"Bəzi universitetlər kəndirli "papka", notarial təsdiqlər tələb edir" - Ekspertdən etiraz (Yenilənib)
"Bakı Mühəndislik Universietində qeydiyyat tam onlayn qaydada aparılır. Qeydiyyat zamanı tələbələrin universitetə gəlməsi və hər hansı sənəd təqdim etməsi tələb edilmir. Bununla bağlı hansısa fakt da mövcud deyil..."
Bu fikirləri "azpolitik.info"-ya açıqlamasında Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
O, qeyd edib ki, yalnız dərslər başlayandan sonra attestatın əsli, şəxsiyyət vəsiqəsinin surəti, rəsmi sənədlər üçün çəkilmiş 3x4 ölçüdə rəngli fotoşəkil (2 ədəd) istənilir ki, bu da şəxsi iş üçündür.
"Bu isə təkcə BMU-da deyil, bütün universitetlərdə tələb edilir. Vurğuladığım bu da yalnız dərs başlayandan sonra istənilir, qeydiyyat vaxtı yox. Qeydiyyatla bağlı müvafiq elan universitetin saytında yerləşdirilib və orada da açıq-aydın qeyd olunanlar vurğulanıb" - deyə, E. Babayev əlavə edib.
***
"Bəzi universitetlər qeydiyyat üçün kəndirli "papka", notarial təsdiqlər, DİM -dən arayış, yaşayış yerindən arayış, qonşudan arayış və s. tələb edir. Elm və Təhsil Nazirliyi (ETN) isə bildirir ki, tələbələrin universitetlərə qeydiyyatı üçün heç bir səbnəd tələb olunmur. Bu dərəcədə olacağını gözləmirdim. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ETN bir neçə ay öncədən elan ediblər ki, universitetlərə qəbul olunanlardan kağız sənədlər toplanmayacaq, paralel qeydiyyatlar olmayacaq, qeydiyyat yalnız portal.edu.az üzərindən olacaq".
"AzPolitika" xəbər verir ki, bunu sosial şəbəkədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
O qeyd edib ki, ETN-dən tələbənin sistemə daxil olanda özünün bütün sənədlərini (attestat, yaşayış yeri, DİM məlumatları, hərbi çağırışla bağlı məlumatlar, güzəşt hüququ verən sənədlər və s.) sistemdə görəcəyivə onları sadəcə təsdiqləyəcəyi bildirilib: "Bir daha təkrar edirik ki, tələbə heç bir sənədi sistemə yükləmir.
Və ETN universitetlərə də bu sənədlərə giriş imkanı yaradıb. Yəni Universitetə tələbənin attestatı lazımdırsa, universitet öz giriş məlumatları ilə ETN sisteminə daxil olub onu görə bilir, bu məlumatların hamısını özünə çəkə bilir və s. Bundan artıq nə olmalıydı? Yəni əsl rəqəmsal hökumət komponentləri bu qeydiyyat prosesində qurulub".
O.Gündüz qeyd edib ki, qurumlar gecə-gündüz çalışıb rəqəmsal bir platforma qurublar və bir də usanmadan deyirəm ki qeydiyyat üçün heç bur sənəd istəmirlər: "Yeri gəlmişkən, ETN və İRİA-ya, inteqrasiya olunan bütün qurumlara bu cür effektiv və mükəmməl sistem üçün "Halal olsun" demək doğru olardı.
İndi görək real vəziyyət necədir? Ötən gündən başlayaraq biz bu prosesi monitorinq edirik. Monitorinqin bəzi nəticələri çox düşündürücüdür və çox təəssüf doğurur.
Universitetlərin elanlarından görünür ki, yenə də portal.edu.az-dan kənar, paralel qeydiyyat aparanlar, kağız sənədlər tələb edənlər var:
1. BDU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir
2. AzTU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir
3. BMU - özü üçün kağız formada əlavə sənədlər tələb edir
4. GDU - özü üçün "Kəndirli qovluq" və digər çoxsalı sənədlər istəyir, Köhnə Yevlax avtovağzalının yanında
5. ATU - əlavə çoxsaylı kağız sənədlər tələb olunur
6. ADPU - əlavə kağız sənədlər tələb olunur
Ümid edirəm ETN və İRİA da bunlardan xəbərdardır. Güman ki, hökumət fərqindədir, dövlətin ayırdığı bu qədər resurslar "Kəndirli qovluq" dövrünə qayıtmaq üçün nəzərdə tutulmayıb.
Anlamıram ki, bu tip absurd və qanunazidd, tələbələrdə və valideynlərdə çaşqınlıq və narazılıq yaradan, hökumətin apardığı siyasətə sayğısızlıq nümayiş etdirən bu tip elanlarla universitetlər nə demək istəyirlər?
İnanıram ki, ETN, Agentlik tez bir zamanda universitetlərə xəbərdarlıq edəcək və bu tip elanlar hər yerdən yığışdırılacaq".