Bayram Səfərova sual verən jurnalist: “Yaxşı etmişəm...”

2023-02-27 15:25:00

Bayram Səfərova sual verən jurnalist: “Yaxşı etmişəm...”

“Toplum TV”nin jurnalisti Fərid İsmayılovla Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov arasında baş verən insident sosial şəbəkələrdə gündəm olub. Belə ki, B. Səfərov jurnalistin “axırıncı dəfə nə vaxt Şuşaya getmisiniz?” sualına “sənə dəxli var?” deyə cavab verib.

Məlum görüntülər sosial medianın Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Bir sıra sosial şəbəkə istifadəçiləri jurnalistin sualını qeyri-etik qiymətləndirsə də, digər bir kəsim B. Səfərovun reaksiyasını hörmətsizlik olaraq qəbul edib.

Məsələ ilə bağlı “Toplum TV”nin əməkdaşı Fərid İsmayılov “Yeni Sabah”a deyib ki, Azərbaycanda məmur vətəndaş qarşısında hesabatlı deyil. Buna görə də rahatlıqla “sənə dəxli yoxdur” deyir:

“Sənə dəxli yoxdur” deyən, vətəndaş qarşısında hesabatlı olmayan bir məmura bu sual da bu tərzdə verilməlidir. Nəinki jurnalist, vətəndaşının özünün belə hesab sormaq haqqı var. 

Mən hesab da soruşaram, hələ, üstəlik, onun mülklərini də sorğulayaram ki, bu restoranları, fermaları, evləri haradan almısan? Bu, jurnalistdən əlavə vətəndaşın da haqqıdır. Bir dəfə Bayram Səfərova yaxınlaşmışdım ki, sizə sualım var. O, mənim yaxa mikrofonumu çıxardı. Sonra ikinci dəfə yaxınlaşıb bu adamdan istədiyimi soruşmuşam”, – əlavə edib.

F. İsmayılov onu tənqid edənlərə də cavab verib:

“Nə etmişəmsə, yaxşı etmişəm. Mənim üçün bu tənqidlər heç bir əhəmiyyət kəsb etmir. Qısası, nəinki Bayram Səfərov, eləcə də digər məmurlardan nə isə soruşmaq, nəyinsə hesabatını sorğulamaq, nəinki jurnalistin, hətta vətəndaşın belə haqqıdır.

Mənim üçün Bayram Səfərovun heç bir əhəmiyyəti yoxdur. Çünki onun haqqında məlumat yayılmışdı ki, bu adam Şuşaya gedə bilmir. Mən də mədəni şəkildə yaxınlaşıb sualımı verirəm, görürəm, mikrofonumu kənara atır, gedib, hökumətyönümlü mətbuata açıqlama verir. Mən də sualımı verirəm. Burada nə olmalıdır?”

“14 ildir bu Şuşa rayon İcra Hakimiyyətinin başçısıdır. Bilirsiniz, niyə belə reaksiya verib? Çünki 14 il ərzində bu adamın qarşısında belə bir adam çıxmayıb, ondan hesab soruşan olmayıb. Bir adam ki tədbirlərdə yuxuludur, ondan nə gözləyirsiniz?”, – fikirlərini tamamlayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.208685