Bakıda zəbt olunan 52 sot torpaq sahəsi ilə bağlı araşdırma aparılır?
Teymur Cabbarovun müraciəti qəzetimizdə dərc olunduqdan sonra cinayət işi Nizami Rayon Prokurorluğundan alınıb…
“Hürriyyət”in ötən saylarının birində “Şəhər prokurorluğu Baş prokurorun birinci müavininin qərarını necə ləğv edib?”sərlövhəli yazı dərc etmişdik. Bakı şəhər sakini Cabbarov Teymur Fəxrəddin oğlu redaksiyamıza müraciət edərək bildirmişdi ki, paytaxtda mərhum atasına məxsus olan 52 sot torpaq sahəsi onun şəriki tərəfindən qanunsuz olaraq satılıb və pulu mənimsənilib.
O, iddia edirdi ki, 1994-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə atası Cabbarov Fəxrəddin Ziyadxan oğluna Babək prospekti, 2269-cu məhəllədə müddətsiz olaraq istehsalat təyinatlı 52 sot torpaq sahəsi verilib. Bundan sonra “Dədə Qorqud – 10” kiçik müəssisəsinin ərazisi olan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə olunub. Atası rəhmətə gedəndən sonra onun şəriki Ələsgərov Xəlil Məhərrəm oğlu və atasının ikinci həyat yoldaşı Məmmədova Kifayət Məmməd qızı əlbir olaraq, müəssisənin torpaqlarını satıb, pulunu mənimsəyiblər.
Sonradan həmin ərazidə qanunsuz olaraq evlər tikilib. Bu hadisədən sonra - 2018-ci ildə o, bacıları Cabbarova Aynur Fəxrəddin qızı və Cabbarova Nuranə Fəxrəddin qızı atalarının qanuni varisləri olaraq öz haqlarını hüquq müstəvisində əldə etməyə qərar veriblər. Bu məqsədlə Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Hakim 27 aprel 2008-ci ildə Elnur Nağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində onların iddiası təmin olunub. Belə ki, məhkəmə Nizami rayonu, Babək prospekti, 2269-cu məhəllədə yerləşən “Dədə Qorqud – 10” kiçik müəssisəsinə məxsus sahədə inşa edilən evlərin sökülməsi, torpaq sahəsinin boşaldılması haqda qərar qəbul edib...
Daha sonra - 2019-cu ildə Nizami Rayon Prokurorluğu məhkəmənin xüsusi qərardadı əsasında Məmmədova Kifayət Məmməd qızı barəsində cinayət işi açıb: “İstintaqda bir epizod üzrə Məmmədova Kifayət Məmməd qızı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunub. Lakin cəmi bir gün sonra Bakı Şəhər Prokurorluğu cinayət işini müstəntiqdən alıb. Müəyyən müddət keçdikdən sonra isə həmin cinayət işinə xitam verilib”. Teymr Cabbarov bu fikirdədir ki, Ələsgərov Xəlil Məhərrəm oğlu və Məmmədova Kifayət Məmməd qızı Bakı Şəhər Prokurorluğunda kimlərləsə əlaqə yaradaraq, nəyinsə müqabilində cinayət işini Nizami Rayon Prokurorluğunda xitam etdiriblər.
“Bundan sonra, biz Baş Prokurorluğa müraciət etdik. Nəticədə Baş prokurorun birinci müavini Elçin Məmmədov belə bir qərar verir ki, “Nizami rayon prokuroru Pərviz İbayevin cinayət işinin icraatına xitam verilməsi haqqında 24 fevral 2020-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilsin və icraat təzələnsin”. Həmçinin, E.Məmmədovun imzası ilə əlavə istintaqın davam etdirilməsi üçün cinayət işi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Lakin Bakı Şəhər Prokuroluğu 1 il 4 ay ərzində müstəntiqlərə həmin cinayət işinin araşdırılması üçün imkan verməyib.
Şikayətçi deyir ki, bütün bunlardan sonra Nizami Rayon Prokurorluğunu məhkəməyə veriblər: “Məhkəmə xitam qərarının qanunsuz olduğu haqda qərar çıxarıb. Bu dəfə də cinayət işi uzun müddət gizlədildi və daha sonra yenidən Nizami Rayon Prokurorluğunun istintaq şöbəsinə göndərildi. 2021-ci ildən iş orda olsa da, yuxarıdan verilən göstəriş əsasında Nizami Rayon Prokurorluğu heç nə edə bilmir.
İndi müstəntiqə sual verirəm ki, məhkəmə qərarlarını niyə icra etmirsən? Deyir ki, prokuror bu qərarı icra edəcəyim halda, məndən təqdimat yazacağını bildirib. Bir sözlə, prokurorluq məsuliyyəti müstəntiqin, müstəntiq də prokurorluğun üzərinə atır”.
Qeyd edək ki, Teymur Cabbarovun müraciəti qəzetimizdə dərc olunduqdan sonra məlum cinayət işi Nizami Rayon Prokurorluğundan alınıb. Üstəlik, onun özü də Baş Prokurorluğun vəzifəli şəxslərindən biri tərəfindən qəbul olunub və sözügedən cinayət işinin yenidən araşdırılacağı bildirilib.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: “Hürriyyət” olaraq məsələni diqqətdə saxlayacağıq.