Saat:14:32
Haqqımızda

Belarus XİN rəhbərini Rusiya kəşfiyyatı zəhərləyib?

2022-11-29 09:41:00

Belarus XİN rəhbərini Rusiya kəşfiyyatı zəhərləyib?

Vladimir Makeyin ölümü Aleksandr Lukaşenkoya mesaj kimi dəyərləndirlir

“The Daily Mirror”: “O, Qərblə gizli danışıqlardan sonra vəfat edib...”

Belarus xarici işlər naziri Vladimir Makeyin ölümünün müəmmalı olduğu haqda Hurriyyet.az saytında dəyərli oxucularımıza məlumat vermişdik. Artıq Britaniya mənbələri də faktı təsdiq edərək, Makeyin Qərblə gizli danışıqlardan sonra “vəfat etməsinin” heç də təsadüf olmadığını ortaya qoyur.

Həmçinin, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko da bildirib ki, Belarusun xarici işlər naziri Vladimir Makey zəhərlənmədən ölə bilərdi.

O, Twitter hesabında yazıb ki, bu hal Belarus prezidenti Aleksandr Lukaşenkoya mesaj ola bilər.

"Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar. O, Rusiyanın təsiri altında olmayan bir neçə nəfərdən biri idi. Deyirlər ki, bu, Lukaşenkoya mesaj ola bilər", - o, yazıb.

Eyni zamanda, Belarus mediası fərqli versiya verir. “Naşa Niva” nəşrinin məlumatına görə, Makeyin ölümünə çox güman ki, infarkt səbəb olub. Bu baş verəndə Makey Drozdidəki evində olub.

"Makey vəziyyətini ciddi qəbul etmədiyi üçün vaxtında həkimlərə müraciət etməyib”, - məlumatda deyilir.

Bu versiyanı məşhur rusiyalı hüquqşünas və ictimai xadim Mayk Feyqin də dəstəkləyir və o, Makeyin əslində Lukaşenkonun əvəzinə öldüyünə əmindir. Eyni zamanda, rusiyalı hüquqşünas qeyd edir ki, XİN rəhbəri Belarus prezidentinə çox yaxın olub, çünki o, siyasətdə çox məxfi məsələlərlə məşğul olub.

Qeyd edək ki, Makeyin kimyəvi maddələrlə zəhərlənə biləcəyi ilə bağlı versiyalar ifadə edilir, lakin bu nəzəriyyəni təsdiqləmək üçün yarılma və müayinə lazımdır. "Çox güman ki, onlar keçirilsə belə, nəticələri pərdə arxasında qalacaq", - Qərb şərhçiləri deyir.

Öz növbəsində Britaniyanın “The Daily Mirror” nəşrinin yazdığına görə, Vladimir Makey Ukrayna münaqişəsi ilə bağlı gizli danışıqlardan” sonra dünyasını dəyişib.

Britaniyalılar vurğulayırlar ki, Makey rəsmi Minsklə Qərb arasında yeganə “kommunikasiya kanalı” olub.

Xatırladaq ki, cümə günü Belarus Xarici İşlər Nazirliyi öz saytında Makeyin apostol nunsisi, arxiyepiskop Ante Yoziç ilə görüşü barədə yazıb. Bu baxımdan, Vladimir Makeyin Papanın elçisi Ante Yoziçlə görüşdən sonra müəmmalı şəkildə ölməsi təsadüf hesab olunmur. Hansı ki, onun ölümü Ukraynada müharibəyə son qoymaq üçün gizli sülh planını müzakirə etdikdən bir gün sonra baş verib. O, bazar ertəsi isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmalı idi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb: “Belarus Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makeyin ölümü ilə bağlı xəbər bizi şoka salıb”.

Qeyd edək ki, Makey 1958-ci ildə anadan olub və 2012-ci ilin avqustundan Belarus Xarici İşlər Nazirliyinə rəhbərlik edir. Bundan əvvəl o, 2008-ci ildən Belarus prezidenti Aleksandr Lukaşenkonun administrasiyasına rəhbərlik edib. 2000-2008-ci illərdə Lukaşenkonun köməkçisi olub.

Makey 2021-ci ilin miqrasiya böhranı zamanı Belarus və Qərb arasında aparılan danışıqlarda fəal iştirak edib, fevralın 24-də Rusiya ordusunun Ukraynaya daxil olmasından sonra Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların təşkilinə də kömək edib.

Fevralın 16-da o, mətbuat konfransında bildirib ki, təlimlər bəhanəsi ilə Belarusa gələn Rusiya qoşunları təlimlər bitdikdən sonra ölkəni tərk edəcəklər. "Təlimlərdən sonra Belarusda heç bir hərbçi, bir dənə də olsun hərbi texnika qalmayacaq", - Makey deyib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR