Saat:11:33
Haqqımızda

Bakının Baş Planından xəbərsiz memar... - “Hansısa məmur nəsə cızmaqla deyil ki...”

2021-08-04 22:42:00

Bakının Baş Planından xəbərsiz memar... - “Hansısa məmur nəsə cızmaqla deyil ki...”

“Bakının yekun Baş Planı hazırdır, onun üzərində son tamamlama işləri aparılır”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, bu ayın sonunda plan Nazirlər Kabinetinə göndəriləcək.

Dövlətxanov sənədin bu vaxta qədər təsdiq edilməməsinə də münasibət bildirib: “Sənəd böyükdür. Ona hər nazirliyin baxaraq fikir bildirməsi vaxt tələb edir”.

Xatırladaq ki, Bakının Baş Planının ilkin versiyası ötən il oktyabrın 9-da ictimaiyyətə təqdim edilib. Layihə paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə, növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Maraq doğuran odur ki, Bakının Baş Planı hazırlanarkən ictimai müzakirələrə açıq olubmu, mütəxəssislər bu işə cəlb edilibmi və paytaxt sakinlərini hansı yeniliklər gözləyir?

Memar Aytəkin İmranova Cebhe.info-ya bildirdi ki, Bakının Baş Planı təsdiqdən əvvəl ayrı-ayrı qurumlara verilməli, onlar da rəylərini bildirməlidirlər: “Sonuncu dəfə bir-iki il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti sonradan etirazını bildirdi. Biz bu müzakirələrdə iştirak etməmişik, bizə demirlər. Heç bir ictimai iştirak təmin olunmur. Bu, beynəlxalq sənədlərdə də öz əksini tapıb, ətraf mühitin formalaşması, ekoloji vəziyyətlə bağlı orada yaşayan insanların rəyi vacibdir. Hansısa məmur nəsə cızmaqla deyil.

Hazırda şəhərə baxın, Bakı Naxçıvandan, Aran rayonlarından istidir. Əslində burada dəniz var, ancaq səbəb odur ki, hər yer tikilib, insanları cəhənnəmə salıblar. Parkda, bulvarda, harada bitki varsa çalışmaq lazımdır ki, beton az olsun. Deyirlər xəstəlik var, şam ağacları quruyur, kəsirlər. Fakt odur ki, parklardan başqa heç yerdə ağaclar sulanmır. Məsələn, Atatürk prospektində yolun qırağında ağacların dibinə tikinti vaxtı sement, məftil belə töküblər.

Şəhərsalma bir bina ilə ölçülmür, burada məktəb, park, yaşıllıq,yol və s.var. Baş Plan hazırlanarkən hər bir amil araşdırılmalı, sorğular göndərilməlidir. QHT-lərə elə yanaşırlar elə bil ki, cinayətkardırlar. Hesabatı hazırlayıb, göndərdib, pulunu almaqla deyil, bu şəhərdə insanlar yaşayacaq.

İctimaiyyətə məlumat verilmədən, hansısa tədbirə 3-4 gün əvvəl çağırılmadan bu müzakirə qapalı sayılır, açıq informasiya sayılmır. Hazırda elə bir dövrdür ki, internetdə axtarıb istənilən informasiyanı tapmaq olar, məmurların gizlətməyi ilə deyil. Qaydalar, qanunlar işləməlidir. Hansısa müstəqil ekspert, memar, ekoloqun fikri nəzərə alınmalıdır.

Hazırda Bakı Azərbaycanın hamısıdır. Yəni Bakı bundan sonra genişlənə, arta bilməz. Altı boşdur, qazdır, neftdir, çökür, sürüşür. Fəlakət olandan sonra nə edəcəklər?” Memar “Azadlıq” prospektini misal gətirib: “Baş Plan hazırlanan vaxt şəhərdə tikinti gedir. 5-10 il monitorinq apardılar. İnsanlar şəhərdə bir kölgə tapa bilmir ki, sığınsın. Şəhəri niyə belə bərbad vəziyyətə qoymusunuz? Ağacları qırdılar, abidələri sökdülər, indi də yeni tikililəri dayandırmalı idilər ki, yenidən sökülməsin.

Ən böyük “Azadlıq” prospektidir ki, ora enişdir, bir balaca tarazlıq lazımdır, yanbayan 20-23 mərtəbəli binalar tikilir. 200-300 manat maaş alan vətəndaşın imkanı varmı bu evləri almağa?”

Memar Baş Planla bağlı böyük müzakirə keçirildiyini müşahidə etməyib:

“Gərək aylarla, ayrı-ayrı müəssisələrdə müzakirələr gedəydi. 3-5-10 gün əvvəl ictimai elan gedibmi ki, bu mövzu müzakirə olunur? Mən nəzarət edirəm, görməmişəm. Şəhərsalma hər şeydir. İnsanın psixikasından tutmuş, dünyagörüşü, sağlamlığı və s. İndi binalar iş- içədir, arasında yer yoxdur, maşın keçə bilmir. Bir zəlzələ olsa, böyük problemdir. Bu tikililər elə-belə olmamalıdır, hamısı elmi araşdırmalara əsaslanmalıdır”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR