Saat:04:11
Haqqımızda

"Bakının addımları, Laçın dəhlizinə nəzarətlə bağlı planları rusları narahat edir" - ASİF NƏRİMANLI

2022-01-21 11:30:00

"Rusların Bakıya dedikləri sözlə əməlinin üst-üstə düşmədiyini bir daha təsdiq edir, yeganə yol Laçın dəhlizində praktiki addımlar atmaq və qaydaları bizim tətbiq etməyimizdir"

"Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Fransa prezidentliyinə namizəd Valeri Pekressin Xankəndinə rus sülhməramlılarının icazəsi əsasında gəldiyini dolayısı ilə etiraf etdi. Rəsmi Bakıya isə xəbərlərinin olmadığını demişdilər. Rusiya XİN-in sözçüsü 10 noyabr razılaşmasının 6-cı bəndinə istinad edir və belə əsaslandırır ki, "sülhməramlı kontingentin komandanlığı sülhməramlı əməliyyatın həyata keçirildiyi ərazini xarici vətəndaşların, beynəlxalq təşkilatların missiyalarının ziyarət etməsinə dair qaydalar müəyyən edib". 10 noyabr razılaşmasının 6-cı bəndində "xarici vətəndaşlar" qeydi yoxdur. Rəsmi Bakı dəfələrlə "xarici vətəndaşların icazəsiz səfərinə" qarşı çıxıb. Prezident İlham Əliyev də bildirib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat Bakının icazəsi olmadan gedə bilməz". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Siyasi şərhçinin fikrincə, görünür, sülhməramlılar özlərindən qaydalar müəyyən edib: "Zaxarova Azərbaycanın bu qaydalardan xəbərdar olduğunu bildirir. O zaman sual yaranır: Bakının sorğusunda cavabda Pekressin gəlişindən "xəbərsiz" olduqlarını niyə bildiriblər? Bu, rusların Bakıya dedikləri sözlə əməlinin üst-üstə düşmədiyini bir daha təsdiq edir. Yeganə yol Laçın dəhlizində praktiki addımlar atmaq və qaydaları bizim tətbiq etməyimizdir. İstisna deyil ki, Bakının bununla bağlı hansısa planları var. Ötən ilin sonunda dəhlizə nəzarət məsələsinin gündəmə gəlməsi, İlham Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlər bu gözləntini artırır".

Asif Nərimanlının sözlərinə görə, Zaxarovanın razılaşmanın 6-cı bəndini xatırladaraq, Azərbaycan prezidentinin "Laçın dəhlizi bizim nəzarətimiz altındadır" sözlərini təkzib etməyə çalışması da deməyə əsas verir ki, Bakının addımları, yaxud dəhlizə nəzarətlə bağlı planları rusları narahat edir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.155327