BAKININ KRİMİNAL MƏKTƏBLƏRİ: şagirdlər niyə müəllimlərə yox, avtoritetlərə inanır?

2022-04-25 15:51:00

BAKININ KRİMİNAL MƏKTƏBLƏRİ: şagirdlər niyə müəllimlərə yox, avtoritetlərə inanır?

Son zamanlar təhsil müəssisələrində şagirdlər arasında kriminal aləmə meyillilik halları xeyli artmasıyla bağlı məlumatlar, videolar yayılır. Şagirdlər təhsil almaq əvəzinə cinayət aləminə yönəlir, elm öyrənmək yerinə bu aləmin “qayda-qanunlarına” meyil göstərirlər. Sinif yoldaşlarına qarşı şiddət tətbiq edir, cinayət tərkibli hadisələr törədirlər. Şagirdlərin bir-birini bıçaqlaması, onlar arasında baş verən kütləvi davalar, ciddi xəsarət yetirmə hallarının artması cəmiyyət tərəfindən də böyük narahatçılıq və narazılıqla qarşılanır.

Təhsilalanların təhsilə yox, cinayət aləminə meyl etməsinin səbəbi nədir? Niyə onlar təhsilli insan yox, cinayətkar olmaq istəyirlər?

Müəllim Mahirə Məmmədovanın sözlərinə görə, uşaqların kriminal aləmə meylli olmasında valideynlərin, xüsusən də ataların çox böyük təsiri var:

“Valideynlərin əksəriyyəti uşaqlarına sinfin lideri, ağası, böyüyü olmağı öyrədir. “Döyülmə döy”, “Sən əyilmə, qoy sənin qarşında əyilsinlər” və.s. Bu da həmin uşaqlarda ağalıq, başçılıq etmək, sinifdə öz sözünü keçirmək kimi fikirlərin baş qaldırmasına səbəb olur. Çünki artıq həmin tərbiyə ilə böyüyən uşaqlar sinifdə özlərini ağa, böyük kimi aparmaq istəyirlər. Hərəkətləri ilə sanki özlərini avtoritet hesab edirlər. Özlərindən “qaydalar” kəşf edir və onu sinifdə, şagird yoldaşlarına qarşı tətbiq edirlər. Onlara etiraz edən şagirdləri isə cəzalandırırlar. Son vaxtlar məktəblərdə, şagirdlər arasında baş verən xoşagəlməzliklərin də səbəbkarı məhz belə şagirdlərdir. Mən bir müəllim olaraq şagirdlərin bu kimi davranışlarından çox narahatam. Şagird məktəbdə özünü şagird kimi aparmalıdır, sinif yoldaşları ilə normal şəkildə davranmalıdır. Şagirdlərim arasında özünü şagird kimi yox, avtoritet kimi aparmağa çalışanlar var idi. Bu şagirdlərlə söhbət etdim, danışıqlar apardım, onda müşahidə etdiyim bu davranışların kənardan yaxşı görünmədiyini izah etdim. Sinif yoldaşlarına qarşı etdiyi bu “hərəkətlərə” görə hətta məktəbdən kənarlaşdırıla biləcəyini dedim. Valideynlərini məktəbə dəvət etdim, vəziyyəti açıqladım, məktəbin direktoru da söhbət etdi. Bəzi şagirdlərlə, valideynlərlə aparılan danışıqlar nəticə verdi. Ancaq iki şagirdim hələ də özünü kriminal aləmin adamı kimi aparır. Danışıqlar, söhbətlər fayda vermir. Müəllimi eşitmək istəmir, verdiyi öyüd-nəsihəti qulaqardına vururlar. Şagird yoldaşları ilə ünsiyyət zamanı özünəməxsus ifadələr işlədir, qoyduğu “qaydaları” pozan şagirdlərə qarşı şiddət tətbiq edirlər. Özü də onlar bunu məktəbdən kənarda, dərsdən sonra edirlər. Bu şagirdlərimin gələcək taleyi məni çox narahat edir. Ancaq mən yenə də şagirdlərimi düz yola qaytarmaq istiqamətində səylərimi davam etdirirəm. Ümid edirəm ki, nəticəsi olacaq. Fikrimcə, şagirdlərin kriminal aləmə meyl göstərməsinin qarşısını almaq üçün tək müəllim yox, valideyn, cəmiyyət olaraq səy göstərməliyik. Bu tək müəllimin öhdəsindən gələcəyi iş deyil. Vəziyyətin ciddiliyini nəzərə alıb hamılıqla bu problemi həll etmək istiqamətində işlər görməliyik. Nə qədər ki, gec deyil...”.

 

 

Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, istəsək də, istəməsək də razılaşmaq məcburiyyətindəyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Təlimə o qədər aludə olmuşuq ki, tərbiyə məsələsi yaddan çıxıb, arxa plana keçib. Təhsil tərbiyəni üstələyib. Təhsil olmalıdır, vacibdir. Ancaq tərbiyə də ön planda olmalıdır:

“Bu gün məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi hal, hətta norma kimi qəbul edilirsə, belə hallara məktəbdə digər təhsil müəssisələrində yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır. Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Bununla belə, baş verənlərin səbəblərini aydınlaşdırmağın vacib olduğunu, ancaq belə hadisələr üzərində şoular düzəltməyə ehtiyac olmadığını bildirənlər, tərbiyə və təhsilin bir paraleldə inkişaf edən amillər olduğunu, tərbiyənin müəyyən bir qisminin ailə ilə əlaqəli olub, digər faizinin məktəblə bağlı olduğu qənaətində olanlar da var. Əgər belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üst qurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq”.

Ekspert vurğulayıb ki, məktəblərdə zorakılıq hallarına, şagirdlərin kriminal aləmə meyillənib bir-birinə qarşı müxtəlif “cəzalar”, şiddət tətbiq etməsilə bağlı insanda belə bir sual doğur. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan:

“Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayri-ayrı saytlarda bu qəbildən olan video görüntülərin yayımlanması yolverilməzdir. Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmiş, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Xüsusilə son zamanlar məktəblərimizdə müəllimlər və şagirdlər arasında və bütövlükdə cəmiyyətimizdə baş verən, sadalamağa ehtiyac olmayan bir çox arzuolunmaz neqativ təzahürlər belə bir qənaətə gəlməyə əsas verir”.

N. İsrafilovun dediyinə görə, məktəblilərin qeyri-etik davranışlarının, pis vərdişlərinin formalaşması gələcəkdə onları cinayət törətməyə sövq edə bilər: “Bunun qarşısını indidən almaq lazımdır. Bu gün bu yaşında sinif yoldaşını döyən, cəzalandıran, bıçaqlayan uşaq gələcəkdə daha ağır cinayətlər törədə bilər. Bəzən düşünürlər ki, bütün bu baş verənlər məktəbdə psixoloqların az olması ilə əlaqəlidir. Amma düşünürəm ki, bu bir azda valideynlərin təlim-tərbiyəsi ilə də əlaqəlidir. Tərbiyənin yalnız müəyyən bir qismi təhsil müəssisələrinin payına düşür, demək olar ki, 80 faizi sağlam ailə modelindən asılıdır. Çünki məktəblərdə uşaqların sayı ilə psixoloqların sayı da qətiyyən düz gəlmir. Əlbəttə ki, hazırda vəziyyət ürəkaçan deyil. Yaxşı olardı ki, bu məsələ tez bir vaxtda öz həllini tapardı. Təbii ki, kiçik bir problemin həlli, onun kənar fəsadlarının həllindən çox daha asan olur. Psixoloq yanaşması fərdi şəkildə aparılmalıdır. Nəinki şagirdlərə, bəzən müəllimlərin özləri də yorğun, gərgin iş rejimindən təsirlənirlər. Ona görə də psixoloji xidmətlər həm şagirdlərə, həm də müəllimlərə gərəklidir. Bizdə hələ ki, bu məsələlər yeni-yeni işlənməyə başlayır. Sistem tamamilə uyğunlaşdırıldıqdan sonra bütün bu problemlər öz həllini tapacaq. 30 il keçməsinə baxmayaraq, təhsil sistemimiz Avropa standartlarına uyğunlaşdırılmağa davam edir. Bütün bu yeniliklər, kadr məsələləri, müəllimlərin diaqnostik qiymətləndirilməsi də proseslərə daxildir. Təhsildə psixoloji xidmət haqqında xüsusi əsasnamə var. Bu əsasnaməyə yenidən baxılmalıdır, burada psixoloq üçün nəzərdə tutulan əsas vəzifələr, səlahiyyətlər dəqiq müəyyənləşdirilməlidir. Hazırki əsasnamə isə sadəcə ümumi müddəalardan ibarətdir. Heç bir fərdi yanaşmadan, iş prosesindən bəhs edilmir”.

Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, orta məktəblərin təlim-tərbiyə prosesində mövcud olan ən əsas problemlərdən biri də şagirdlər arasında kriminal aləmə meylliliyin olmasıdır:

 

“Son illərdə orta məktəblərdə şagirdlər arasında şiddətin, kriminal aləmə meyilliliyin artması göz qabağındadır. Bu gün məktəblərimizdə sinif yoldaşına ağır xəsarətlər yetirən, vuran, döyən, bıçaqlayan şagirdlərimiz var. Belə şagirdlərin sayı gündən günə artır. Məktəblərdə bəzi şagirdlər, xüsusən fiziki cəhətdən güclü olan yuxarı sinif şagirdləri özlərini kriminal aləmdəki kimi hesab edərək aşağı sinif şagirdlərinə müxtəlif qaydalar tətbiq edirlər. Onları müxtəlif cəza növləri ilə cəzalandırırlar. Yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərindən pul toplaması, özlərinə tabe etdirməsi kimi faktlar mövcuddur. Bunun ən başlıca səbəbi ümümtəhsil məktəblərində təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır. "Təhsil haqqında" qanunda ümumtəhsil məktəblərinin vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifəsi əks olunsa da, həmin kriteriyalar müəyyənləşməyib. Eyni zamanda, cəmiyyətin özündə də müəyyən boşluqlar var. Televiziyalarda təlim-tərbiyə xarakterli proqramların çox az olması yeniyetmələr arasında kriminal aləmə meyli artırır. Vəziyyətin ciddiliyini nəzərə alıb gec olmadan onun qarşısını almaq üçün maarifləndirmə işlərini artırmaq lazımdır. Bunun üçün KİV-də, xüsusən də məktəblərdə tərbiyə işlərinə diqqət yetirməliyik. Məktəblərdə təlim-tərbiyə işini önə çıxarmaq vacibdir. Bütün bunlar olmadığı üçün sözügedən aləmə meyllik artır. Hazırda ölkə üzrə belə tədbirlər yox səviyyəsindədir”.

Təhsil eksperti qeyd edib ki, bu gün cəmiyyət arasında müəllimlər deyil, avtoritetlər daha çox nüfuz sahibidir. Bu səbəb­dən də vəziyyət bu yerə gəlib çıxıb: “Bütün dünya ölkələri­ndə spirtli içki və siqaretlərin məktəbd­ən müəyyən məsafədə satılması üçün qayda­lar müəyyən edilib. Ancaq bizdə o qaydal­ar qəbul edilməyib. Tütün məmulatlarından istifadə ilə bağlı ardıcıl qanunlar qə­bul edilir, amma hələ də məktəblərdə müə­llimlər siqaret çəki­rlər. Bu şagirdlərin tərbiyəsinə mənfi təsir etsə də, bununla konkret mübarizə aparılmır. Məktəbdə siqaret çəkən müəllim­dən şagirdi nə örnək götürəcək? Siqaret çəkmək pis vərdiş ol­saydı müəllim bunu etməzdi deyəcək”.

Elşən Qafarovun dedi­yinə görə, bu gün öl­kədə müəllim nüfuzu aşağı düşüb. Müəllimə hörmət, ehtiram əv­vəlki səviyyədə deyi­l:
“Əgər müəllimi nü­fuzdan salıb, ona hö­rmət bəsləmək yerinə tənqid və təhqir ed­iriksə, kriminal alə­min üzvünə daha çox rəğbət bəsləyiriksə , əlbəttə ki, məkt­əblərdə müəllim yox, avtoritet hörmətli olacaq. Buna görə də ilk növbədə müəllim­lərin nüfuzunun yüks­əldilməsi istiqamə­tində işlər aparılma­lıdır. Şagirdlərə mü­əllimə hörmət etməyi, onlara hörmətlə ya­naşmağı öyrətmək laz­ımdır. Əks təqdirdə məktəblərdə kriminal aləmə meyilli şagir­dlərin sayı günbəgün artacaq”.

Təhsil jurnalisti Niyazi Şərifsoy deyir ki, son vaxtlar məkəblilərin kriminal aləmə maraqları artıb. Sosial şəbəkələrdə kriminal aləmin təbliğatı güclənib:

"Yeniyetmələrin krim­inal aləmə meyilləri artıb. Bunun qarşısı mütləq alınmalıdır. Burada məktəbin üzərinə düşən vəzifələr var. Məktəbdən başqa cəmiyyətdən irəli gələn məsələlər də var. Sosial şəbəkələrdə son illər kriminal aləmin təbliğatı güclənib. Bu kimi hallar bizim hamımızın məbəd hesab etdiyi məktəbə və məkəblilərə təsir edir”.

N.Şərifsoyun sözlərinə görə, məktəbdə təlim-tərbiyə işinin düzgün qurulması bu hadisələrin qarşısını almağa yardımçı olar:

“Burada sinif rəhbəri­nin, müəllimlərin, psixoloqların rolu böyükdür. Məktəb-valideyn münasibələrinin zəif olması, valideynlərin öz övladlarına qarşı laqeyd yanaşması, kimlərlə oturub-durduğuna, hansı sosial şəbəkələrdən istifadə etdiyini izləməməsi bu kimi hall­arın baş verməsinə səbəb olur”.

N. Şərifsoy bildirib ki, problem bu günün deyil: “ Kriminal aləmə meyl və maraqlarını azaltmaq üçün əsaslı şəkildə iş görülməli, maarifləndirmə işləri artırlmalıdır. Bundan başqa yeniyetmələrin asudə vaxtının təşkilini düzgün qurmaq lazımdır. Onların meyl və maraqlarını faydalı vərdişlərə istiqamətləndirmək lazımdır. Fikrimcə, sosial şəbəkələrdə kriminal aləmlə bağlı videoların yayılmasının qarşısını almaq lazımdır. Başa düşürəm bu çətin prosesdir. Amma dünya təcrübə­sində müəyyən qadağa­ların tətbiqinə rast gəlmək mümükündür”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov hesab edir ki, şagirdlərin kriminal aləmə meyl göstərməsinin kökündə valideynlər dayanır. Valideyn nəzarətindən, diqqətindən kənar qalan uşaqlar səf istiqamətə yönəlir:


“Valideynlər övladlarına daha çox vaxt ayırmalı, təlim-tərbiyəsi ilə daha ciddi məşğul olmalıdır. Valideyn övladını daim nəzarətdə saxlamalı, dərslərini necə oxuması, məktəbdə özünü necə aparması ilə maraqlanmalıdır. Uşaqda mənfi yönə baş verən dəyişikliyin qarşısını almaq üçün valideyn vaxtında tədbirlər görməlidir. Xüsusən də yeniyetməlik dövrünü yaşayan yuxarı sinif şagirdlərinə qarşı daha diqqətli davranmaq lazımdır. Yeniyetməlik dövründə uşaqlar həyatda öz mövqelərini hələ müəyyən etməmiş, həyat baxışları hələ dəqiq olmamış olur. Bu səbəbdən də müxtəlif istiqamətlərə meyillənirlər. Buna görə də valideyn övladını düzgün istiqamət verməli, doğru yol göstərməlidir. Valideynlər ilk növbədə düzgün tərbiyələndirmə aparmalı, övladlarına humanizmi təbliğ etməlidirlər. Uşaqlara humanist olmağı, insanları sevməyi öyrətmək lazımdır. Valideynlər övladlarını məktəbə yola salanda onlara bir sıra təlimatlarını, öyüd-nəsihətlərini verməlidirlər. Hər bir valideyn öz övladının məktəbdə gündəlik davranışı haqda məlumat əldə etməlidir, bilməlidir ki, onun övladı məktəbdə bu gün necə davranıb. Valideynin işi təkcə səhər övladına yemək verib, onu məktəbə yola salmaq deyil. Digər tərəfdən məktəb­lə valideyn arasında ciddi kommunikasiya qurulmalıdır, bu, vacibdir. Ən başlıcası isə məktəblərdə maarifləndirici, tərbiyələndirici söhbətlər, müzakirələr geniş şəkildə aparılmalı, televiziyalarda, sosial şəbəkə platformalarında bu istiqa­mətdə sistemli şəkildə ciddi işlər aparılmalıdır. Şagirdlərin cinayətkar elementlərə marağının artmasında sosial şəbəkələrdə kriminal aləmin xoşagələn, prestijli iş kimi təqdim olunmasının da rolu böyükdür. Biz kompleks şəkildə mübarizə aparmalıyıq. Uzun müddətdir, Azərbaycanda sosial şəbəkələrlə bağlı çox geniş müzakirələr aparılır. Burada diqqət yetirilməsi vacib olan istiqamətlərdən biri gənclərin bu kimi neqativ hallardan qorunması barədə görülən işlərdir. Çünki sosial şəbəkə faktorunun tamamilə qarşısını almaq mümkün deyil, sadəcə daha müsbət işlərdə rol oynamasına köm­ək edə bilərik. Məktəblərdə şagirdlər arasında baş verənlər çox ciddi mətləblərdən xəbər verir, buna etinadsız yanaşmaq olmaz”.

Millət vəkili qeyd edib, şagirdlər arasında baş verən neqativ halların aradan qaldırılması üçün direktorlar da öz məsuliyyətini dərk etməlidir:

“Direktorlar valideynlərlə daha sıx işləməlidir. Əgər hansısa valideynin övladı dərs oxumur, özünü yaxşı aparmırsa, onda kriminal aləmə meyillik hiss olunursa, dərhal o valideyn məktəbə çağırılmalı və fərdi qayda­da söhbət edilməlidir. Müəllimlər və mək­təb rəhbərliyi dərk etməlidir ki, indiki şagirdlər əvvəlki şagirdlərlə eyni deyil. Əgər müəllim görürsə ki, bir şagird özünü yaxşı aparmır, o, məktəb direktoruna, valideynə məlumat verməlidir. Bunun qarşısı vaxtında alınmalıdır. Əks təqdirdə proses dərinləşəcək və qarşısı alınmaz vəziyyət yaranacaq”.

BakuPost


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya