Saat:00:12
Haqqımızda

Bayden Ukraynanı qorumaq üçün PUTİNİ RAM ETMƏYİ PLANLAŞDIRIR

2021-12-07 10:22:00

Bayden Ukraynanı qorumaq üçün PUTİNİ RAM ETMƏYİ PLANLAŞDIRIR

Samir Hümbətov: "Rusiya Ukraynaya hücum edərsə, həm yeni sanksiyalar qaçılmaz olacaq, həm də NATO bloku da prosesə qoşulacaq"

"Bu da ya 3-cü dünya müharibəsi, ya da Rusiyanın parçalanması ilə nəticələnə bilər"

"Rusiya daxilində iqtisadi vəziyyətin ağırlaşması və Covid-19 pandemiyasının yaratdığı ciddi iqtisadi fəsadlar da onu bu məsələdə tələsik qərar verməməyə vadar edir"

Dekabrın 2-də İsveçin paytaxtı Stokholmda ATƏT Xarici İşlər Nazirləri iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilib. Ümumilikdə 40 dəqiqə davam edən görüş zamanı tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə edib. Qeyd edək ki, Lavrovla Blinken Ukraynadakı vəziyyətlə bağlı mövqelərini səsləndirərkın onlar arasında gərgin mübahisə yaşanıb.

Belə ki, Lavrov və Blinken Ukraynaya qarşı rus təcavüzkarlığı olacağı təqdirdə Qərbin görəcəyi tədbirlər gündəmə gələndə gərgin şəkildə mübahisə etməyə başlayıblar: "Prezident Vladimir Putinin birliklərinin qonşu ölkənin sərhədi yaxınlığında yerləşdirilməsi səbəbindən Ukraynaya qarşı rus təcavüzkarlığı təhdidinə qarşılıq vermək üçün amerikalı və avropalı müttəfiqlərin sanksiyalar da daxil olmaqla, müxtəlif yollar axtardığının söylənməsindən sonra fikir mübadiləsi gərgin bir şəkildə irəliləməyə başlayıb". Daha sonra Lavrov Blinkenə 2014-cü ildə Kiyevdə yaşanan hadisələrin dövlət çevrilişi olduğunu xatırladıb, NATO və Avropa İttifaqını fərqli fikirdə olanların üstündən keçmək və Rusiyanı təhdid etməkdə günahlandırıb. Blinken isə öz növbəsində, NATO-nun bir müdafiə ittifaqı olduğunu bildirərək, keçmiş Ukrayna prezident Viktor Yanukoviçə sadiq qüvvələrin Kiyevdə sülhpərvər aksiyaçılara atəş açdığını və yüzdən çox insanı öldürdüyünü vurğulayıb.

Görünür, Putin və Baydenin onlayn görüşü olduqca gərgin keçəcək

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, dekabrın 7-də Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden onlayn görüş keçirəcək. Bununla bağlı Ağ Evin yaydığı məlumatda deyilir ki, Bayden ABŞ-ın Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddə hərəkətləri ilə bağlı narahatlığını vurğulayacaq və ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edəcək. Ağ Evin sözçüsü Cen Psaki də ABŞ prezidentinin dekabrın 7-də Rusiya prezidenti ilə videobağlantı vasitəsilə danışacağı ilə bağlı xəbərləri təsdiqləyib. Və əlavə edib ki, söhbət Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda baş tutacaq. Ağ Evin bəyanatında o da deyilir ki, liderlər ABŞ-Rusiya münasibətlərindəki müxtəlif mövzuları, o cümlədən strateji sabitlik, kibertəhlükəsizlik və regional məsələləri də müzakirə edəcəklər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə qeyd edib ki, Bayden və Putin virtual sammitdə Əfqanıstanda Talibanın bu ölkədə hakimiyyəti ələ keçirməsindən sonrakı vəziyyəti, İranla atom sazişini xilas etmək üçün danışıqları və ABŞ-Rusiya münasibətlərini də müzakirə edəcəklər.

Bu arada, Co Bayden bildirib ki, Rusiyanın qonşusu Ukraynaya qarşı hərbi eskalasiyasını "çox, çox çətin" edəcək təşəbbüslər hazırlayır. Bayden onu da əlavə edib ki, onun administrasiyası vəziyyətlə bağlı Ukrayna və Avropa müttəfiqləri ilə daim əlaqədədir: "Vaşinqton Moskvanın "qırmızı xətləri"ni qəbul etməyəcək. Mən Putinin daha da irəli getməsini çətinləşdirmək üçün həm əhatəli, həm də mənalı olduğuna inandığım addımları bir araya toplayıram. ABŞ Rusiyanın hərəkətlərindən çoxdan xəbərdardır. Gözləntim odur ki, Putinlə uzun bir görüşümüz olacaq".

"Həm Qərb cəbhəsi, həm də Rusiya qəsdən məsələ ətrafında gərginliyi artırmaqla mesaj vermək istəyirlər ki, müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilə bilər" 

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən siyasi ekspert Samir Hümbətovun sözlərinə görə, həm Qərb cəbhəsi, həm də Rusiya qəsdən məsələ ətrafında gərginliyi artırmaqla mesaj vermək istəyirlər ki, müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilə bilər: "Son günlər Ukrayna ətrafında vəziyyətin gərgin olması ilə bağlı beynəlxalq mediada yayılan informasiyaların ardı-arası kəsilmir. Hətta ABŞ kəşfiyyatı tərəfindən yayılan sonuncu informasiyaya görə, Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır. Təbii ki, yayılan bu informasiyanın bir neçə səbəbi ola bilər. Birincisi, qəsdən regionda gərginliyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etmək. İkincisi, Rusiya tərəfindən həqiqətən belə bir fikir var və bu barədə ABŞ kəşfiyyatına Rusiya Müdafiə Nazirliyi içindən məlumat sızdırılıb, ABŞ da bunu yaymaqla Rusiyaya niyyətindən xəbərdar olduğu mesajını verir. Üçüncüsü, həm Qərb cəbhəsi, həm də Rusiya qəsdən məsələ ətrafında gərginliyi artırmaqla mesaj vermək istəyirlər ki, müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilə bilər".

"Ukrayna ilə hərbi sahədə ciddi əməkdaşlıq edən Türkiyənin müharibəyə qoşulması regional və qlobal səviyyədə qarşısı alınmaz fəlakət deməkdir"

Yayılan informasiyanın digər səbəblərinə də toxunan siyasi ekspert hesab edir ki, Rusiya daxilində iqtisadi vəziyyətin ağırlaşması və Covid-19 pandemiyasının yaratdığı ciddi iqtisadi fəsadlar da onu bu məsələdə tələsik qərar verməməyə vadar edir: "Bundan başqa, Rusiya Müdafiə Nazirliyindəki generalitetdə xeyli sayda Ukrayna əsilli generalların olması da məsələnin digər önəmli tərəflərindən hesab edilə bilər. Əlbəttə ki, baş verən proseslərə görə bədbinliyə qapılmağa ehtiyac olduğunu düşünmürəm. Təbii ki, bunun bir neçə səbəbi var və bunu həm Rusiya, həm də Qərb nöqteyi-nəzərindən də dəyərləndirmək mümkündür. Əgər düşünsək ki, Rusiya Ukraynaya hücum etmək istəyir, o zaman Rusiya tərəfi yaxşı başa düşür ki, ona qarşı baş verə biləcək proseslər arasında sanksiyaların tətbiqi qaçılmaz olacaq. Həmçinin, ABŞ-ın başçılıq etdiyi NATO bloku da qoşula bilər ki, bu da ya 3-cü dünya müharibəsi, ya da Rusiyanın parçalanması ilə nəticələnə bilər. O cümlədən, 2 il ərzində Ukrayna ilə hərbi sahədə ciddi əməkdaşlıq edən Türkiyənin müqaviləyə uyğun olaraq müharibəyə qoşulmasına gətirib çıxara bilər ki, bu da regional və qlobal səviyyədə qarşısı alınmaz fəlakət deməkdir. Bununla da uzun illərdən bəri Qərbin gözlədiyi arzu gerçəkləşə bilər".

Samir Hümbətovun fikrincə, bütün bunlardan sonra belə bir nəticə çıxarmaq olar ki, Rusiyanın Ukraynaya hücum planı bilinən və bilinməyən səbəblərə görə o qədər də inandırıcı görünmür: "Amma beynəlxalq vəziyyət tez dəyişir və hər an hər hansı hadisənin baş verməyəcəyinə kimsə təminat verə bilməz".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR