Saat:17:13
Haqqımızda

“BƏY, BAŞQA NƏ VAR, NƏ YOX?...” - İsa Qəmbərin növbəti Müsavat başqanlığı nə vəd edir?

2024-04-30 23:31:24

“BƏY, BAŞQA NƏ VAR, NƏ YOX?...” - İsa Qəmbərin növbəti Müsavat başqanlığı nə vəd edir?

Məşhur Robinzon filmində filmin qəhrəmanı adadakı tənha həyatını maraqlı etmək üçün sahildə, üzü dənizə doğru xəyali bir kinoteatr quraşdırır və bu “kinoteatr”ın ekranında yalnız dəniz görünür. Öz “kinoteatr”ına növbəti “film”ə baxmağa gələn Robinzon xəyali qonşusundan soruşur ki, film nə haqdadır? Sonra özü də məyus-məyus cavab verir - “yenə dəniz haqqında...”

İndi şanlı tarixi keçmişi olan və yeni tariximizin bir zamanlar ən böyük müxalifət partiyası sayılan Müsavat Partiyasının növbəti qurultayı öncəsi İsa Qəmbərin yenidən sədrliyə namizədliyinin verilməsi barədə xəbərlər də eyni mənzərəni xatırladır – Müsavat Partiyası yenə eyni adada eyni filmə baxır...

Azərbaycanda özünü müxalifət adlandıran siyasi düşərgənin bugünkü durumu və bunun fonunda İsa Qəmbərin yenidən Müsavat Partiyasının başına gətirilməsi perspektivinin obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də var.

Obyektiv səbəblərin başında Azərbaycandakı daxili siyasi mühitin idealdan çox uzaq, müxalif siyasi fəaliyyət üçün yumşaq desək, olduqca çətin və əlverişsiz olması durur. Həmçinin, Qarabağdakı möhtəşəm qələbədən və qüsursuz xarici siyasət nəticəsində Azərbaycanda dünyanın ən ideal, ən şəffaf seçkisi keçiriləcəyi halda belə, ölkədaxili müxalifətin indiki hakimiyyətin qarşısında heç bir ciddi şansı olmayacaq. Digər səbəblərlə yanaşı, həm də buna görə Müsavat başda olmaqla, müxalif partiyalara axın yoxdur, hamı “yerində sayır” və yeni ciddi siyasi fiqurlar demək olar, yetişmir...

Ancaq subyektiv səbəblər də var. Bu, o deməkdir ki, digər partiyalar kimi, Müsavat da ötən dövr ərzində başqa bir nisbətən gənc, enerjili, istedadlı, xarizmalı və s. lider yetişdirə bilməyib. 

 

 

 

İ.Qəmbərin yenidən partriyanın başına keçməyə razılaşması, yaxud özünün belə bir təşəbbüslə çıxış etməsi isə onun şəxsi mənəvi-psixoloji keyfiyyətlərilə yanaşı, partiyanı dirçəltmək istəyindən tutmuş yaxın aylarda keçiriləcəyi gözlənilən parlament seçkilərinə qədər bir çox səbəblərlə bağlı ola bilər. Məsələn, yeni parlamaentdə bu partiyaya da yer verilə biləcəyi barədə mülahizələr var. Bunlar yaxın perspektivə və məlum maraqlara hesablanmış məsələlərdir.

Lakin məsələnin sual doğuran digər bir tərəfi var. Hakimiyyətdə olduqları qısa dövrü bir kənara qoyaq, 2000-ci illərin əvvəllərində meydanlara on minlərlə, bəzən isə yüz minlərlə insan çıxaran müxalifətin indikindən qat-qat daha artıq media imkanları, daha böyük, savadlı, perspektivli komandası, beynəlxalq dəstəyi və s. olarkən İ.Qəmbər nəyə nail ola, həmin resurslardan nə dərəcədə doğru istifadə edə bilmişdi?

Bu sualın cavabı həmin dövrün canlı şahidlərinə çox yaxşı məlumdur...

 

 

Bəs bütün bunları və hazırkı siyasi mühiti gözə aldıqda, İ.Qəmbər partiyanın başına gəlməklə indiki məhdud imkanlar daxilində nəyəsə nail ola, nəyisə dəyişə bilərmi?

Uinston Çörçilin məşhur bir ifadəsində deyilir ki, optimist hər bir çətinlikdə imkanlar, pessimist isə hər bir imkanda çətinliklər görür. Nədənsə, İ.Qəmbərin keçmiş siyasi fəaliyyətinə və əlindəki resurslardan istifadə tarixçəsinə və bacarığına nəzər yetirdikdə o, daha çox imkanlarda çətinlik axtaran təsiri bağışlayır, nəinki çətinliklərdə imkanlar tapan...

Azərbaycandakı daxili ictimai-siyasi mühit elə durumdadır ki, ümumiyyətlə, hər hansı bir partiya barədə istənilən xəbərin mətbuatda tirajlanmasının özü belə həmin partiya üçün “böyük qənimətdir”. Çünki cəmiyyətdə daxili siyasi proseslərə maraq, həmçinin də məlum liderlərin sayəsində, olduqca aşağı səviyyədədir. Bu baxımdan gələcək parlament seçkilərilə bağlı mümkün “anlaşma variantlarını” nəzərə almasaq, İsa Qəmbərin yenidən Müsavat başqanlığına qayıdacağı barədə xəbərlər ən azından partiyanın adını müəyyən müddətə də olsa güdəmdə saxlamağa yarayacaq, başqa heç nəyə...

Yeri gəlmişkən, bu günlərdə yaxın jurnalist həmkarlarımızdan biri İ.Qəmbərə yazaraq, ondan partiya başqanlığına qayıtması ilə bağlı xəbərlərə münasibət öyrənmək istəyib. O da cavabında jurnalistə “Bəy, başqa nə var, nə yox” deyə mesaj göndərib...

 

 

Bu, özünü ciddi siyasətçi hesab edən, uzun illərdir hakimiyyəti söz azadlığını boğmaqda, mətbuata qarşı hörmətsizlikdə, cəmiyyətə qarşı saymazlıqda, yekəxanalıqda və daha nələrdə ittiham edən bir siyasət adamının jurnalistə cavabıdır...

Nə deyək, “yeni” sədr müsavatçılar üçün xeyirli-uğurlu, düşərli olsun...

Cəlal Məmmədov

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.316186