Saat:15:14
Haqqımızda

“Başa düşmək lazımdır ki, İmam Hüseyn hakimiyyət uğrunda vuruşub” – Rafiq Əliyev

2022-08-09 18:00:00

“Başa düşmək lazımdır ki, İmam Hüseyn hakimiyyət uğrunda vuruşub” – Rafiq Əliyev

Hurriyyet.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Hər il olduğu kimi, bu il də Məhərrəmlik zamanı cəmiyyətimizdə qarşılıqlı ittihamlar oldu. Bir qism insan Aşura keçirən insanları aşağıladı, bunu cahillik kimi adlandıranlar da oldu. Bu məsələyə münasibətiniz necədir?

- Aşura mərasimi elədir ki, bu, ancaq şiəliyə aid bir prosesdir. Bu da İslamdan sonra ortaya gəlib. Ona görə də bəzi insanlar, əsasən də möminlər deyirlər ki, guya Aşuranın bizə dəxli yoxdur, bu, İslamda yoxdur və s. deyirlər. Yəni belə fikirlərin olmasına görə onlar buna qarşı çıxırlar.

Lakin builki Aşura ötən illərdəkindən daha çox möhtəşəm keçdi və daha çox insan yığıldı. Mənə elə gəlir ki, onminlərlə adam var idi. Hər məscidin kənarında olan adamları hesablasaq, görərik ki, nə qədər adam həmin gün Aşura müsibətinin təsiri altında oldu. Orada da görünür ki, yaxşı moizə oxuyanlar olub ki, onlar insanlara ələ ala bilirlər. Onlar elə sözlər deyirlər ki, insanlar hönkür-hönkür ağlayırdı.

Bəli, bunu bəzi insanlar mövhumat kimi qəbul edirlər və onlar öz fikirlərini deyirlər. Mən isə onların öz fikirlərini səsləndirməsinə narazı deyiləm, çünki hərənin öz fikri var, qoy, desinlər. Bəziləri söyləyir ki, bu, İslamda deyil və həqiqətən də orada bir doğruluq var. Bu, İslamda olmayıb və Məhəmməd Peyğəmbərdən (s.a.v.) sonra ortaya gələn bir şeydir. XVI əsrdə şiəlik İranın ideologiyası olandan sonra isə bu, daha geniş yayılıb.

Amma bir şeyi də nəzərə almaq lazımdır ki, bu günləri Səudiyyə Ərəbistanına Həccə gedənlərin sayı maksimum 2.5-3 milyondur, lakin İmam Hüseynin müsibəti ilə bağlı Kərbəlaya gedənlərin sayı 30 milyondan çoxdur. Yəni İraqın əhalisi (42 milyon) qədər adam 40-cı gün Kərbəlaya gedir. Orada şərait yaradılıb, onları qarşılayırlar, yerli əhali onlara qulluq edib, imkan daxilində evlərində saxlayırlar. Bu da, artıq elə formalaşan bir adətdir ki, bunu ortadan götürmək mümkün deyildi. Sadəcə olaraq bunu idarə etmək olar və bu mərasimlərin dövlət əleyhinə olmamasını təşkil etmək lazımdır.

Bu, bəzi insanları qıcıqlandırırsa, qoy qıcıqlansınlar. Onlara fikir verməsinlər. Mən o qıcıqlananların tərəfində deyiləm. Əgər bu ideyanı onlar sakit şəkildə, xalqın və dövlətin əleyhinə olmayaraq keçirirlərsə, onda bu mərasimlər qoy, keçirilsin. Orada nə var ki?! Təki bu, dövlətimizin, millətimizin və ölkəmizin əleyhinə olmasın. Mən bunu belə qiymətləndirərdim.

- Bəziləri İrana münasibəti Aşuraya münasibətlə eyniləşdirir. Buna görə də onların yanaşması bu cür olur. Siz də belə bir yanaşmanı hiss etmisiniz?

- Əlbəttə, nə qədər desək də, deməsək də Məhərrəmliyin keçirilməsi birbaşa İranla bağlıdır. İran şiə ölkəsidir və şiəliyi dünyada təmsil edir.

- Həm də teokratik ölkədir.

- O aydındır və şiəlik də onun idealogiyasıdır. Bu təkcə dini amil yox, eləcə də siyasi amildir. Ona görə istəsək də, istəməsək də İranla bağlıdır. İranın bu gün bizə olan münasibəti isə o qədər də sağlam deyil. Həmin bu yığıncaqlar sakitlik şəraitində keçirilir, lakin sakitlik şəraitində keçirilməyə də bilər. Bu qədər insanın Aşuraya gəlməsi onu göstərir ki, şiəliyin tərəfdarlarının sayı Azərbaycanda daha çoxdur. Onlar Aşuraya gələn insanlarla Azərbaycanda aktiv olduqlarını sübut etmək istəyirlər. İranın buradakı nüfuzunu artırmaq üçün onların sayı kifayət qədərdir. Ona görə də bu cür toplaşmaları İran hökuməti ilə əlaqələndirirlər.

-Zaman-zaman belə iddialar olub ki, İngiltərə sünni-şiə qarşıdurmasının alovlanması üçün belə bir siyasət aparıb. Hazırkı qarşıdurmanın olmasında da xarici amillərin rolu varmı?

- Mən hazırkı proseslərdə birbaşa olaraq xarici amillərin rolunu görə bilirəm. İngiltərə bütün ömrü boyu İranı əlinin altında saxlayıb və İran hər zaman İngiltərənin protektoratı olub. Qafqaz, Türkiyə və İranda gedən proseslərdə hər zaman İngiltərənin barmağı olmuşdur. Biz üzdə olan prosesləri görüb İranla İngiltərənin münasibətlərinin normal olmadığını fikirləşirik, lakin bu belə deyil. Daha dərindən araşdırsaq görərik ki, bütün proseslərin İngiltərənin siyasəti olduğunu müşahidə edərik.

- Əzadarlığa qarşı aparılan təbliğat sizcə, narahatedici səviyyədədirmi?

- Əzadarlığın özü narahatedicidir. Çünki onların heç bir əsası yoxdur. Başa düşmək lazımdır ki, İmam Hüseyn hakimiyyət uğrunda vuruşub və qətlə yetirilib. Bunu dinlə əlaqələndirib, ilahiləşdirmək düzgün deyil. Bu mənim İslamşünas olaraq şəxsi fikrimdir.

Şiə tərəfdarları bu təbliğatı aparsa da, digər tərəf təbliğat aparmır. Sadəcə olaraq iradların deyən adam gərək həm də desin ki, İmam Hüseyn din uğrunda yox, hakimiyyət uğrunda qətlə yetirilib.

- Amma məsələdə burasındadır ki, bu ittihamlarda təhqirlərdən istifadə edilir.

- Heç bir təhqirə ehtiyac yoxdur. Kim ki təhqirdən istifadə edirsə o, çox pis bir şey edir. Heç bir kəs təhqirə yol verməməlidir və heç bir kəsin buna ixtiyarı yoxdur. Təhqir etməklə bir-birin qıcıqlandırmağa çalışırlar. O təhqir edənlərin dövlətin siyasətinə münasibəti daha pisdir, nəinki bu birilərin.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR