Baş prokuror Qarabağ  qazisinə cinayət işi qaldırıb və Nizami  polisinə göndərib?

2022-12-06 13:10:00

Baş prokuror Qarabağ  qazisinə cinayət işi qaldırıb və Nizami  polisinə göndərib?

Ombudsman  (Aparatı) insan hüquqlarını qoruyur, yoxsa “hüquq” orqanlarının işgəncə hüquqlarını?

Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli iki qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə sahibkarlıqla məşğul olmağa verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqları borclular İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti , Nizami RİH və Ədliyyə Nazirliyinin məsul şəxslərinin saxta şəhadətnamə ilə mütəşəkkil cinayətlə ələ keçirib satmalarından baş prokurorluğun  161 – korrupsiya ilə bağlı qaynar xəttinə şikayət tələbkar Qarabağ qazisinin özünə qarşı saxta cinayət işi ilə sonuclanıb.

Heç demə, 66 yaşlı 1-ci dərəcəli Qarabağ qazisinin 2022-ci ilin 3 sentyabrında körpə nəvələrinə stress, psixoloji travma yaşadaraq 10-dan çox polisin zoru ilə 24-cü Polis Şöbəsinə aparılıb qol-qabırğalarının sındırılması, iki sutka məhkəmə qərarı olmadan həbsdə saxlanılması, evində axtarış aparılıb kompüterin götürülməsi “baş prokurorluqda açılan cinayət işinin istintaqının Nizami polisində davam etdirilməsi ilə bağlı imiş.”  

Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlının 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verilməsinə,  körpə nəvələrinin,  ailəsinin  terrorizə edilməsinə verdiyi qiymət üç aydan sonra göndərdiyi məktubda əksini tapıb : “ ..hüquq verən rəsmi sənədləri saxtalaşdırmağınız faktı üzrə 28.06.2022-ci ildə Azərbaycan Respublikasının Baş prokurorluğunda CM-in 320.1 ( rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddəsi ilə cinayət işi başlanılmış  və ibtidai istintaqın davam etdirilməsi Nizami RPİ-nin istintaq şöbəsinə həvalə edilmişdir. “

 BAŞ PROKURORUN , HÜQUQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU OMBUDSMAN APARATININ RƏHBƏRİNİN  VƏ SÖZSÜZ Kİ, OMBUDSMANIN ÖZÜNÜN VƏ BU MƏLUMATIn qaynağı BAKI ŞƏHƏRİ BAŞ POLİS İDARƏSİNİN TƏŞKİLAT İNSPEKTORUNUN “kəllə-mayallaq” subordinasiya hüququ”na “bərəkallah” demək hüququmuzdan yararlanıb, “insan hüquqları nağılı”nı oxumağa davam edək :” İstintaqdan yayındığınıza görə, 11.08.2022-ci ildə barənizdə axtarış haqqında qərar qəbul edilmiş, 03.09.2022-ci ildə Nizami RPİ-nin 24-cü  PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmisiniz. “

BAŞ PROKURORA, OMBUDSMAN APARATININ RƏHBƏRİNƏ VƏ TƏBİİ Kİ, OMBUDSMANIN ÖZÜNƏ uydurduqları istintaq -cinayət işi nağılına görə  YENİDƏN “BƏRƏKALLAH” DEMƏK HÜQUQUMUZDAN YARARLANAQ . Bəyəm yataq xəstəsi  1-ci dərəcəli Qarabağ qazisi “ovcunun için iyləmişdi” ya Nostradamusdur ki, barəsində baş prokurorluqda cinayət işi başlanılmasından, baş prokuror Kamran Əliyevin cinayət işini Nizami RPİ-nin müstəntiqi Qalib Kərimliyə göndərməsindən, istintaqdan yayınmasından , axtarış qərarından xəbər tutsun? TUTULMUŞ ŞƏXSİN İSTİNTAQA,  MƏHKƏMƏYƏ YOX, MÜVƏQQƏTİ SAXLAMA YERİNƏ TƏHVİL VERİLMƏSİNƏ İSƏ “ÖZƏL BƏRƏKALLAH” DÜŞÜR.

Hələ “bərəkallah” demək hüququmuzdan çox yararlanacağıq,  “hüquq nağılı”nı oxumağa davam edək : “Nizami rayon məhkəməsinin 05.03.2022 tarixli qərarı ilə yaşadığınız ünvana baxış keçirilərkən iş üzrə sübut əhəmiyyətli olan, ona  (kimə? -M. B. ) məxsus “Dell” markalı kompüter götürülmüş və həmin gün başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir”. “BƏRƏKALLAH”IN YEKƏSİ BUNA DÜŞÜR, SENTYABRIN 3-DƏ TUTULAN ŞƏXSİN EVİNDƏ 2 sutka sonra  5-DƏ AXTARIŞ APARILMASI, HƏBSDƏ OLAN ŞƏXSƏ “BAŞQA YERƏ GETMƏMƏK QƏTİMKAN TƏDBİRİ SEÇİLMƏSİ” (həbsdəki şəxs başqa yerə necə gedə bilər?- M. B. )  NAĞILINA “bərəkallah” deməyəsən, bəs nə deyəsən?

Ombudsman  (Aparatı ) polisdən aldığı cavabla “polisin qanunazidd hərəkətləri barəsində xüsusatların təsdiqlənmədiyini” (cavabın özü bu xüsusatları təsdiq etmirmi? -M. B. ) bildirib. “BƏRƏKALLAH” BELƏ MÜVƏKKİLLİYƏ!

Ombudsman Aparatına Nizami prokurorluğundan verilən cavab da “bərəkallah”a layiqdir : “ Aparılmış araşdırma nəticəsində 03.09.2022-ci ildə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sabiq rəis müavini Natiq Hüseynov, sahə müvəkkili Elçin İslamov ( bəs digər 10 nəfər polis ?- M. B. ) tərəfindən QANUNSUZ TUTULARKƏN, fiziki işgəncələrə məruz qalmağımız, evinizdə məhkəmə qərarı olmadan axtarış aparılması barədə xüsusatlar təsdiqini tapmamışdır”. Belə çıxır, şəxsin QANUNSUZ TUTULMASI qanun pozuntusu sayılmır? Bu da növbəti “kəllə-mayallaq” hüquq! (?) Hələ biz işgəncəni sübut edən Sabunçu rayon xəstəxanasının, DİN qospitalının rentgen müayinəsinin, Səhiyyə Nazirliyinin Nizami rayon məhkəmə tibbi ekspertizasının rəyini demirik. Bu “xüsusatlar” işgəncə faktını sübut etmir, yoxsa gizlədilir? Cinayətin ört-basdır edilməsinin özü cinayətdir.

İndi növbə baş prokuror Kamran Əliyevindir, yenə “nağıl danışmaq hüququ” ilə baş qatacaq, yoxsa onun adından başlanıb Nizami polisinin müstəntiqi Qalib Kərimliyə ötürülən saxta cinayət işinə,  işgəncə faktına, Nizami prokuroru Pərviz İbayevin (eləcə də Ombudsmanın) cinayəti ört-basdır etməsinə,  Nizami məhkəməsinin  (hakimi Nigar Qədirlinin) , Xətai məhkəməsinin  (sədri Rəşid Rzayevin, keçmiş hakimi Raziyə Ataşovanın ) Ədliyyə Nazirliyinin icra baş idarəsinin  (icraçı Ceyhunun) mütəşəkkil cinayət əməlinə hüquqi qiymət verilməsini təmin edəcək?

Fakt ortadadır, 1-ci dərəcəli Qarabağ qazisinin daşınar-daşınmaz əmlakını saxta şəhadətnamə ilə ələ keçirənlər baş prokuroru da, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisini, tabe prokurorları da , Ombudsmanı , Aparatını da satın alıblar. Ona görə də “kəllə-mayallaq” hüquq qüvvədədir : Tələbkar borclu çıxarılır, 161-ə  şikayət edənə cinayət işi açılıb, polisə işgəncəyə göndərilir. … “BƏRƏKALLAH” DÜŞÜR, ya YOX?

Məğrur BƏDƏLSOY

 

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.145514