Saat:17:50
Haqqımızda

“Bələdiyyə sədri məni bezdirərək, intihar həddinə çatdırıb” - GÖYÇAY SAKİNİNDƏN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT

2022-12-07 13:32:00

“Bələdiyyə sədri məni bezdirərək, intihar həddinə çatdırıb” - GÖYÇAY SAKİNİNDƏN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT

Göyçay rayonu, Çərəkə kənd sakini, 1-ci qrup əlil Mustafayev Şahbuz Bəkir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şahbuz Mustafayev bildirir ki, əkib-becərdiyi torpaq sahəsini öz adıma keçirə bilmir. Onun Prezident İlham Əliyevə ünvalandığı şikayət məktubunu olduğu kimi dərc edirk:

“Hörmətli Prezident!

Mən, Göyçay rayonu, Çərəkə  kənd sakini 1958-ci il təvəllüdlü Müstafayev Şahbuz Bəkir oğlu, 1-ci qrup əliləm. Təxminən 18 il öncə yaşadığım kəndin Ucar rayonuna yaxın hissəsində ümumi sahəsi 5.80 sot sənədsiz şoran torpaq sahəsini alaraq özümün və ailəmin boğazından kəsib, olan-qalan maddi imkanlarımı sərf etməklə, münbitlik və məhsuldarlıq əldə etmək üçün həmin ərazidə əkin-biçin etdim. Nəhayət, illər ərzində çətinliklərlə də olsa, istədiyimə nail oldum.

Belə ki, torpaq istədiyim şəraitə uyğunlaşdığı zaman Çindən gətirilmiş və yerli tinglərdən ibarət gər bağı saldım. Artıq hər il kənd sakinləri arasında ən çox barama istehsalı ilə məşğul olan şəxslərdən biri də mən oldum.

Lakin Bələdiyyə sədrimiz Mehman Məcidov məkrli planlar  hazırlayaraq, istifadəmdə olan torpaq sahəsinin böyük bir həssəsini məndən alaraq, digər şəxslərə vermək və ya satmaq istəyir. Halbuki, "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı vardır. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı üçün dövlət tərəfindən şərait yaradılır. Mən isə, yuxarıda qeyd etdiyim kimi, öz növbəmdə istifadəmdə olan torpaq sahəsindən olduqca səmərəli şəkildə istifadə edirəm.

Bələdiyyə sədrinin məni zorla torpağımdan çıxarması, əzab-əziyyətlə, yoxluqdan-varlığa gətirib çatdırdığım yeri əlimdən almağa çalışması ədalət prinsipini heçə saymaq deməkdir. O, açıq-aşkar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Bu isə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən, cinayət hesab olunur. Əlbəttə, artıq kəndimizdə olan bütün torpaqlar zəbt olunub, pay verilib, satılıb. Məhz ona görə də Mehman Məcidov indi də mənim torpağıma gözünü dikib. İstər satmaq, istərsə də xeyriyyəçilik niyyəti ilə olsun, əgər Bələdiyyə sədri Mehman Məcidov ehtiyacı olan insanlara görə topraq axtarışındadırsa, özünün 3 ha məhsuldar torpağını, eyni zamanda qala divarlarla əhatə olunan 3 böyük villasını kasıb insanlar arasında bölüşdürməsi daha məqsədə uyğundur. Bu torpaq isə mənim və ailəmin yeganə maddi gəlir yeridir. Mən bu şoran torpağı əlil halımla gözəlləşdirmişəm.

Cənab Prezident!

Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsində qeyd olunduğu kimi, "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Mehman Məcidov məni bezdirərək, intihar həddinə çatdırıb.

Sizdən, haqq və hüquqları əlindən alınmaqda olan 1-ci qrup əlil kimi çox xahiş edirəm, Bələdiyyə sədri Mehman Məcidovun özbaşınalıqlarına son qoyasınız və istifadəmdə olan 5.80 ha torpaq sahəsinin mənim adıma sənədləşdirilməsinə köməklik göstərəsiniz. Sizə öz adımdan və ailəmiz adından təşəkkürümüzü bildiririk”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR