Beynəlxalq mətbuatda psixoloji savaş və terror təşkilatı PKK – PROFESSOR ZAKİR AVŞAR YAZIR

2022-12-03 19:25:00

Beynəlxalq mətbuatda psixoloji savaş və terror təşkilatı PKK – PROFESSOR ZAKİR AVŞAR YAZIR

Psixoloji savaşlarda məqsədə çatmaq üçün saxta məlumatlara, xəbərlərə ehtiyac yoxdur. Faktları təhrif etməklə də müharibə aparıla bilər…

Türkiyəli professor Zakir Avşar terror təşkilatı PKK və onun törəmələri tərəfindən həyata keçirilən terror aktlarının beynəlxalq mətbuatda dərc olunması problemi ilə bağlı dəyərləndirmə aparıb. Hurriyyet.az həmin məqaləni oxucularına təqdim edir.

***

Müasir dünyada həqiqətə qarşı psixoloji (koqnitiv) savaşın geniş bir şəkildə tətbiq olunmağa başladığını, insanların gerçəklərlə bağlarının qoparıldığını, öz gözləri ilə gördüklərini, qulaqları ilə eşitdiklərini, bəzən isə hətta özlərinin içində olub yaşadıqları gerçəklərin belə, onlardan istənildiyi kimi qəbul etdiklərini əks etdirən mühitin yarandığını görürük.

Türkiyədə baş verən terror hadisələri dünyanın “sayğın” media orqanları tərəfindən “terror” kontekstindən çıxarılaraq və oxucunu hadisənin mahiyyətindən uzaqlaşdıracaq şəkildə ictimaiyyətə çatdırılır.

Psixoloji müharibə nədir?

Psixoloji müharibənin nə olduğunu dedikdə, qarşılaşdığımız tərif belədir: Psixoloji müharibə şübhə toxumu səpmək, ziddiyyətli hekayələr yaymaq, fikirləri qütbləşdirmək, qrupları radikallaşdırmaq və onları cəmiyyəti çaşdıracaq və ya parçalayacaq hərəkətlərə sövq etməyə çalışmaq. Sosial media və ağıllı texnologiyaların geniş istifadə olunduğu ölkələr bu cür hücumlar qarşısında daha zəif durumdadırlar. Psoxoloji savaşlarda məqsədə çatmaq üçün saxta məlumatlara, xəbərlərə ehtiyac yoxdur. Faktları təhrif etməklə də müharibə aparıla bilər.

Terror aktının “terrorizm” kontekstindən çıxarılması problemi

Beynəlxalq hüquq normalarına uyğun və özünümüdafiə çərçivəsində həyata keçirilən əməliyyatlar qarşısında terror təşkilatına yönəlik ifrat reaksiya yalnız normallığın itirilməsi ilə izah edilə bilər.

PKK və ona bağlı qrupların İstanbulda - Taksimdə həyata keçirdikləri terror aktına daxili və xarici yanaşmalar və ondan sonrakı mücadilə əməliyyatları məsələnin bir çox aspektlərdə, xüsusilə də “idrak savaşı” çərçivəsində müzakirə edilməsinin zəruriliyini ortaya qoyur. Dünyanın istənilən yerində mülki əhalinin sıx istifadə etdiyi bir ərazidə partlayan, ölüm və yaralanmalara səbəb olan bomba, törədənin kimliyindən asılı olmayaraq, ilk növbədə “terror fəaliyyəti” kimi qeyd olunur. Xəbərlərin dilində və bədii ədəbiyyatda “terror fəaliyyəti” vurğusu üstünlük təşkil edir. Daha sonra bu terror fəaliyyəti ilə bağlı tapıntılar müzakirə olunur. Bunu kimin, hansı məqsədlə etdiyi barədə ictimaiyyətə məlumat verilir. Şübhəsiz ki, buradakı xəbərlər faktlar üzərində qurulmalıdır və faktlarla bağlı məlumat və dəlillər isə təhlükəsizlik qüvvələrinin fəaliyyəti ilə ortaya çıxır və məhz onların açıqlamaları nəticəsində ictimaiyyətə çatır. Xəbərlər faktlar üzərində qurulmayıbsa, bu dəfə mütəşəkkil bir strukturun burada təsirli olmaq üçün mediadan istifadə etdiyi güman edilir.

Qərb mediası terror təşkilatı PKK-PYD-YPG üzvü olan terrorçuları DEAŞ-la mübarizə üzərindən mifləşdirib

YPG üzvü olduğu təsbit edilən terrorçuların Taksimdə həyata keçirdikləri terror fəaliyyətindən sonra PKK terror təşkilatının Suriya uzantısı haqda bəzi mühüm media orqanlarının hadisələrə yanaşmaları və faktları bilərəkdən təhrif etmək cəhdləri Türkiyənin ilk dəfə üzləşdiyi üzücü durum sayıla bilməz. Türkiyədə baş verən terror hadisələri dünyanın “sayğın” media orqanları tərəfindən ictimaiyyətə təqdim edilərək “terror” kontekstindən çıxarılıb, oxucunun diqqətini hadisənin mahiyyətindən yayındırır. Taksim hücumundan sonra “New York Times”-ın türk turizmini açıq şəkildə hədəf alan xəbərləri və “Reuters”-in dezinformasiya cəhdi dediklərimizə yeganə nümunə sayıla bilməz. Sonradan Birləşmiş Millətlər Təşkilatının 51-ci maddəsi çərçivəsində həyata keçirilən “Pəncə Qılınc” əməliyyatına yanaşmaları da, terrora məruz qalan bir ölkənin dinc əhaliyə zərər vermədən böyük ehtiyatla terrorçuların üzərinə getməsi kimi deyil, təhrif edilərək “kürdlərə yönəlmiş” əməliyyat kimi çatdırılır.

Terror təşkilatı PKK-nın beynəlxalq mətbuatda yer alması

Müxtəlif ölkələrin media qurumlarında terrorizmlə bağlı anlayışların istifadəsi xarakterinə görə bir-birindən fərqlidir. Bu kontekstdə Qərb mediasının Türkiyənin həssas olduğu nöqtələrdə aldadıcı məzmunlar tirajladığını müşahidə etmək olar. Qərb mətbuatı xəbərlərdə terror təşkilatı PKK-dan bəhs edərkən, tez-tez “partizan”, “üsyançılar”, “döyüşçülər”, “müqavimətçilər”, “kürd döyüşçüləri”, hətta “azadlıq savaşçıları” kimi ifadələr işlədirlər.

Xüsusilə terror təşkilatı YPG/PKK ilə bağlı xəbərlərdə son zamanlar Avropa və ABŞ mediasının neytrallığını itirdiyi haqda çoxsaylı nümunələr var. Qərb mediasının Türkiyəyə qarşı mövqe sərgiləməsinin mənşəyi çox uzaqlara gedib çıxır. Bu mövqenin iqtisadi, siyasi, dini və tarixi kökləri var. Beynəlxalq hüquq normalarına uyğun və özünümüdafiə çərçivəsində həyata keçirilən əməliyyatlar qarşısında terror təşkilatına yönəlik bu cür reaksiya ancaq normallığın itirilməsi ilə izah edilə bilər.

Qərb mediası bir dəfə də olsun PKK və onun Suriya uzantısı PYD-YPG-nin 10-15 yaşlı uşaqları zorla ailələrindən ayırdığını, onları orduya cəlb edib radikallaşdırdığını qeyd etməyib. Onlar PKK-nın zəbt etdiyi bölgələrdə demoqrafik quruluşu dəyişdirərək yüz minlərlə kürd və ərəbi deportasiya etdiyi və bu insanların əksəriyyətinin Türkiyədə qaçqın həyatı yaşadığı barədə məlumatları heç vaxt çatdırmayıb. Həmçinin, mülki evlərin və əkin sahələrinin terrorçular tərəfindən dağıdıldığını və fermerlərin heyvanlarının zorla müsadirə edildiyini qeyd etməyiblər. Nəticədə Qərb mediası terror təşkilatı PKK-PYD-YPG-li terrorçuları DEAŞ-la mübarizə vasitəsilə öz xəbər təqdimatlarında mifləşdiriblər.

Xatırladaq ki, Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı xarici mətbuat subyektlərinin necə davrandığına nəzər saldıqda, çevriliş cəhdini və həyatını itirən insanları arxa plana keçirən, obyektivlik və düzgün xəbərçilik prinsipləri ilə uzlaşması mümkün olmayan bir yayın siyasəti müşahidə edilirdi.

Nəticə etibarilə Türkiyəyə qarşı terror xəbərlərinin təqdimatında çoxtərəfli münasibətin olduğu, hətta məsələnin psixoloji savaş həddinə çatdırıldığı verdiyimiz nümunələrdən açıq şəkildə görünür.

Məsuliyyətli və dəqiq jurnalistika

Təbii ki, medianı radikal ssenarilər hazırlayan terrorçular yönləndirməməli, jurnalistlər “hakimiyyətin ağzı” kimi çıxış etməməli, terror hadisələrini təqdim edərkən etik dəyərlərə, xüsusilə də faktlara fikir verməli, ədəbi-bədii hadisələr diqqət mərkəzində saxlanılmalı, özəlliklə terror aktları nəticəsində mövcud demokratik sistemin zədələndiyi xəbəri ictimaiyyətə çatdırılmalıdır.

Terrorla bağlı məsuliyyətli və dəqiq məlumat vermək istisnasız olaraq bütün xəbər qurumlarından gözlənilən ən fundamental dəyərlərdəndir. Mətbuatın dərc etdiyi xəbərlərdə təhlükəli vəziyyətlərdə ictimaiyyətin özünü necə aparmalı olduğunu çatdırmaq da faydalı olardı. Buna görə də terror hadisələri ilə bağlı xəbərlərin təqdimatında mətbuatın eskalasiyaya səbəb ola biləcək, terroristlərə təsir və ya xəbər almağa imkan yarada biləcək təfərrüatların təqdimatını gecikdirməsi və ya təxirə salması; hadisənin obyektiv xəbər dəyərinə mütənasib şəkildə tam olaraq təqdim edilməsi; çox böyük təqdimatdan və reklamdan qaçaraq əsassız şayiələr və ya ölənlərin sayı barədə məlumat verməmək faydalı olardı. Əks halda, oxşar hərəkətlərə meylli olan insanları həvəsləndirəcək və ya dövlətin həll planını ortaya qoyaraq terrorçuların tədbir görməsinə şərait yaradacaq.

Jurnalistlərin danışıqların bir hissəsi və ya tərəfi olmaqdan çəkinimələri; medianın digər xəbər təşkilatları və hüquqi qurumlarla birgə öz mətbuat fondunu yaratmaq istəyi; xəbər mediasının terrorizmi yüksək riskli və müvəffəqiyyət ehtimalı az olan bir davranış kimi vurğulaması; terror hadisələrinə məhəl qoymamaqla bərabər, sorğuların qanuni əsaslarla bildirilməsinin zəruriliyi ilə bağlı ictimaiyyəti maarifləndirmək də eyni dərəcədə vacibdir.

Medianın zorakılığı estetikləşdirən və normallaşdıran yayım anlayışından imtina etməsi vacibdir. Bu tip yayım problemlərin kobud güc və fərdi qəhrəmanlıqla həll oluna biləcəyi illüziyası yaradır. Dezinformasiya və manipulyasiya xəbər dilinin yaradılması prosesində ən böyük təhlükələrdəndir. Terror xəbərlərindəki etik pozuntulara hər gün bir yenisinin əlavə olunduğunu desək, mübaliğə olmaz. Bu etik pozuntularla yanaşı, yeni media nizamı nəticəsində terrorçuların idarə etdiyi media qurumlarının mövcudluğu da yeni problemlər gətirir. Terrorla bağlı milli və beynəlxalq mətbuat təşkilatları üçün məcburi olan universal etik qaydaların yaradılmasına ehtiyac var. Bu kontekstdə geniş tərkibli seminarlar faydalı ola bilər.

Zakir AVŞAR,

Professor, Ankara Hacı Bayram Vəli Universitetinin Ünsiyyət Fakültəsinin Dekanı


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.216185