Saat:16:31
Haqqımızda

Bankların gəlirləri və simicliyi: biznesə pul niyə verilmir?

2022-01-28 14:07:00

Bankların gəlirləri və simicliyi: biznesə pul niyə verilmir?

Son illərdə banklarda sərbəst vəsaitlərin getdikcə artması müşahidə olunur, amma eyni artım sürətini biznes kreditlərinin həcmində görmək mümkün deyil...

Azərbaycanda biznes üçün bank kreditlərinin əlçatanlığı daim problemli məsələlərdən biri olub, olmağa da davam edir. Baxmayaraq ki, son illərdə banklarda sərbəst vəsaitlərin getdikcə artması müşahidə olunur, eyni artım sürətini biznes kreditlərinin həcmində görmək mümkün deyil. Bunun səbəbi nədir? Niyə banklar vəsaitlərini biznesin kreditləşməsinə yönəltmirlər, yaxud yönəldə bilmirlər?

Sualları cavablandıran iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, Azərbaycan bank sektoru yarandığı tarixdə heç vaxt rastlaşmadığı struktur profisit vəziyyətlə üzləşib: “2021-ci ilin yekunlarına görə, pul bazasının 32 faiz artması fonunda nağd pul kütləsi cəmi 4 faiz genişlənib. Lakin pul bazasının əsas elementlərindən olan kommersiya banklarının Mərkəzi Bankdakı (MB) müxbir hesabları 2.3 dəfə genişlənib. Müxbir hesabların pul bazasında payı 41,5 faizə çatıb. Halbuki əvvəlki illərdə bu göstərici 23-25 faizdən çox olmayıb.

Qeyd edim ki, struktur profisit o vəziyyətdir ki, kommersiya banklarının Mərkəzi Bank qarşısında tələbləri onun banklar qarşındakı tələblərini üstələyir. Əksi olduğu şəraitə struktur defisiti deyilir. Belə nəhəng struktur profisiti nəyin göstəricisidir?

İqtisadiyyatın bank sektorunun vəsaitlərini həzm edə bilməməsinin göstəricidir. Ölkədə sürətlə genişlənən, rəqabətqabilliyyətli biznes sektoru mövcud deyil. Azərbaycan kimi daxili bazarı kiçik ölkələrdə biznesin bank sektoruna uyğun genişlənməsi üçün ixrac potensialının genişləndirilməsi lazımdır. Üstəgəl, resurslar çox bahadır, pandemiyanın təsirindən hələ də bərpa oluna bilməyən biznes üçün xüsusilə ağır şərtləri var kredit cəlb etməyin. Banklar risklərin də ciddi şəkildə artdığını bildirirlər. Bir ilin içərisində depozitlər hesabına bankların resurs bazasının az qala 5.5 milyard manat genişləndiyi şəraitdə kreditləşmə cəmi 2,6 milyard manat artırsa, ortada qalan vəsaitin struktur profisiti köpük kimi şişirməsi qaçılmazdır. Bu mənzərənin gerçək adı “struktur profisit” böhranıdır. Demək ki, profisit həmişə adına uyğun pozitiv (müsbət) bir şey deyil. Görünür, elə buna görədir ki, bank statsitikasında “struktur profisit” mənfi ilə işarələnir"

Rövşən Ağayev: “Vətəndaşlarımızın minimum ehtiyaclarını aclıq həddiylə  müəyyənləşdiririk”

 Rövşən Ağayev 

Ekspert bildirir ki, hazırkı şəraitdə biznes mövcud olan maliyyə resursları hesabına milli gəliri artıra, iqtisadiyyatın potensialından istifadə edə bilmir: “Məsələn, biznesin cəlb etdiyi kredit resursları hesabına yatırdığı sərmayədən əmək haqqı, mənfəət formasında gəlirlər də yaranmalıdır ki, sonradan onların da hansısa hissəsi yenidən depozit şəklində bank sektoruna qayıtsın. Mərkəzi Bankın açıqladığı illik hesabata görə pul multiplikatoru 2014-cü ildən sonra ən aşağı səviyyəyə (1,75-ə) düşüb. Son 5 ildə həmin göstəricinin hətta 2.8-ə qədər yüksəlməsi qeydə alınmışdı və hazırkı səviyyə həmin maksimumdan az qala 40 faiz aşağıdır. Məlumat üçün deyim ki, bu göstərici geniş pul kütləsinin (M3) pul bazasına nisbətidir. Mahiyyəti odur ki, bank sektoru yığımların (depozitlərin) daha sürətlə genişlənməsi hesabına Mərkəzi Bankın emissiya edib sərəncam verdiyi nağd pulun üzərinə nə qədər qeyri-nağd pul kütləsi əlavə edə bilir. Bilirsiniz ki, iqtisadiyyatda olan pul kütləsi nağd pulla qeyri-nağd pulun cəmindən ibarətdir. Burada nağd pul deyərkən həmçinin ehtiyatlar və müxbir hesablardakı vəsaitlər də nəzərdə tutulur. Qeyri-nağd pul nə qədər sürətlə artıb, nə qədər böyük həcmdə olubsa, pul multiplikatoru da bir o qədər yüksək olar. Hazırda müxtəlif ölkələrdə yaxşı hesab edilən səviyyə 3,5 və bundan daha yüksək olan göstəricidir”.

R.Ağayevin sözlərinə görə, reallıqda qeyri-nağd dövriyyəni artıran əsas həlqə bank-maliyyə sektoru olsa da, bu, iqtisadiyyatın potensialına bağlı məsələdir: “İqtisadiyyatın bankların əlində olan mövcud maliyyə resurslarına tələbatı da, həmin resursların istifadəsi hesabına milli gəliri artırmaq potensialı da yüksək olmalıdır ki, əldə olunan qazancların bir hissəsi qənaətə çevrilib depozit kimi banklara qayıtsın. Nəzəri olaraq emissiya edilmiş hər manat əlavə 4 manat yığıma çevrilə biləcək əlavə 4 manata yarada bilmirsə, demək ki, iqtisadiyyatın əlavə dəyər yaratmaq potensialı da minimum səviyyədədir. Mərkəzi Bankın çap maşınının sürəti iqtisadiyyatın potensialından istifadə sürətini əhəmiyyətli dərəcədə qabaqlayanda multiplikatorun da səviyyəsi azalmaqda davam edir. İqtisadiyyatın real böyümə sürətinin 5%-dən bir az çox olduğu şəraitdə pul bazası 33 faizə yaxın, qeyri-nağd pul kütləsi isə 29 faiz artıb”.

Ekspert qeyd edir ki, 2021-ci ilin bank icmalı statistikasına əsasən, bank sektoru üzrə resursların cəmi 43 faizini kreditləşməyə yönəldib: “Yəni sahib olduqları hər 100 manat vəsaitin cəmi 43 manatı kredit kimi verilib. Nəzərə alın ki, ümumi kreditlərin də yarısı ev təsərrüfatlarına gedib. Bank sektorunda yüksək təmərküzləşmənin və qeyri-sağlam rəqabət mühitinin burada yaratdığı ciddi problemləri olduğunu düşünürəm. Bank sektorunun aktivlərinin az qala yarısından çoxuna sahib olan 3-5 bankla yerdə qalan banklar üçün bərabər şərtlər və fürsətlər təmin edilməyib. Ən böyük resursları olan banklara həm də dövlət hesablarına, sosial kartlara xidmət sahəsində müstəsna imtiyazlar verilib. Bu, hər hansı risk almadan zəmanətli gəlir mənbəyinə sahib olmaq deməkdir. Qeyri-bərabər şərtlər kreditləşməyə, biznesdən pul qazanmağa marağı azaldır. Bu, sırf bankların özü ilə bağlı problemdir. Bunu aradan qaldırmaq üçün dövlət hesablarına xidmət üçün banklar arasında açıq müsabiqələr olmalıdır. Hökumətin müəyyən etdiyi tələblərə cavab verən hər bir bank dövlət hesablarına və sosial kartlara xidmət imkanı qazanmalıdır. Dövlət resurslarından bank sektoruna gedən hissə adil bir şəkildə banklar arasında bölünməlidir. Eyni qaydada, Mərkəzi Bankın resurslarına bankların əlçatanlığı tam bərabər şərtlər daxilində olmalıdır. Belə olarsa, daha asan gəlirləri imtiyazla qazana bilməyən iri banklar biznesə gəlir mənbəyi kimi baxmağa məcbur qalacaq”.

R.Ağayev də hesab edir ki, resurslar çox bahadır: “Məsələn, 2021-ci ilin nəticələrinə görə, bank sektorunun hər 100 manat kreditə görə əldə etdiyi faiz gəlirləri depozitlərə görə ödədiyi faiz xərclərindən az qala 3 dəfə çoxdur. Şübhəsiz ki, resursların bahalığında bankların da üzərinə düşən hissə var, ümumi iqtisadiyyatdan gələn problemlər də. Bankların burada əsas məsuliyyəti menecmentin nə dərəcədə səmərəli təşkil edilib-edilməməsi ilə bağlıdır. Bunun üçün ayrı-ayrı bankların administrativ xərclərinin həcminə, depozitlərdən kənar ucuz resurslar cəlb etmək üçün nə dərəcədə yaxşı işlənmiş strategiyaya, mükəmməl hazırlanmış risk menecmentinə və bunları həyata keçirmək üçün peşəkar komandaya malik olmasına baxmaq lazımdır. Amma resursların bahalığının az hissəsi bank sektorundan qaynaqlanır. Burada ümumi iqtisadi şərtlərin ağırlığının bank sektorunun özündən qaynaqlanan səbəblərin çəkisindən daha yüksək olduğunu düşünürəm. Əvvəla, bank sektorunda rəqabət olması üçün rəqabətqabiliyyətli iqtisadiyyat olmalıdır. Biznes özü kredit götürməyə maraqlı olmalıdır, kredit almaq üçün bankları bir-biri ilə rəqabət aparmağa məcbur etməlidirlər. Bu isə o zaman olur ki, yüksək əlavə dəyər yaratmaq qabiliyyəti olan çoxlu sayda biznes subyektlərinin bankların xidmətlərinə nəhəng həcmdə tələbatı yaranır. Resursların baha olmasının ikinci mühüm səbəbi isə iqtisadiyyatda risklərin yüksək olmasıdır. Normal iqtisadiyyatlarda kreditlərin geri qayıtma riskini ölçən bir alət var. Buna ingiliscədə Credit Default Swap (CDS) deyilir. Bizim dilə tərcüməsi ”Kredit riski dərəcəsi" ola bilər. Bunun mənası odur ki, sığorta sistemi götürülən kreditləri hansı fazilə sığortalayır. Kreditin geri qayıtma riski nə qədər yüksəkdirsə, CDS də o qədər yüksək olur. Bizdə, açığı, bu göstəricinin hazırda hansı səviyyədə olduğunu bilmirəm. Çünki bizdə heç kreditlərin sığortalanması sistemi işləmir. Doğrudur, dünyada bu, daha çox qlobal bazarlardan cəlb olunan resurslara münasibətdə tətbiq edilir. Amma daxildə də istifadə etmək olar. Yerli sığorta sistemi bankların kredit risklərini sığortalamağı üzərlərinə götürə biləcəyi potensiala sahib olanda, banklar daha rahat kreditləşməyə gedəcək, resurslar isə daha ucuz olacaq. Bir sıra bankların dövlət qiymətli kağızları hesabına yüksək faizlə gəlir əldə etməsi də bir sıra iri bankların riskli hesab etdikləri kreditləşməyə marağını azaldır. Nəhayət, Mərkəzi Bankın bank sektoruna resursları artmalıdır. Hazırda bu dəstək son dərəcə kiçikdir".

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Əkrəm Həsənov

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov isə bildirir ki, banklardakı vəsait bolluğu real deyil: “2017-ci ildən etibarən dövriyyəsindən (200.000 manata qədər və ondan yuxarı) asılı olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə ay ərzində müvafiq olaraq 15.000 və 30.000 manatdan çox vəsaiti nağdlaşdırmağa imkan vermirlər. Əsas kimi 2017-ci ildən qüvvəyə minmiş ”Nağdsız hesablaşmalar haqqında" Qanuna istinad edilir. Halbuki əslində sözügedən qanunun 3.3-cü maddəsinə əsasən fərdi sahibkarlar və hüquqi şəxslər sadəcə, ay ərzində həmin limitdən artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir. Nağdsız hesablaşmanın da nə demək olduğu həmin qanunun 3.1-ci maddəsində təsbit edilib: söhbət digər şəxsə vəsaitin verilməsindən gedir. Yəni hər kəs öz hesabından istədiyi qədər vəsaiti çıxarıb kassasında saxlaya bilər (və bu da ədalətlidir, çünki etimadı zorla qazanmaq olmaz: banklar müflisləşəndə ilk növbədə sahibkarlıq subyektlərinin vəsaiti batır və dövlət onlara təminat vermir). Əsas odur ki, ay ərzində başqalarına nağd qaydada sözügedən limit çərçivəsində ödəniş etsin.

Göründüyü kimi, banklar qanunu tamamilə yanlış tətbiq edərək süni şəkildə yüksək likvidliklərini təmin edir. “Kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində xeyli şirkət “ağardığı” üçün bankların depozit bazası bir qədər də artıb. Amma həmin vəsaitləri kredit verməyə də qorxurlar. Çünki bilirlər ki, vəsaitlərin əksər hissəsi onlarda xoşluqla deyil, məcburən saxlanılır".

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR