Saat:04:18
Haqqımızda

Bayağı müğənniləri tənqid edən ifaçılar gecə klublarında - Ağzında qəlyan tutan oğlanların qabağında oxuyur

2024-02-03 12:04:30

Bayağı müğənniləri tənqid edən ifaçılar gecə klublarında - Ağzında qəlyan tutan oğlanların qabağında oxuyur

Tanınmış müğənni Əminə Şirinqızı Moderator.az-ın suallarını cavablandırıb.

-Əminə xanım, hal-hazırda sənətinizdə nə kimi yeniliklər var?

-“Səbir” adlı mahnımı və klipi təqdim etdim. Bir neçə mahnımız da var ki, onları da hazırlayıram. Mən hər həftə mahnı təqdim etmirəm. Ən birincisi ona görə ki, mən bunu öz gücümə edirəm. Paltar, geyim, makiyaj, aranjiman, klipindən tutmuş öz qazancımdır ki, işimə qoyuram. Bunu hər kəs bilir. Ona görə də 3-4 aydan bir mahnı təqdim edirəm. Yaxşı nəticə verir. Az da olsa zövqlü dinləyicilərim var.

-Əslində zövqlü dinləyiciləri kimlər yetişdirir?

-Heç kim heç kimi yetişdirmir. İnsan özü yetişir. Bu doğuluşundan səndə ya var, ya da yoxdur. Bəzən sosial şəbəkədə qarşıma videolar çıxır. Ata yaxud ana uşağını çağırır, uşaq gəlmir, birdən-birə “dağlar oğlu”, “dağlar qızı” mahnısını səsləndirən kimi uşaq qaça-qaça gəlir. Görürsünüzmü ata-ana uşağını hansı musiqi ilə yetişdirir?! Bu gün insanın iç dünyasını, tərbiyəsini, insanlara yanaşmasını əksər hallarda onun dinlədiyi musiqilərdən analiz etmək olur. Əgər sən uşaqlıqdan övladını “dağlar oğlu” yaxud “dağlar qızı” ilə yetişdirirsənsə, sən bu uşağı bizim korifeylərimizin mahnıları ilə böyütmürsənsə, klassik musiqi, xarici musiqi dinlətdirmirsənsə əlbəttə ki, onun zövqü korlanacaq. Musiqi insan beyni üçün çox böyük informasiyadır. Sənin dinlədiyin musiqi həyatına böyük bir təkandır. Musiqi həyatdır, cəngidir, azandır, himndir. Musiqisiz həyat varmı? Bu gün azyaşlı uşaqlar dəxlisiz musiqilərə qulaq asa-asa musiqini və müğənniləri ucuzlaşdırırlar. Mən əlinə elə-belə mikrofon tutub, “yoldaşımdan boşanmışam, neyləyim, müğənni olum” deyənlərdən danışmıram. Mən həqiqətən Allahın seçdiyi, sənət üçün doğulan sənətçilərdən danışıram. İçi mən daxil.

-Sənət aləmində sizi nə narahat edir?

-Məni heç nə narahat etmir. Bir insan ancaq işi ilə, kariyerası ilə məşğuldursa, həyatından məmnundursa, heç kimin varlığı da, yoxluğu da onu narahat etmir.

-Efirlərdə çox az görünürsünüz. Olmaya verilişlər sizi qane etmir?

-Əslində efirlərdə o qədər də az görünmürəm. Düzdür, elə efirlər var ki, dəvət edib amma getməmişəm. Həmin efirdə bazar açırlar, elə yerlər mənlik deyil. Amma bir çox efirlərə sayıb gedirəm. Speys kanalında həftədə 1 dəfə özüm də veriliş aparıram.

-Son günlər insanlar sosial şəbəkələrin, daha dəqiq desək tiktokun bağlanmasını irəli sürür. Siz necə düşünürsünüz?

-Bağlanmasın. Mənim də tiktok səhifəm var, amma canlı açmıram. Bir çoxları səviyyəsiz danışsa belə tiktokun pulu ilə ailə dolandırır. Bir şeyi ki, mən etmirəmsə, o demək deyil ki, o yerli-dibli bağlanmalıdır, heç kim etməməlidir. Bu ölkədə hamı hər şeylə məşğuldur, hamı da hər şeyə pis baxır. Kim necə bacarırsa elə də qazanır.

-Mahnılarınızda daha çox meyxana ustadlarının sözlərindən istifadə edirsiniz. Meyxana janrı niyə sizə bu qədər yaxındır?

-Ümumiyyətlə meyxana zərb alətlərinin müşayiəti altında ifa olunan musiqili, poetik bir janrdır. Mən axı efirdə meyxana demirəm. Mən sadəcə şairlərin, qəzəlxanların, meyxana ustadlarının bəstələdiyi, yazdığı qəzəllər üstündə mahnı oxuyuram. Mənim ifa etdiyim meyxana deyil. Bu gün xanım müğənnilər var ki, meyxana tipli mahnılar oxuyur. Qınadığımız mənşəyi bəlli olmayan mahnılar var ki, onlar meyxanaya daha yaxındır. Çünki musiqi bilinmir, bərbad haldadır. Mənim ifa etdiyim sırf sənət əsərləridir. Meyxana sənətini çox sevirəm, söz sənətidir. Söz sənəti heç vaxt pis ola bilməz.

-Bu gün musiqimiz o qədər də etibarlı əllərdə deyil. Nə vaxta qədər musiqimiz etibarsız əllərdə dəyirman daşı kimi fırlanacaq?

-Bu sualın cavabını istəsəm də mən verə bilmərəm. Çünki mənim kimi düşünən sənətçilər də, mənimlə razılaşa bilən dinləyicilər də çox azdır. Azlıq da çoxluğa tabedir. Biz az ola-ola nə edə bilərik?! Mən o müharibəni boş-boş çıxıb efirlərdə danışmaqla yox, mahnılarımı təqdim etməklə aparıram. Tutduğum yoldan da çıxmıram ki, qazancım daha çox olsun. Bir də görürsən ki, sırf toyxana üslubunda oxuyan müğənniləri efirdə çıxıb tənqid edirlər. Ortalığa mövzu atırlar ki, bəs Üzeyir Hacıbəyov, Vaqif Gərayzadə niyə bəs mahnı bəstələyib?! Adam o vaxt bu sözü deyər ki, sənin dediyinlə əməlin üst-üstə düşsün! Yaxşı onlar oxumurlar, sən çıx görüm Üzeyir Hacıbəyovdan nə oxuya biləcəksən?! Sən çıx Vaqif Gərayzadənin bəstələdiyi bir mahnısını canlı oxu! Görüm nə oxuyacaqsan?! Tənqid etmək asandır! O ki, qaldı bayağı oxuyan ifaçılara.. Onlar heç olmasa gedib camaatın ailə məclislərində iştirak edir, amma onları tənqid edənlər gecə klublarında ağızlarında qəlyan tutan oğlanların qabağında oxuyur. Sonra da durub başqalarını tənqid edir. Hamı sənətə pul üçün gəlib. Məni çıxmaq şərtilə. Mən pulu düşünsəydim çoxdan başqa yerdə olardım. Ona görə də nə tiktokun bağlanmasının, nə kiminsə sənətinin olub-olmamasının mənə aidiyyatı yoxdur. Heç kimlə işim yoxdur, heç kimin də mənimlə işi olmasın.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.164211