Saat:05:28
Haqqımızda

Bakının Tehrandan 4 mümkün TƏLƏBİ

2024-02-06 12:52:07

Bakının Tehrandan 4 mümkün TƏLƏBİ

İran Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd edilir ki, Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. Gecikmiş olsa da, verilən qərarı ədalətli saymaq olar.

Aydın məsələdir ki, İran bu addımla Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Verilən qərar da rəsmi Bakının istəyinə uyğundur. Yəni qərar icra edildikdən sonra iki ölkə arasında münasibətlərdə yenidən irəliləyiş müşahidə etmək olar. Bununla belə, münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün vaxt lazımdır.

Birincisi, Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılsa da, icrası baş tutmadan münasibətlərin normallaşmasından danışmaq tezdir. Məsələ ondadır ki, Tehran son anda qərarından yayına, ya da hər hansısa oyun edə bilər. Nəzərə almaq lazımdır ki, hadisəni törədən şəxs həmin gün mətbuata açıqlama vermiş, iki gün sonra da hər hansı hüquqi prosedur olmasın deyə ruhi xəstəxanaya yerləşdirilmişdi.

İkincisi, İran səfirliyinə hücum etmiş şəxs edam edilsə də, istintaq prosesi, məhkəmə sənədləri, bir sözlə, bütün məsələlərə dair rəsmi Bakıya izahat verilməlidir. Şəxsin edamı Tehranın özünü təmizə çıxarma cəhdidir. Yəni İran hakimiyyəti edamdan sonra Azərbaycandan üzr istəməlidir.

Üçüncüsü, İran münasibətlərin normallaşmasını və Tehrandakı səfirliyimizin açılmasını istəyirsə, səfirliyin təhlükəsizlik əməkdaşlarının silah gəzdirməsinə icazə verməlidir. Təsadüfi deyil ki, 2023-cü il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev də bu məsələyə toxunmuş və “Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Bir sözlə, həmin şəxs səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız idi. Onun əlində “Kalaşnikov” avtomatı var idi” demişdi.

Dördüncüsü, Tehran “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovu Azərbaycana təhvil verməlidir.

Bütün bunlar baş versə, İranla Azərbaycan arasında qarşılıqlı etimad bərpa olunar və münasibətlər əvvəlki səviyyəyə qayıda bilər. Lakin aydın məsələdir ki, Tehran bunları etməyəcək. Bu da öz növbəsində bir daha İranın münasibətləri normallaşdırmaqda səmimi olmadığını sübut edəcək.

Turan Rzayev,

Politoloq

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR