Bələdiyyələrin sayını azaltmaq çıxış yoludurmu? - Ekspert
"Bələdiyyələrin sayı qədər önəmli olan məsələ onların səlahiyyət və məsuliyyəti məsələsidir".
Hurriyyet.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisin deputatı Siyavuş Novruzovun bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsinin hazırlanacağı barədə sözlərini şərh edərkən deyib.
"Bələdiyyələrin sayının azaldılması mümkündür. Amma o şərtlə ki, bələdiyyələr daha effektiv fəaliyyətlə məşğul olsun. Bunun üçün qanunverici baza dəyişdirilməli, bələdiyyələrin səlahiyyət və məsuliyyəti artırılmalıdır. Uzun illərdir səsləndiririk ki, yerli icra strukturları ləğv edilib, yerində bələdiyyə idarə forması, böyük şəhər bələdiyyələri yaradılmalıdır", deyə Natiq Cəfərli bildirib.
Ekspert qeyd edib ki, bələdiyyə sədrləri də birbaşa seçilməlidir:
"Bununla paralel bələdiyyələrin maliyyə dayanıqlığını artırmaqdan ötrü onlara səlahiyyət və təsir mexanizmi yaratmaq üçün məsuliyyət yüklənməlidir. Bunlar baş verəcəyi təqdirdə, Azərbaycanda yerli özünüidarə institutlarının güclənməsi və effektiv fəaliyyət göstərəcəklərindən danışmaq da mümkün olacaq".
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun mətbuata verdiyi məlumata görə, Azərbaycanda bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi hazırlanacaq. Layihə çərçivəsində bələdiyyələrin sayının üçdə birə qədər azaldılması nəzərdə tutulur.
Xatırladaq ki, hazırda ölkədə 1606 bələdiyyə var. İlk dövrdə isə onların sayı 2700-ü keçirdi.
Rüfət Sultan