"Bakının nəqliyyat problemini ancaq bu şəkildə həll etmək olar" - MEMAR
Bakıdakı tıxac və digər nəqliyyat problemləri olduqca, böyük vaxt itkisinə səbəb olur. Adətən, insanlar şəhərin mərkəzinə getmək üçün bir neçə saat yollarda qalırlar. Bu sıxlığın azaldılması, tıxacların aradan qaldırılması istiqamətində müəyyən tədbirlərin görülməsi labüd hal alır.
Bəs nə üçün şəhərin kənar hissələrini mərkəzə birləşdirən körpü tikilmir?
Redaktor.Az-ın sualını tanınmış mütəxəssis, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev cavablandırdı.
O bildirdi ki, bu barədə hələ ki, planda yoxdur, amma dünyanın böyük şəhərlərində körpülər problemlərin həllidir:
"Yaponiyanın paytaxtı Tokioda yollar artıq 4-cü, 5-ci mərtəbəyə çatır. San-Fransiskoda yollar 2-ci mərtəbəyə qaldırılıb. Bu da bir orijinal memarlıq həllidir. Birinci mərtəbədə ancaq avtobuslar, bəzi hallarda digər nəqliyyat vasitələri hərəkət edirlər. Amma bütün yollar 2-ci mərtəbə səviyyəsindədir. Sietlda, Rusiyada, İstanbulda da eyni şərait mövcuddur. Bakının nəqliyyat problemlərini həll etməkdən ötrü belə vasitələrdən istifadə etmək lazımdır".
Memar qeyd etdi ki, yaxın 10-15 il ərzində Bakı bu üsula keçəcək:
"Nə üçün biz bir nöqtədən ikinci nöqtəyə düz yol ilə gedə bilmirik? Mən hesab edirəm ki, artıq müzakirələrə başlamaq lazımdır. Məsələn, Bakının Bayılla Zığ tərəfini, Böyük Zirə adasını birbaşa yolla birləşdirmək mümkündür. Bu, həm də Böyük Zirə adasının inkişafı üçün addımdır, orada istirahət-əyləncə mərkəzi tikmək olar".
Elçin Əliyevin sözlərinə görə, bu layihələr yaxın perspektivdə olduqca bahalıdır, amma uzaq perspektivdə bu layihələri həyata keçirmək daha ucuz başa gələr, nəinki benzinə artıq xərc çəkmək, yolda xeyli vaxt itirmək.
Sevinc İBRAHİMZADƏ