Beynəlxalq Bankın Qarabağ qazisinin əmanətinə xəyanəti...

2022-06-07 23:49:00

Beynəlxalq Bankın  Qarabağ qazisinin əmanətinə xəyanəti...

Nə inzibati, nə də məhkəmə qaydasında bank dələduzluğuna hüquqi qiymət verilir

Azərbaycan Beynəlxalq Bankının Nizami filialında milli və xarici valyuta ilə hesab açanda 10 manat karthaqqı qarşılığında daxil olan vəsaitlərdən haqq tutulmayacağı bildirildi. Bir aradan sonra bank üzərinə götürdüyü öhdəliyi unutdu, daxil olan vəsaitlərdən , daha doğrusu, yardımlardan özünə yardım tutdu. Ali dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına, Mərkəzi Bankın , İqtisadiyyat Nazirliyinin rəhbərliyinə, Ombudsmana edilən müraciətlər də heç bir sonuc vermədi; ən yaxşı halda, məhkəməyə müraciət etmək hüququ diqqətə çatdırıldı.

Bakı şəhəri, Nizami rayon məhkəməsinə “Kapitalbank”ın  və Beynəlxalq Bankın Nizami filialına qarşı MPM-in 36.9 maddəsinə əsasən iddia ərizəsi verəndə öncə hakim Ülkər Yusifova 4 aydan sonra (?-M. B. ) ərizəni geri qaytarıb ki , bankların Nizami rayon filialları Nizami rayonu ərazisində fəaliyyət göstərmir. Yaxşı ki, Bakı Apellyasiya Məhkəməsi aşağı instansiyaya qanunvericiliyin tələblərinə uyğun hərəkət etməyi tapşırdı. Amma apellyasiya instansiyasının 06.08.2021-ci ildə ləğv etdiyi qərardad yenidən eyni hakimə verildi və Ülkər Yusifova bu dəfə tam gizlin fəaliyyətə başladı və hələ də nə Məhkəmə Hüquq Şurası, nə Ombudsman hakimi və işin özünü aşkara çıxara bilir. Bu günlərdə Ombudsman Aparatının cavabı ilə məlum olub ki, hakim Ülkər Yusifova cavabdehlərin vəkili rolunda çıxış edərək, “tərəflərin gəlməməsi əsası” ilə işi 2021-ci ilin noyabrında baxılmamış saxlayıb. Özbaşınalığa fikir verin, gizlincə bildiriş vermədən , özbaşına qərardad qəbul edilib guya və hələ də - 6 aydır verilməsindən belə imtina edilir! Bu da sənə inzibati və məhkəmə təminatı hüququ! (?) Necədi səninçün, qaragünlü Qarabağ qazisi?

Həm bankdakı vəsaitindən, həm də məhkəmə təminatı hüququndan yararlana bilməyən, xaricdə müalicəyə ehtiyacı olan qazinin bankdan avroda olan pulunu götürməyinə də il yarımdır qadağa qoyulub. Bankda xarici valyuta  olmaması bəhanəsilə. Vətəndaşın xarici valyuta ilə hesabına vəsait xarici valyuta ilə daxil olubsa, hətta “xarici valyuta kartı” (10 manat qarşılığında) verilibsə, niyə müştəri nə kart, nə də bankın özü vasitəsi ilə malına – puluna yiyələnə bilməsin? Bəs onda bu 10 manat karthaqqı niyə alınıb? Müştərinin, istehlakçının aldadılması elə buradan görünmürmü? Hətta avro ilə vəsait daxil olan kimi müqavilənin əksinə olaraq 0.05 faiz komissiya haqqı tutulub və hər vəsait götürəndə də əlavə haqq tutulur! (?) Belə xidmət olar? Bu, açıq -aşkar dələduzluq, əmanətə-əmlaka xəyanətdir. Təsəvvür edin, 28.12.2020-ci ildə Beynəlxalq Bankın Nizami filialındakı hesaba daxil olan avro ilə vəsait il yarımdır yiyəsinə verilmir.

May ayının 17-də Beynəlxalq Bankın Nizami filialına qarşı “istehlakçı hüquqlarının müdafiəsi və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə qaldırılan iddiadan da xəbər yoxdur. “Elektron məhkəmə” portalından ərizənin hakim Həqiqət Əhmədovada olduğu və “məhkəmədə baxılmalı olmaması” ilə bağlı geri qaytarılması barədə akt qəbul edildiyi  görünür. Amma 20 gündür məhkəmə qərardadını verməkdən imtina edir. Filmdə deyildiyi kimi , “yenə eyni dalğa, eyni koordinat”. Sadəcə hakimlərin adları dəyişib : Ülkər Yusifova Həqiqət Əhmədova ilə əvəzlənib. Hələ “qoca rüşvət hakimi” Fikrət Mirzəyevi demirik. 6 ildir iddianı necə və neçəyə itiribsə, hələ də nə Məhkəmə Hüquq Şurası, nə də Ombudsman tapa bilir. Baş prokurorluq isə bu açıq-aşkar korrupsiya faktına hüquqi qiymət verilməsini təmin etmir.

Qarabağ qazisi nə inzibati,  nə də məhkəmə qaydasında əmlakına yiyələnə bilmirsə, nə etməlidir? Baş prokuror, Ombudsman,  Ədliyyə Nazirliyi  və Məhkəmə Hüquq Şurası cavab verməyə borcludur. Belə hüquq,  belə dövlət,  belə hüquq dövləti olar?

Məğrur BƏDƏLSOY


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya