"Bəzi ölkələrin rəsmiləri sanki feyk bəyanatlar verməkdə yarışa çıxıblar" - VÜQAR BAYRAMOV

2022-09-15 13:20:00

"Münaqişənin həlli əsassız ittihamlar ilə deyil, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh müqaviləsi ilə mümkündür"

"Savaş zamanı mülki vətəndaşların təhlükəsizliyinin qorunması Azərbaycan üçün hər zaman prioritet olub. Təəssüf ki, hələ də bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistanın feyk xəbərlərinə istinad edərək Azərbaycanı ittiham etməkdə davam edirlər. İkinci Qarabağ müharibəsi zamanı nəinki təmas xəttində, hətta döyüş bölgələrindən uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərimizi raket atəşinə tutan Ermənistanı bir dəfə də olsun ittiham etməyənlər indi döyüşdə məhv edilən erməni hərbiçilərini "günahsız mülki sakinlər" kimi təqdim etməkdən belə, çəkinmirlər". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, məhz Ermənistanın raket və bombaları Vətən müharibəsində 100 mülki vətəndaşımızın həyatını itirməsinə və 416 nəfərin yaralanmasına səbəb oldu: "Yalnız Ermənistanın raket ilə Bərdə şəhərini vurması nəticəsində 1 gündə 21 vətəndaşımız həyatını itirdi. O zaman bu hadisələri əksər aparıcı xarici media qurumları işıqlandırmadı. İndi isə hətta bəzi ölkələrin rəsmiləri belə feyk bəyanatlar verməkdə sanki yarışa çıxıblar. Azərbaycan işi haqq işidir. Münaqişənin həlli isə əsassız ittihamlar ilə deyil, ölkələrin bir-birlərinin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh müqaviləsi ilə mümkündür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000212