Saat:10:15
Haqqımızda

BAŞ REDAKTORDAN PREZİDENTƏ MÜRACİƏT! – Vüqar Məmmədov: “Yüz milyonlarla manatlıq korrupsiya faktı ört-basdır olunur...”

2022-01-28 14:56:00

BAŞ REDAKTORDAN PREZİDENTƏ MÜRACİƏT! – Vüqar Məmmədov: “Yüz milyonlarla manatlıq korrupsiya faktı ört-basdır olunur...”

“Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədov Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Hurriyyet.az həmin müraciəti olduğu kimi təqdim edir:

“Cənab Prezident!

Öncə onu qeyd edim ki, son vaxtlar Sizin öz çıxışlarınızda medianın cəmiyyətdəki rolunu qabartmağınız və jurnalistlərin fəaliyyətinə inamla yanaşmağınız tərəfimizdən təqdir olunmaqla yanaşı, bizə böyük ruh verir. Məhz bu səbəbdən də, ölkəmizin inkişafına əngəl olan problemlərin aradan qaldırılması, dövlət büdcəsini talayan məmurların aşkara çıxarılması istiqamətində böyük əzmlə çalışırıq. Məqsədimiz odur ki, öz peşə fəaliyyətimiz çərçivəsində cəmiyyətdəki bütün neqativlərin üzə çıxarılmasına və onların həllinə yardım etməklə, dövlətimizin daha da güclənməsinə öz töhfəmizi verək.

Lakin çox təəssüflə bildiririk ki, jurnalistlərin ölkədəki neqativ proseslərin aşkarlanması ilə bağlı fəaliyyəti bəzi hallarda müxtəlif qurumlar tərəfindən əngəllənir, yaxud da korrupsioner məmurların qanunsuz əməlləri yetkili şəxslər tərəfindən ört-basdır edilir.

Cənab Prezident!

Diqqətinizə çatdırım ki, “Hürriyyət” qəzetinin 28 sentyabr 2021-ci il tarixində dərc olunan “Hacı Ramazan dedi ki, istəyirsən “oğru dilində” danışaq”, 12 oktaybr 2021-ci ildə dərc olunan “Mehralıyev-Mirzəyev “cütlüyü”nün dövlətdən oğurladığı milyonlar haqda şok sənədlər” və 19 oktyabr 2021-ci il tarixli sayında işıq üzü görə “Hacıbala Abutalıbovla ortaq talanan milyonlar” sərlövhəli yazılarda Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyev və “Məmmədoğulları Holdinq”in sahibi Hacı Ramazan Mirzəyevin əlbir olaraq, dövlətin milyonlarla manat vəsaitini talamaqda ittiham olunurlar.

Təəssüflə qeyd edirik ki, bu haqda əlimizdə kifayət qədər dəlillər mövcud olsa da, “Hürriyyət”in ardıcıl müraciətlərinə rəğmən, istər Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, istər də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov həmin faktların araşdırılmasında, dolayısı ilə dövlətə dəyən yüz milyonlarla manat zərərin geri ödənilməsində maraqlı olmayıblar.

O cümlədən, “Hürriyyət”in 16.08.21-ci il tarixli sayında dərc olunan “FHN-in Dib Dərinləşdirmə İşləri İdarəsindəki 1,4 milyonluq yeyintinin izi ilə...”, 04.11.2021-ci ildə dərc olunan “FHN-dəki yeyinti ilə bağlı prezidentə müraciət edən əməkdaş xarici ölkədən sığınacaq almaq məcburiyyətində qalıb”, 05.11.2021-ci ildə dərc olunan “Abşeronda çox sayda insana qarşı dələduzluq etməkdə ittiham olunan Coşqun Əlizadəni kim himayə edir…” sərlövhəli yazıların hər biri ilə bağlı ayrıca olaraq Baş prokuror Kamran Əliyevə müraciət etsək də, ənənvi qaydada heç bir müraciətimizə cavab verilməyib və qeyd olunan problemlərin həlli istiqamətində hər hansı tədbir görülməyib.

Cənab Prezident!

Apardığımız araşdırma nəticəsində məlum olub ki, qeyd etdiyimiz korrupsiya faktlarının ört basdır edilməsində Respublika Prokurorluğu və BŞİH rəhbərliyində təmsil olunan bəzi məmurların yazıda adları qeyd olunan şəxslərlə yaxın dostluq və işgüzar əlaqələrinin olması mühüm rol oynayıb. Məhz bu səbəbdən də dövlət büdcəsindən talanan yüz milyonlarla manat kimlərinsə şəxsi maraqlarına “qurban verilib”. Üstəlik, bu əlaqələrin arxasında daha böyük korrupsiya maraqlarının dayandığı da istisna olunmur.

Bu baxımdan, Sizdən xahiş edirik ki, qeyd etdiyimiz faktların araşdırılması ilə bağlı müvafiq orqanlara göstəriş verəsiniz və bu işi nəzarətinizdə saxlayasınız.

Sizə öncədən redaksiyamızın kollektivi adından minnətdarlığımızı çatdırıram”.

Hurriyyet.az

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR