Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquq və azadlıqlarının inkişafı, təşviqi və müdafiəsi baxımından önəmi, ölkəmizdə bu istiqamətdə həyata keçirilən kompleks islahatlar barədə məlumat verib və bu gün təşkil olunmuş tədbirin əhəmiyyətindən bəhs edib.
Aparat rəhbəri Bəyannamədə təsbit olunmuş hüquq və azadlıqların bir çox dünya dövlətlərinin konstitusiyalarında, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğunu, milli qanunvericiliyin məhz bu prinsiplər əsasında formalaşdığını qeyd edib. Son illər ərzində dünyada baş verən müharibələr, soyqırımı cinayətləri, tətbiq edilən ikili standartların Bəyannamədə və digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların təmin olunmasında və müdafiəsində çətinliklər yaratdığı bildirilib.
Azərbaycanın da uzun illər münaqişədən əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən A.Səfixanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini, keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıdışının təmin olunduğunu, onların pozulmuş hüquqlarının bərpa edildiyini diqqətə çatdırıb. Hazırda regionda və dünyada sülhün təmin olunması istiqamətində dövlətimiz tərəfindən mühüm addımların atıldığı, ölkəmizin BMT-nin qətnamələrinin icrasını təmin etdiyi qeyd edilib.
BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi və Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının təşviqi və təmini istiqamətində həyata keçirilmiş tədbirlərdən danışıb, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ölkəmizdə tətbiq olunmasından bəhs ediblər.
Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciətləri dinlənilib.
Eyni zamanda, tədbirdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş xüsusi “Fibonacci” intellektual oyunu təşkil olunub.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Konstitusiya və Suverenlik medianın gözü ilə” və “Konstitusiya və Suverenlik uşaqların gözü ilə” mövzularında elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Hurriyyet.az
