Bakının göbəyində xaraba qalan yurdlar – Meriya “susur”

2022-04-18 14:40:00

Bakının göbəyində xaraba qalan yurdlar – Meriya “susur”

Bakıda şəhərin görünüşünə ciddi xələl gətirən nə qədər desən, olay saymaq olar – bir-birinin içində tikilən və şəhəri cəhənnəmə çevirən göydələnlərdən, ağacların kəsilib, yerində obyektlər tikilməsindən tutmuş, park ərazilərinin zəbt olunmasına, daha doğrusu, yerli icra hakimlərinin nəfislərinə rayonun ərazilərinin və insanların sağlamlığının, paytaxtın havasının və “ab-havasının” qurban getməsinə qədər...

Ancaq indi bunlardan yox, bağlanan, dağılan və yaxud hansısa səbəbdən xarabazara çevrilən yerin elə xaraba günündə də illərlə qalmasına diqqət çəkmək istəyirəm.

Məsələn, “Diqlas”: 2019-cu ilin mart ayında yandı, daşıyıcı divarlar zədələndiyindən, bina yanğından 3 ay sonra tam söküldü və... 3 ildir bura xaraba kimi qalmaqdadır. Yalandan ətrafına küləkdə maşınların üzərinə aşıb, ziyanlıq vurması üçün eybəcər dəmir hasarfason çəkiblər, ərazi özü və ətrafı isə getdikcə zibil yığıntısına çevrilir.

Arxitektura Komitəsi ərazidə hansısa tikinti aparılması üçün müraciət edilmədiyini bildirir, elə rayon İcra Hakimiyyəti də. Yəni obyektin sahibi xaraba qoyulan obyektinin yerini xaraba vəziyyətdə saxlamaqda qərarlıdır.

Bu obyekt kimindir, hansı sövdələşmədə, haram pul qapazlamasında “doğru mövqedə” olmadı və yaxud haram yeyənlərin xoşuna gəlmədi ki, binası yandırıldı, yüzlərlə sahibkar çörəyindən oldu – bu, ayrı söhbətin mövzusudur; kim nə edibsə, necə özəlləşdiribsə və nəyi bölə bilmirlərsə, canları cəhənnəm, o dünyada cavab verərlər – onsuz da bu dünyadakı tərəzi əyri çəkir.

Amma Bakının bir neçə ən böyük prospektindən birinin düz yanında, böyük alış-veriş məkanlarının yerləşdiyi və deməli, insanların gur olduğu ərazidə bu cür xarabazar saxlanılmaz, buna heç bir İH və yaxud meriya razı olmamalıdır!

Bakı meriyasına müraciət edirsən – deyir, özəl mülkiyyətdir, biz qarışa bilmərik; yerli icra da o cümlədən!

Özəl torpaqdır deyə, adam orda xarabalıq yarada bilər? Bu şəhərin bir arxitektura qaydası-filanı yoxdur? Niyə konkret tələb qoyulmur ki, ya ərazini abadlaşdır – tikmirsə, heç olmasa, abadlaşdırsın, – ya da filan müddətdən sonra torpaqdan normal istifadə edə bilməmə əsas gətirilərək, özəlləşmə sənədin məhkəmə qərarı ilə əlindən alınacaq?

Vətəndaşa ayrılan torpaqdan vaxtında və səmərəli istifadə etmədiyi halda o torpaq geri alınır: bu, fərdi təsərrüfat üçün ayrılan torpağa da aiddir, əkin-biçin üçün olana da.

Necə olur, çöllü-biyabanda “səmərəli istifadə etmədiyi” üçün vətəndaşdan 5-6 ildən sonra torpaq geri alına bilir, ancaq şəhərin göbəyində xarabalıq yaradıb, paytaxtın görünüşünün içinə zibil qoyan özəl torpaq sahibinə gözün üstə qaşın var deyilmir?

Bu tələb elə Binəqədi rayonunda yerləşən keçmiş Beynəlxalq Universitetin binasına da aiddir. Az qala 15 ildir qapısına qıfıl vurulan keçmiş ABU-nun binaları dağılır, həyətini ot, zibil basır, ağacları məhv olur – yəni şəhərin görməli yerində böyük bir ərazi xarabalığa çevrilir. Bunun bir hüquqi çarəsi yoxdur? Tələb qoyula bilməzmi ki, ya şəhərin görünüşünə uyğun estetika qorunacaq, həyət-bacaya qulluq ediləcək, ağaclar budanacaq, kol-kos təmizlənəcək, ya da bu müddətdə kiməsə satmalısan – heç biri olmasa, ərazi əlindən alınacaq.

Bakıda nə qədər bu cür yerlər var?

Bu ölkənin sərvətini talayıb, oğurluqla mülk mənimsəyəcəklər, sonra ya ölkədən qaçacaqlar, ya da vəzifədən çıxıb, ev dustağıfason olacaqlar, adlarındakı özəlləşmiş mülklər də getdikcə xarabazara çevriləcək və beləcə qalacaq?

Kult.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya