  

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR