Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? - həkimdən xəbərdarlıq
Son günlər uşaqlar arasında naməlum mənşəli xəstəliklə bağlı narahatlıq artıb. Valideynlər övladlarında günlərlə davam edən yüksək hərarət və halsızlığın səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər.
Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39-40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar əksər hallarda olmur. Bu isə xəstəliyin yeni virus olub-olmaması ilə bağlı suallar yaradır.
Qeyd edək ki, son günlər bir sıra ölkələrdə A tipli qrip virusunun H3N2 ştammının yayılması ilə bağlı məlumatlar yayılıb. Ölkənin səhiyyə qurumları bu ştammın dövriyyədə olduğunu bildirib və əhaliyə qoruyucu tədbirlərə əməl etməyi, xüsusilə də risk qrupunda olan şəxslərə peyvənd olunmağı tövsiyə edib. Virusun Türkiyədə və Ermənistanda da aşkarlandığı bildirilir. Səhiyyə mütəxəssisləri qeyd edirlər ki, virusun əlamətləri hər kəsdə eyni olmaya bilər və bəzi hallarda yüksək hərarət, halsızlıq və ümumi zəiflik klassik öskürək və boğaz ağrısı olmadan da müşahidə edilə bilər. Bu səbəbdən xəstəlik əlamətləri uzun müddət davam etdikdə həkimə müraciət etmək və özünü müalicədən çəkinmək tövsiyə olunur.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a açıqlama verən pediatr Gülşən Əliyeva bildirib ki, hazırda uşaqlar müxtəlif şikayətlərlə həkimə müraciət edirlər. Onun sözlərinə görə, əsasən yüksək hərarət - 39-40 dərəcəyədək temperatur müşahidə olunur. Valideynlər çox zaman dərhal həkimə müraciət etmir, bir neçə gün, bəzən isə 10 günədək ev şəraitində müxtəlif simptomatik dərmanlardan istifadə edirlər. Nəticədə uşaqlar artıq müayinəyə gətiriləndə pnevmoniya aşkar olunur. Həkimin sözlərinə görə, bu il müraciət edən uşaqlar arasında pnevmoniya ilə ağırlaşan hallar üstünlük təşkil edir.
Gülşən Əliyeva qeyd edib ki, son günlər bir neçə gün davam edən hərarətdən sonra qusma, ürəkbulanma və ishal şikayətləri ilə müraciətlər də artıb. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də uşaqlar arasında kəskin respirator infeksiyalar və mədə-bağırsaq infeksiyaları daha çox yayılıb. Xəstəliklər uşaqlarda müxtəlif dərəcədə və fərqli ağırlıqda keçir.
Pediatr vurğulayıb ki, müalicə hər bir uşağa fərdi şəkildə, orqanizmin xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur. Ümumilikdə isə müalicənin nəticəsi və proqnozu yaxşıdır: həkimə müraciət edən uşaqlar sağalır və aparılan müalicə qənaətbəxş nəticə verir.
Həkim valideynlər arasında geniş yayılmış “uşaq xəstələnən kimi sistem vurulması” məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, venadaxili infuziya yalnız ciddi tibbi göstəriş olduqda və mütləq xəstəxana şəraitində aparılmalıdır: “Əgər uşaqda ciddi maye itkisi müşahidə olunursa, yalnız bu halda müvafiq göstərişlər əsasında stasionar şəraitdə venadaxili köçürülmə həyata keçirilə bilər. Ambulator şəraitdə, yəni evdə və ya poliklinika səviyyəsində venadaxili infuziyaların aparılması isə düzgün hesab olunmur”
