Saat:21:12
Haqqımızda

BAŞ PROKURORLUĞUN “RƏQƏMSAL KORRUPSİYA XİDMƏTİ” - 961, 161 qaynar xətti şikayətləri qəbul etməkdən imtina edir

2022-06-29 12:23:00

BAŞ PROKURORLUĞUN “RƏQƏMSAL KORRUPSİYA XİDMƏTİ” - 961, 161 qaynar xətti şikayətləri qəbul etməkdən imtina edir

Nazirlər Kabinetinin 25.02.2015 tarixli 50 saylı qərarı ilə doğrulanan “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili” Qaydalarının 1.2 bəndinə görə, Çağrı Mərkəzi dövlət orqanında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, SUİ-İSTİFADƏ əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və VƏTƏNDAŞ MƏMNUNLUĞUNUN TƏMİN EDİLMƏSİ məqsədi ilə təşkil olunur.

Di gəl, nə qanunçuluq təmin olunur, nə vətəndaş məmnunluğu; heç  müraciətlər də qəbul edilmir, onda qala obyektiv araşdırma və cavablandırma olsun . Vətəndaş məmnunluq əvəzinə çərləmə xəstəliyi tapır. Tapmasın, neyləsin,  qaynar xətlərin bir neçə saatlıq “diringə musiqisi” sonunda  zəngləri qəbul etməməsi, amma adi vətəndaş üçün astronomik məbləğdə danışıq xidməti haqqı tutmasından vətəndaş necə məmnun ola bilər?

Özbaşınalığa baxın, NK-nın sözügedən qaydalarının 2.1 bəndində Çağrı Mərkəzinin müraciətləri ÖDƏNİŞSİZ qəbul etməsi və cavablandırması doğrulanıb, amma baş prokurorluğun 161, 961 qaynar xətləri ÖDƏNİŞLİ xidmət göstər(m)ir. Yaxşı, baş prokurorluğun pullu xidmətdən  korrupsiyaya qarşı, daha düzü, korrupsiya uğrunda mübarizədə məmnunluq duyduğunu anladıq, bəs telekommunikasiya xidmətinə nə gəlib? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri vəzifəsini icra edən Yaşar Hacıyev 10.06.2022 tarixli məktubu ilə “Baş prokurorluğun Korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xəttinə 29.04.2022-ci ildə Bakcell nömrəsindən edilən zəngin araşdırıldığı  və mobil operator tərəfindən qeyd edilən 161 qısa nömrəsinə zənglərin ÖDƏNİŞLİ olduğu bildirilib”(?-M. B.). Telefon bağlantısının təminatına cavabdeh olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 13 dəqiqə 13 saniyəlik zəngin dəyərinin  , 30 saniyəlik yuvarlanmanı nəzərə alaraq, 1.62 manat təşkil etdiyini də diqqətə çatdırıb. Dəhşətdir, bu yekəlikdə nazirlik görəvini icra edib , çağrı mərkəzlərinə zənglərin qəbulunu ÖDƏNİŞSİZ təmin etmək əvəzinə, nağıl danışır! (?)

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Rəşad Məmmədov və Orxan Hüseynov adlı əməkdaşlarının barəsində şikayət edilən vəzifələrindən sui-istifadə edən şəxslərlə qeyri-prosessual münasibətə girməsinə də hüquq qiyməti verilmir. Rəşad Məmmədov 161-ə şikayətdən  2 il sonra 09.09.2021-ci ildə Sosial Xidmətlər Agentliyinin qazi və şəhid ailələrinə mənzilləri rüşvətlə ayrı-seçkilik edərək bölməsi barədə aldığı izahat üzrə qərarını nəinki 10 aydır verir, əksinə,  barəsində şikayət edilən korrupsiyaya uğramış vəzifəli şəxslərin rüşvəti ilə özbaşınalıq edərək, şikayəti də, adını da gizlədir.  Orxan Hüseynov isə 26.05.2022-ci ildə korrupsiyaya qarşı mübarizə idarəsində düz 13 il qabaq -26.05.2009-cu ildə qəbul edilən Xətai məhkəməsinin qətnaməsinin dələduzluqla icra olunmamasından, əksinə, borclular ƏMDK və Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil cinayətkar dəstə şəklində saxta şəhadətnamə ilə Bəhruz Nuriyev -10a ünvanındakı otaqları ələ keçirmələrindən şikayət üzrə şikayətçini ittiham edən izahat alıb! (?) 961 qaynar xəttinin prokurorluq əməkdaşının qanunsuzluğundan şikayətləri araşdırdığından 29.06.2022-ci ildə bu nömrəyə edilən zəngi 20 dəqiqəlik gözləmədən sonra qəbul edən Eldar adlı növbətçi prokuror şikayəti qeydə almaqdan imtina etdi ki, prokurorluğun reyestri sıradan çıxıb, şikayətlər “görünmür”.

NK-nın “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili” Qaydalarının 2.12 bəndində isə yazılıb: "MÜRACİƏT EDƏN ŞƏXS QEYDƏ ALINMIŞ SƏS YAZISININ ELEKTRON DAŞIYICIDA OLAN SURƏTİNİ YAZILDIĞI GÜNDƏN 3 AY ƏRZİNDƏ ALMAQ HÜQUQUNA MALİKDİR”. Belə bəlli olur ki, Eldar adlı növbətçi prokuror da görəvini icra etmək yerinə , “korrupsiya prokurorluğu həmkarlığı” sərgiləyir. Korrupsiyaya qarşı mübarizə baş idarəsinin 3611108 nömrəsindən də reyestrdə tələbkar Qarabağ qazisinin yüzlərlə şikayətinin olduğunu deməklə 961 qaynar xəttinin yalanını ortaya qoydular.

Maraqlıdır, baş prokurorluq şikayətlərə qadağa qoymaqla korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə necə nail ola bilər? Korrupsiyaya qarşı mübarizə baş idarəsinin əməkdaşlarının özləri,  barələrində şikayət edilən şəxslərlə qeyri-prosessual münasibətə girirsə, hansı mübarizədən, hansı nailiyyətdən, uğurdan danışmaq olar? Uğur -yalnız korrupsiyadandır. Ölkədə korrupsiya uğrunda savaş gedir.

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR