Saat:12:25
Haqqımızda

BƏƏ şahzadəsi İstanbula niyə gəlmişdi?

2021-11-27 19:42:00

BƏƏ şahzadəsi İstanbula niyə gəlmişdi?

Türkiyə Yaxın Şərq və Ərəb dünyasında ən problemli münasibətləri olan ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yeni dövrə qədəm qoydu. Ölkələr arasında münasibətlər “Ərəb Baharı” zamanı pozulmağa başladı. Xüsusilə, Suriyada fikir ayrılıqları ilə qarşı-qarşıya qalan iki ölkə Aralıq dənizi, Liviya və Qətər kimi mövzularda da fərqli cəbhələrdə yer almışdı. 
 
İki ölkə arasında münasibətlər isə Türkiyədə baş verən “15 İyul” hərbi çevrilişə cəhd zamanı daha da gərginləşmişdir. Belə ki, 30 iyul 2016-ci ildə “The Guardian” nəşrinin keçmiş redaktoru Devid Hörstün sahibi olduğu “Middle East Eye” xəbər saytı Türk kəşfiyyatının yüksəkvəzifəli məmuruna istinadən yazırdı ki, BƏƏ-nin “Gülən camaatı”na Türkiyədə hərbi çevrilişin həyata keçirilməsi üçün maliyyə yardımı edib və Türk kəşfiyyatının bu iddiaya dair əlində sənədlər var.
 
Bütün bu olanlardan sonra iki ölkə arasındakı normallaşma səylərinin ilk addımı bu ilin avqust ayında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun BƏƏ-dən olan həmkarı Abdullah bin Zayed əl Nəhyan ilə telefonla danışığı zamanı atılıb. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin de-fakto lideri sayılan vəliəhd şahzadə Məhəmməd bin Zayed əl Nəhyan ilə telefon danışığı aparmış və vəliəhd şahzadəni paytaxt Ankaraya dəvət etmişdi. Dünən Ankaraya gələn şahzadə Məhəmməd bin Zayed əl Nəhyan isə Ərdoğan tərəfindən qarşılanıb və 9 il sonra ilk dəfə yenidən üz-üzə görüş keçirilib. BƏƏ şirkətlərinin Türkiyəyə on milyardlarla dollar sərmayə qoyacağına dair 9 müqavilə imzalanıb. 
 
BƏƏ şahzadəsinin Türkiyəyə səfərindən sonra Türk Lirəsi uzun müddət sonra ilk dəfə dəyər qazanmağa başlayıb. İqtisadçı-ekspert Tuğberk Çitilci məzənnənin dəyər qazanmasına və bazarın normallaşmasına səbəb kimi Türkiyəyə Birləşmiş Ərəb Əmirliklərindən pul axını olacağı xəbərinin təsirli olduğunu bildirib.
 
Dünən həmçinin, BƏƏ hökuməti Türkiyənin ardınca Yaxın Şərqdə digər soyuq münasibətləri olan İran İslam Respublikası ilə də arasındakı buzları əritməyə başlayıb. Belə ki, İran XİN müavini Əli Bakiri Keni Dubay səfəri çərçivəsində BƏƏ dövlət rəhbərinin diplomatik müşaviri Ənvər Qarqaş və dövlət naziri Xəlifə Şahin əl-Marar ilə görüşüb. Qarqaş və əl-Mararla görüşdə ikitərəfli əlaqələrdə yeni səhifə açmağa qərar verdiklərini ifadə edən Keni, "BƏƏ ilə qarşılıqlı əlaqələrdə yeni səhifə açmaq üçün razılaşdıq" -deyə bildirib. BƏƏ mətbuatında isə görüş ilə bağlı xəbərlərdə hər iki ölkə rəsmilərinin ortaq maraqlar və mehriban qonşuluq əsasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR