Saat:16:47
Haqqımızda

Baş nazirin Naxçıvandakı diplomatlarla bağlı qərarı - Nələr dəyişdi?

2025-12-03 15:35:13

Baş nazirin Naxçıvandakı diplomatlarla bağlı qərarı - Nələr dəyişdi?

Nazirlər Kabinetinin son qərarı əsasında Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı (MR) İdarəsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Yeni Sabah”ın sorğusuna cavabında bildirib ki, söhbət əvvəl yayılan xəbərlərdə qeyd edildiyi kimi, idarənin ləğvindən yox, onun Azərbaycan XİN-in Aparatının strukturuna daxil edilməsindən gedir.

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 5 may 2025-ci il tarixli 383 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında yeni Əsasnamə və XİN-in yeni strukturu təsdiq olunub. Təsdiq edilmiş struktura əsasən, XİN-in Naxçıvan Muxtar Respublikasında idarəsi Nazirliyin Aparatına daxil edilib.

Beləliklə, XİN-in Naxçıvan Muxtar Respublikasında İdarəsi ləğv edilməyib, sadəcə digər idarələr kimi Nazirliyin Aparatının struktur bölməsi kimi müəyən edilib”, – deyə XİN sözçüsü yayılan məlumatları şərh edərkən qeyd edib.

Bəs, idarənin əvvəlki statusu necə olub?

Ayxan Hacızadə bildirib ki, XİN-in Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əvvəl Nazirliyin Aparatından kənar ayrıca struktur bölmə kimi fəaliyyət göstərib. Prezidentin 14 iyul 2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş XİN-in strukturuna əsasən, sözügedən idarə Aparata daxil olmayan struktur bölmə statusunda müəyyən edilmişdi.

XİN sözçüsünün sözlərinə əsasən, 5 may 2025-ci il tarixli 383 nömrəli Fərmanla XİN-in yeni strukturu təsdiq edilərkən, Naxçıvandakı İdarə artıq Aparatdan kənar ayrıca qurum kimi nəzərdə tutulmayıb və həmin Fərmanla Xarici İşlər Nazirliyinə bu idarənin bazasında Nazirliyin Aparatının müvafiq struktur bölməsinin yaradılması barədə tapşırıq verilib.

“Fərmanın 7-ci hissəsi ilə XİN-in əvvəlki strukturu ləğv edilib. Verilən tapşırıqdan irəli gələrək XİN-in Aparatının Naxçıvan Muxtar Respublikasında idarəsi yaradılıb”, - XİN sözçüsü əlavə edib.

Sözügedən qərara əsasən, “Diplomatik xidmət haqqında” Qanunun təminat və kompensasiyalarla bağlı qaydalarına terminoloji dəyişikliklər də edilib. Qərardan aydın olur ki, qanunda nəzərdə tutulan:

“...diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin edilən nümayəndələrə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nda

“Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin” sözləri

“Respublikası diplomatik nümayəndəliklərinin” sözləri ilə əvəz edilib.

Bu isə öz növbəsində Azərbaycan XİN-in Naxçıvan İdarəsinin əməkdaşlarına da qanunvericiliklə nəzərdə tutulmuş təminat və kompensasiyaların verilməsi hüququnu yarada bilər.

Maraqlıdır ki, “Diplomatik nümayəndələr üçün təminat və kompensasiya qaydalarının şərtləri XİN-in Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarına da şamil olunurmu” sualı ilə XİN-ə müraciət etsək də, məsələ ilə bağlı rəsmi mövqe əldə etmək mümkün olmayıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bu sualla bağlı “Əlavə şərhimiz yoxdur” cavabını verib.

Beləliklə, Nazirlər Kabinetinin qərarı XİN-in Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin hüquqi statusunu dəyişdirərək onu mərkəzi Aparata daxil edib. Bununla yanaşı, təminat və kompensasiyalarla bağlı terminoloji dəyişikliklər Naxçıvandakı diplomatik strukturların əməkdaşlarının sosial və maliyyə təminatları ilə bağlı yeni hüquqi imkanlar yarada biləcəyi ehtimalını da gündəmə gətirir. Lakin bu məsələyə rəsmi mövqenin açıqlanmaması hələlik mövzunu açıq sual kimi saxlayır.