Bakıya tələbələrdən əvvəl gələn böyük tıxac: - Problemi necə həll edək?

2022-09-13 14:44:00

Bakıya tələbələrdən əvvəl gələn böyük tıxac: - Problemi necə həll edək?

Bu il tıxac Bakıya dərs ilindən və tələbələrdən tez gəlib.

Belə ki, yeni tədris ili başlamamış paytaxtın bir çox küçə və prospektlərində avtomobil sıxlığı müşahidə olunur. Tıxac probleminə görə insanlar mənzil başına vaxtında çata bilmirlər. Bakı Nəqliyyat Agentliyi də dəqiqələrlə dayanacaqlarda avtobus yolu gözləyən şəhər sakinlərinə gecikmənin tıxacla bağlı olduğunu bildirib.

Bəs Bakının tıxac problemi nə zaman həll olacaq, həll yolları nədir?

Hurriyyet.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Bakıda tıxacın qarşısını almaq üçün yeganə vasitə ictimai nəqliyyatı inkişaf etdirməkdir.

O, əsasən, Bakı metrosunun yaratdığı problemlərdən danışıb:

“İnkişaf ictimai nəqliyyatın iki növü üzərində hələlik mümkün ola bilər, yəni avtobus və Bakı metrosu. Belə olan halda biz hazırkı vəziyyətdən qismən çıxış yolu tapa bilərik. Metro şəbəkəsi ölkəmizdə hazırda çox zəif inkişaf edir, bir stansiyanın tikintisi bəzən 8-10 il çəkir, Sovet dövründən hesablasaq 20 il gözləyən stansiyalar olub. Metro şəbəkəsi mümkün qədər geniş və planlı şəkildə inkişaf etdirilməlidir. Təəssüflər olsun ki, metronun inkişaf strategiyasını, gələcək planlarını görmürük. Metro bu gün dövlətə xeyir gətirmir, yalnız dotasiya hesabına yaşayır. Düşünürəm ki, metronu biz özəl şirkətlərə versək, özəlləşdirsək, inanın ki, bundan yaxşı nəticə əldə etmək mümkündür. 30 il ərzində cəmi 3 stansiya açılıb. Bunlar da Sovet dövründə tikilib, tikintisi başa çatmayan stansiyalardır”.

Ekspert ictimai nəqliyyatın fəaliyyətinin açılan iş yerlərinə uyğun olmadığını vurğulayıb:

“Bu gün ən çox tıxac olan nöqtələrdən biri Bayıl istiqamətindən şəhərə gələn yoldur. Mikayıl Hüseynov küçəsi Neftçilər prospekti ilə birləşir və dəhşətli tıxac olur. Qaradağ-Lökbatan istiqamətində çox sayda iş yerləri açılır, bir neçə zavod Ələt İqtisadi Zonasına köçürüldü. Həmin yerlərdə minlərlə insan çalışır. “Binə”, “Sədərək” kimi ticarət mərkəzləri, xarici və digər neft şirkətləri var. Bu insanlar hansısa formada şəhərə giriş-çıxış əldə etməlidir. Bunun alternativini verə bilməmişik. Metronun sarı xətt üzrə 20-ci sahədə stansiyası tikilməli idi”.

Elməddin Muradlı hesab edir ki, bu gün avtobusların gecikməsinin səbəbi tıxac yox, avtobus sayının azlığıdır:

“Avtobuslar sərnişindaşımada tələbə uyğun deyil. Hesablamalara görə, bu gün Bakı şəhərinə ən azı 2600 ədəd iritutumlu avtobus lazımdır. Dövlət tərəfindən vəsait ayrıldı, “BakuBus” üçün avtobuslar alındı. Amma bu da vəziyyətdən çıxış yolu olmadı. Çünki bunun qarşılığında “BakuBus” MMC-ə məxsus 300-dən çox avtobus istismara yararsız hala salınıb, çürüyür. İnkişaf etmək istəyərkən geri düşmüşük. Artıq şirkətlər də yeni avtobuslar gətirməyə maraq göstərmirlər. Səbəb də gediş haqqının aşağı olmasıdır. Onlar gedib 150-200 min manatlıq avtobus alıb gətirirlər, 30 qəpiyə sərnişin daşıyırlar. Sahibkar özü də qazanc əldə etməlidir. Bu, sahibkarlıq fəaliyyətidir. Dövlət tərəfindən ya dotasiya verilməli, ya da bu sahədə inkişaf dayanmalıdır. Necə ki, hazırda inkişaf dayanıb. Bakı Nəqliyyat Agentliyi hər gün informasiya yayır ki, tıxac yaranıb, avtobuslar buna görə gecikir. Avtobus gecikmir, avtobus yoxdur, sayı azdır, “BakuBus”un 100-ə yaxın avtobusu qarajda saxlanılır. Digər özəl şirkətlərin də bəziləri avtobusları xəttə buraxmırlar, etiraz edirlər ki, ziyana işləyirlər”
.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056588