“Bələdiyyə sədri kəndin ümumi istifadəsində olan örüş sahələrini imkanlı şəxslərə satır” – UCAR SAKİNLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

2023-08-24 12:18:25

“Bələdiyyə sədri kəndin ümumi istifadəsində olan örüş sahələrini imkanlı şəxslərə satır” – UCAR SAKİNLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Ucar rayonu, Ramal kənd sakinləri Məmmədov Mənsur Məhəmmədiyyə oğlu, İbrahimli Sənan Gündüz oğlu, Məmmədov Bəxtiyar Aruz oğlu, Məmmədov Vəli Fazil oğlu, Məmmədov Aruz Şirxan oğlu, Məmmədov Əli Fazil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Ucar rayonu, Ramal kənd Bələdiyyəsinin sədri Xeyrəddin Məmmədov kəndin ümumi istifadəsində olan örüş sahələrini imkanlı şəxslərə satır:

"Bu məktubu yazaraq sizə və bu yazını oxuyan bütün səlahiyyətli şəxslərə bildirmək istəyirik ki, Ucar rayonu, Ramal kənd Bələdiyyəsinin sədri Xeyrəddin Məmmədov özbaşınalıq edərək, kəndin ümumi istifadəsində olan örüş sahələrini imkanlı şəxslərə satır. Biz isə mal-qaranı otarmağa yer tapmırıq.

Dəfələrlə Xeyrəddin Məmmədov barəsində şikayətlər etmişik. Hətta Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov kənd sakinləri ilə keçirdiyi səyyar görüş zamanı ona da Bələdiyyə sədrinin kənddə at oynatdığını, örüş torpaqlarını qanunsuz olaraq satdığını bildirmişik. Mənsur Məmmədov da öz növbəsində Bələdiyyə sədrinə örüş sahələrimizə toxunmaması üçün tapşırıq vermişdi. Buna baxmayaraq, Xeyrəddin Məmmədov davranışı ilə "Burda mənəm, Bağdadda kor xəlifə"  olduğunu demək istəyir.

Kənd sakinlər içərisində Vətən müharibəsi iştirakçıları da var. Həmin müharibə veteranları istifadə üçün ondan torpaq sahəsi istədikdə, rüşvət tələb edir. Bir sözlə, biz qətiyyətlə onun Bələdiyyə sədri olmasına narazıyıq. O, özü hektarlarla torpaqları zəbt eləyərək, əkib-becərir. Kasıb kəndlilərin əksəriyyəti isə dolana bilmədiyi üçün kəndi tərk edərək, respublikamızın başqa bölgələrində məskunlaşırlar.

Biz mətbuat vasitəsilə yazılı və videomüraciətlə ölkə başçısı cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirik. Çox xahiş edirik, Bələdiyyə sədri Xeyrəddin Məmmədovun qanunsuz əməllərinə son qoyulsun və o, layiq olduğu şəkildə cəzalandırılsın.

Məsələ ilə bağlı Ucar rayonu Ramal kənd Bələdiyyə sədri Xeyrəddin Məmmədovla əlaqə saxlamağa çalışsaqda, mümkün olmadı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138505