Saat:16:44
Haqqımızda

“Baləli “Range Rover”də gəzir, Şərif Ağayar boş-boş danışır” – MÜSAHİBƏ

2024-01-26 20:09:59

“Baləli “Range Rover”də gəzir, Şərif Ağayar boş-boş danışır” – MÜSAHİBƏ

Ötən gün Gəncədə məktəblilər arasında baş vermiş bıçaqlanma hadisəsi ölkədə ciddi rezonans doğurub. 17 yaşlı Raulun ölümü ilə nəticələnən kriminal hadisə cəmiyyəti, sözün əsl mənasında, silkələdi. Hadisənin məktəb ərazisində baş verməsi faktı isə təhsil sahəsindəki boşluqlarla əlaqələndirilir, yeniyetmələrin təhsildən, kitabdan, mütaliədən kənar düşməsi, kriminal aləmə meyllənməsi tənqid olunur.

Bu kontekstdə yazıçı Şərif Ağayarın sosial şəbəkə platformasında paylaşdığı fikirləri isə daha diqqətçəkən oldu. Yazıçı belə faciəvi hadisələrin kökündə əsasən iki faktorun dayandığını önə çəkib. Onun fikrincə, meyxana aludəçiliyi və kitabdan uzaq düşmək yeni nəsli uçuruma aparan ən əsas amillərdir.

Hurriyyet.Az bildirir ki, Konkret.Az mövzu ilə bağlı yazıçı Şərif Ağayardan müsahibə götürüb.

– Necə hesab edirsiniz, meyxana ilə gənclərin kriminala meyllənməsi arasında hansısa əlaqə varmı?

– Bir subkultura kimi meyxananın mahiyyətində kriminal aləmə rəğbət var. Bu həm də geniş auditoriya qazanmaq üçün vasitədir. Yəni kriminal aləmə maraqdan istifadə edərək gəncləri ətraflarında saxlamağa çalışırlar. Müşahidələr göstərir ki, bıçaqlama, “razborka” kimi hallar meyxana aləmində daha yayğındır. Meyxananın ciddi ədəbiyyat olmadığını şərtləndirən ən vacib amillərdən biri də elə budur. Yəni həqiqi ədəbiyyat, həqiqi söz kriminal dünyaya heç vaxt rəğbət bəsləyə bilməz. Sözsüz ki, orada da yaxşı insanlar, ləyaqətli oğlanlar var. Mənim özüm də uzaqdan-uzağa da olsa, bu sahədə tanınan insanlara hörmət və ehtiramım var.

– Sizcə, meyxananın kriminallaşmasının səbəbləri nədir?

– Fakt odur ki, meyxana həm şoudur, həm də kriminal aləmin xüsusiyyətlərini daşıyır. Meyxanaçılar kriminal aləmin mədhiyyəsi ilə məşğul olmasalar, geniş auditoriya itirərlər. Kriminal aləmdə avtoritet kimi tanınan çoxlu adam olub. Bəzən Tiktokda qarşıma onlarla bağlı videolar çıxır, müşahidə edirəm ki, o insanlara böyük sevgi var. Adam buna heyrət edir. Bu, artıq nə iləsə maraqlanmaq deyil, düşüncə qabiliyyətini itirməkdir, bir şeyin qarşısında yoxa çıxmaqdır. İnsanın yalnız Tanrıya belə sevgisi ola bilər. Amma kriminal dünyanın adamlarına qarşı hədsiz sevgi çox qorxulu tendensiyadır. Bu axına düşən insanların mütləq əksəriyyəti həm də dindardır. Bir gecədə imamların adını əzbərləyib meydana çıxan, özlərini mütəfəkkir hesab edənlərdir. Yəni dinə və kriminal aləmə bağlı bu cür insanlar çox təhlükəlidir. Onlar valideynlərini də öldürə bilər, qanunlara itaətsizlik də göstərər. Belələrinin sayının artması Azərbaycan üçün böyük fəlakədir. Ən böyük faciə isə odur ki, bu gün cəmiyyətdə cinayət törətmiş, kriminal aləmdə azacıq ad çıxarmış adama olan sevgi Azərbaycanın Nizamidən tutmuş Aqşin Yeniseyinə qədər bütün yazıçılarına, şairlərinə, qələm adamlarının topasına qarşı yoxdur.

– Hesab edirsiniz ki, Gəncədə baş vermiş qətl faktında da bu amillərin rolu olub?

– Kriminal aləmdə avtoritet kimi tanınan sabirabadlı Hikmət də ali təhsilli idi və həmişə ona özünü bənzətmək istəyən gənclərə “ali təhsil alın, kitab oxuyun, bu aləmə maraq göstərməyin”, – deyirdi. Çünki özü də ləyaqətli oğlan idi, gəncləri kitaba, elmə yönəlmək istəyirdi.

Amma meyxana bunun əksini təbliğ edir. Nəticədə kitabdan uzaq, beyni hay-küylə dolan enerjli gənclər həyata bu cür fokuslanır. Özlərini sanki ədaləti təmin edəcək gücdə hiss edirlər. Mən bunu çox təəssüf və peşmanlıq hissilə müşahidə edirəm. Azərbaycan gəncliyinin kütləvi şəkildə kitabdan uzaq düşməsi faciədir. Bu, bəzi qüvvələrin dəyirmanına su tökə bilər. Çünki bu cür düşüncənin insanlarını idarə və istismar etmək çox asandır. Onların beyni havadadır, reallıq hissini tamamən itirirlər və nəticədə belə neqativ hadisələr baş verir; arvad öldürmə, bacısını bıçaqlama, anasını qətl etmə, məktəbin qabağında qətl törətmək.

Mən indi konkret Gəncədə baş verən hadisənin ayrıntılarından danışmıram. Ancaq əmin ola bilərsiniz ki, onun motivində mütləq kitabdan uzaq düşmək var. Çünki on birinci sinifdə oxuyan, həqiqətən elm öyrənmək istəyən, kitaba bağlı bir insan heç vaxt cibində bıçaq gəzdirib kimisə vurmaq haqqında düşünməz. Bunu edən mütləq şəkildə kriminal aləmə, meyxana dünyasına bağlı bir gəncdir.

– Bunun kökündə nə dayanır?

– Bunun əsaslı səbəbləri var: itaətsizlik, məhkəmə sisteminin çökməsi və s. Yəni insanlar qanunla hüquqlarını təmin edə bilməyəndə istər-istəməz kriminal aləmin nümayəndələrinə rəğbət bəsləməyə başlayırlar. Amma başa düşmürlər ki, bu fəlakətdir. İstənilən məsələnin həllində çıxış yolunu “razborka”da görürsənsə, bu, artıq faciədir.

– Bəs indiki halda meyxananın təhlükəli təsirlərinin qarşısını necə almaq olar?

– Bunun qarşısını almaq mümkün deyil. Əgər bir xətti qısaltmaq istəyirsənsə, onun yanında daha uzun bir xətt çəkməlisən. Bunun qarşısını ancaq kitaba marağı artırmaqla, təhsili inkişaf etdirməklə, ciddi ədəbiyyatı təbliğ etməklə, söz azadlığını təmin etməklə almaq olar. Yəni bunlar cəmiyyətdə öz yerini tutduqca, istər-istəməz meyxana fanatları da azalır. Təəssüf ki, hazırda o sahələrdə ciddi boşluq var, ləyaqətli yazıçı, jurnalist tapmaq olmur, əksəriyyəti yaltaqlıqla məşğuldur. Yəni onların hər birinin yeri boş qaldığı üçün o boşluğu meyxana tutur. Məsələn, efirlərə baxan istənilən gənc görür ki, Şərif Ağayar boş-boş danışır, amma Baləli “Range Rover”də gəzir. Ona görə də gənclər yazıçıya qulaq asmaq istəmir. Hətta qarşımı kəsib deyə bilərlər ki, belə ağıllısansa, niyə bu gündə yaşayırsan? Deməli, Baləli səndən üstündür. Yəni indiki dövrdə kitabdan aralı elə insanlar var ki, hər hansı bir yolla milyonçu ola bilirlər. Xalq “manıs”lara, meyxanaçılara sərmayə qoyur, kriminal avtoritetləri özünün kumirinə çevirir.

– Dedikləriniz meyxanaya qarşı həddindən artıq sərt yanaşma deyil?

– Götürək elə Rəşad Dağlını. Onun meyxanada dedikləri özünü “qaza gətirdi”. Yəni bu hadisədə birbaşa meyxananın təsir elementləri var. Çünki meyxananın intellektlə sanbala minməyən bir sentimental ab-havası var. Rəşad Dağlı bilirdi ki, onu təhqir edən adamı bıçaqlamasa, o, auditoriyasını itirəcək. Onun başqa yolu yox idi. Yəni Rəşadı o cinayətə sövq edən elə onun fanatlarıdır, onlar sosial sifariş verirdilər. Amma Rəşad Dağlının hansı səbəbdən olursa-olsun dostunu bıçaqlaması yolverilməzdir. Yəni dünyada heç bir səbəb insan öldürməyə əsas vermir. Bu, orta əsr düşüncəsidir. XXI əsrdə insan başqa bir insanı öldürməklə çözüm yolu axtarırsa, bu, ya xəstəlik, ya da cahillikdir. Yəni nümunə bu istiqamət olmamalıdır, nümunə Üzeyir Hacıbəyov, Məmməd Əmin Rəsulzadə, Qorxmaz Quliyev olmalıdır. Yenə təkrar edirəm ki, camaat Baləlinin də, Qorxmaz Quliyevin də maddi vəziyyətinə baxır və öz seçimini edir. Ona görə də cəmiyyətdə ziyalı, müəllim, yaxşı yazıçı nümunə kimi təqdim edilməlidir. Amma bizdə bütün sahələrdə ləyaqətsiz adamlar broyler kimi becərilib cəmiyyətə səpələnir və məqsədli şəkildə onlara çoxlu səlahiyyətlər verilir. Kənardan baxanda adama elə gəlir ki, hansısa bir qara əl xalqın genefondunu məhv etmək istəyir. Yəni əgər mənim professorum 300-400 manatla zəlil gündə yaşayırsa, cırıq ayaqqabıda gəzirsə və meyxanaçı təyyarə almaq iqtidarındadırsa, deməli, cəmiyyətdə ciddi problem var. Deməli, xalq dəyərinə sahib çıxa bilmir. Belə olan halda da dövlət əlini daşın altına qoymalıdır, köməyə gəlməlidir. Dövlət də köməyə gəlməyəndə ümid qalır Allaha!

Söhbətləşdi: Sevinc Paşayeva

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR