Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün cərimələndi
Bakıda vətəndaşın mənzilini 30 il zəbt edən keçmiş məcburi köçkün cərimə edilib.
Hurriyyet.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib. Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən ailəsi ilə birlikdə məcburi köçkün düşmüş Azər Xəlilov (ad və soyad şərtidir) Bakıya gəlib. O, 1995-ci ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 57 saylı mənzilini zəbt edib, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlayıblar.
Mənzilin sahibi onlardan evdən çıxmaq tələb etsə də, ailə həmin evi boşaltmayıb. Nəticədə mənzilin qanuni sahibi 1995-ci ildən bu günə qədər kirayələrdə yaşayıb.
2017-ci ildə mənzil sahibi bununla bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə vətəndaşın mənzil hüququnu tanıyıb və məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərar qəbul edib. Amma ailə yenə də mənzili boşaltmayıb və səbəb kimi köçməyə evinin olmadığını bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ailəyə Biləsuvar rayonu ərazisində mənzil təklif etsə də, ailə həmin evə köçməkdən imtina edib. Ailə başçısı bildirib ki, ya ailəyə Lökbatan qəsəbəsində ev verilməlidir, ya da Cəbrayıl rayonunun Aşağı Maralyan kəndində tikilən evlər hazır olandan sonra vətəndaşın mənzilini boşalda bilər. Ailə başçısı məhkəmə qərarının icrasından imtina edib.
Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru hadisə barədə protokol tərtib edir və iş məhkəməyə göndərilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Xəlilov 500 manat cərimə edilib.
Oxu.az
