Bakıda tikinti özbaşınalığı: “Nələrin yaşanacağını fikirləşən yoxdurmu?”

2022-06-06 12:58:00

Bakıda tikinti özbaşınalığı: “Nələrin yaşanacağını fikirləşən yoxdurmu?”

“Uzun illər idi ki, "Bakının Baş Planı" hazır olacaq nağıllarını eşidirdik, heç nə olmadı. Əksinə, şəhərdə tikintiyə icazəni Bakı Şəhər İcra Hakimiyyəti verəndə bu qədər anarxiya yox idi”.

Hurriyyet.az bildirir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib. O, hazırda dərəbəylik olduğunu vurğulayaraq, sabahı fikirləşmədən istənilən şəxsin istənilən yerdə tikinti işləri apara bildiyini deyib:

“Bircə faktı göstərim - bu günlərdə 5 nömrəli xəstəxanadan Həsənoğlu küçəsi ilə Təbriz küçəsinə gedərkən tıxaca düşdüm və ətrafa diqqətlə baxmaq imkanım oldu. Yolun solunda, sağında əvvəllər 3-4 mərtəbəli, çox sağlam, uşaqlar üçün həyətyanı sahəsi olan binalar sökülüb yerində 18-20 mərtəbəli binalar tikilir. Artıq tikilmiş binalar arasında bir santimetr də torpaq yoxdur və davamını da hazırlayırlar. Əgər orada 3-4 mərtəbəli binalar olarkən tıxac varsa, sonrasını təsəvvür edin. Həsənoğlu küçəsinə sağda və solda paralel olan Koroğlu və Ağa Nemətulla küçələri də daim tıxac əlindən keçilməzdirsə, indi tikintidən sonrakı vəziyyəti düşünün. "Pilot layihə" adı ilə 3-4 mərtəbəli evləri söküb yerində 18-20 mərtəbəli binaları tikirlər, infrastruktur isə eyni qalır”.

A.İsmayılov eyni vəziyyətin şəhərin 28 may metrosu ətrafı və bir çox digər yerlərində olduğunu da əlavə edib:

“İnsanların tıxaclarda saatlarla qalması bir yana, əgər yanğın, yaxud digər bədbəxt hadisələr olacağı təqdirdə nələrin yaşanacağını heç fikirləşən yoxdurmu? Yaxud, Bakının mülki müdafiəsini heç düşünən yoxdurmu?! Bu məsələnin hər gün aktuallaşdığını görməmək korluqdur. Bu cür onlarla misal göstərmək olar. Axı bunları görmək üçün xüsusi bilik, təcrübə lazım deyil”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya