“Belə getsə, mal ətinin qiyməti 20-25 manata qalxacaq...“ - Şok açıqlama

2022-06-20 10:51:00

“Belə getsə, mal ətinin qiyməti 20-25 manata qalxacaq...“ - Şok açıqlama

Bugünkü qiymət artımlarının əsas səbəbi inhisarçılıqdır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, gündəlik tələbat və mövsüm məhsullarında qiymət artımı barəsində fikirlərini bölüşüb:

“Elə bir vəziyyət yaranıb ki, istehsalçının, onu əkən kəndlinin, yaxud sahibkarın məhsulunu satma imkanı yoxdur. Bəzi işbazlar məhsulu ucuz qiymətə alır, sonra da baha qiymətə satırlar. Partiya olaraq dəfələrlə bu haqda müzakirələr aparmışıq ki, nə etmək lazımdır? Nə etmək olar ki, bu vəziyyətdən çıxaq? İndi bir neçə inhisarçının əlində pomidor, xiyar və başqa digər meyvələr cəmləşib. Onlar Azərbaycan xalqına və dövlətinə qəsd edirlər.

Bəzi komitələr var, məsələn, Antiinhisar Komitəsi... Düşünürəm ki, bunun qarşısı alınmalıdır. Ötən həftə Milli Məclisdə bu məsələ müzakirə olunub. 2-3 il bundan qabaq dediklərimi indi təyin edilmiş deputatlar söyləyirlər. Amma mən belə başa düşürəm ki, bu azdır və ciddi nəzarət lazımdır”.

H. Hacıyevin sözlərinə görə, bahalaşmanın nəticəsi çox pis olacaq:

“Cənab Prezidentin özü də dedi ki, qarşıda çox ciddi ərzaq qıtlığı gözlənilir. Bəri başdan öz tədarükümüzü görməliyik. Bu, taxıl deyil ki, bunu xaricdən alaq. Əslində, taxılı əkib-becərməyə də imkanımız var.

Müəyyən işlər görülür, lakin baxın, hər rayonda nə qədər alma, xiyar, pomidor, gilas istehsal olunur? Açığı, biz də rayonlara gedirik, görürük ki, camaatın mer-meyvəsi qapısında, ya da ağacında  qalıb. Elə qiymət deyirlər ki... Alverçilər 10 qəpiyə aldıqları gilası Bakıda 2 manata satırlar. 

Bu barədə ciddi düşünməyin vaxtı çatıb. Çünki məsələni başlı-başına buraxa bilmərik ki, kim neçəyə istəyir satsın. Əlbəttə, xalq arasında da böyük narazılıq yaranır. Xalqın cibindəki pul bazardakı qiymətlərə uyğun gəlmir. Bu sahədə olan inhisarçıların çoxu cinayət məsuliyyətinə cəlb edilib həbs edilməlidir”.

“Baxın, sahibkar və kəndli malını birbaşa bazara çıxara bilmir. Alverçilər bazarın ağzında bir-birini qırırlar. Gedin, səhər 6-da“Vosmoy”un bazarına baxın, görün, nə hoqqalardan çıxırlar. Bunların hamısının nəzarə alınması ilə bağlı ciddi şəkildə hər hansı bir komitə yaradılmalıdır. Bunu başlı-başına buraxsaq, bu gün bazarda kilosu 15 manata olan qoyun əti, yaxud 12 manata olan mal ətinin qiyməti sabah 20-25 manata qalxacaq. Bunun qarşısını almalıyıq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya