Bakıda söküləcək 122 min binanın ünvanını bilən varmı? - ARAŞDIRMA

2022-05-10 11:32:00

Bakıda söküləcək 122 min binanın ünvanını bilən varmı? - ARAŞDIRMA

Paytaxtda mülkiyyət hüquqları ilə bağlı sənədləşmə problemi həll edilməsə, böyük bir xaosla üzləşəcəyik

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis - kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdən keçirilir. Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.

Bu, məlumatın rəsmi tərəfidir. Lakin hazırda Bakıda nə qədər yaşayış binasının olmasına dair heç bir rəsmi statistika yoxdur. Çünki binaların dövlət qeydiyyatına alınaraq, texniki şərt alması problemi hələ də qalır. Bakıda inşa edilmiş yaşayış binalarının böyük əksəriyyətinin mülkiyyət sənədi yoxdur.

Xüsusilə yüksəkmərtəbəli binalarda yaşayan vətəndaşların mülkiyyət hüquqlarının tanınması var. Ümumiyyətlə, sökülməsi planlaşdırılan 122 min bina ilə bağlı aparılan araşdırmalar barədə heç bir detallı informasiya əldə etmək mümkün deyil. Məsələn, bu binaların neçəsi hündürmərtəbəli, neçəsi fərdi mənzil, neçəsi biznes mərkəzi və ya ictimai-iaşə, ticarət mərkəzidir, bəlli deyil.

Bu informasiya Bakının əmlak bazarına çox ciddi mənfi basqı yaradır. Xüsusilə də daşınmaz əmlak bazarında kəskin durğunluq yarada biləcək psixoloji basqıdır. Çünki hansı binanın nə zaman söküləcəyi bəlli deyil. Bundan başqa, mülkiyyət hüququ olmayan binalardan mənzil alınması da səngiyəcək. Səbəb sadədir, sənədsiz, mülkiyyət hüququ olmayan binalar söküləcəksə, o zaman kompensasiya ödənişləri necə həyata keçiriləcək? Ümumiyyətlə, kompensasiya ödənişləri hansı qiymətləndirmə üzrə reallaşdırılacaq? Bu suala da cavab almaq mümkün deyil.

Magistral kommunikasiyaların, dəmiryolarının, elektrik xətlərinin, mavi qaz borularının, içməli su xətlərinin mühafizə zolağında inşa edilmiş binaların taleyi necə olacaq, bu da bəlli deyil.

İlk öncə Bakı və ətraf yaşayış məskənlərində müvafiq memarlıq qaydaları pozulmadan inşa edulmiş 500 min qanunsuz tikilnin kütləvi olaraq sənədləşdirilməsi layihəsini bərpa etmək lazımdır.  2 ildən çoxdur ki, məhz bu amnistiya aktı hökumətlə Milli Məclisin dəhlizləri arasında hansısa qaranlıq otaqda itib-batıb.

Əgər bu amnistiya qəbul edilərsə, həm dövlətin qazancı artar, həm vətəndaşın güvəni yaranar, həm də söküntü zamanı ortaya çıxan kütləvi narazılıqlar da ciddi şəkildə ortadan qalxar.

Ekspertlər iddia edir ki, qanunsuz tikililərin sənədləşdirilməsi prossesinə başlanarsa;

- İlk növbədə 500 min tikili sahibi sənədləşmə prossesində dövlət rüsumu ödəyəcək. Əgər ən azı 200 AZN olarsa, 500 min mülkiyyət sahibindən dövlət büdcəsinə 100 milyon manat vəsait daxil olacaq.

- Mülkiyyət hüququ qazanmış vətəndaşlardan əmlak vergilərini toplamaq asanlaşacaq. İllik orta rəqəmlə 500 min tikili sahibindən elektron qaydada ödənişlər toplanmaqla, hər mənzildən də illik 200 azn əmlak vergisi olaraq 100 milyon manat da büdcəyə əlavə gəlir qazandıra bilər.

- Əgər sənədləşmə prossesi başlayarsa, daşınmaz əmlak bazarında əmlak sığortası sistemi azı 10 dəfə böyüyərək inkişaf edəcək. İnzibati bazası yaradılmaqla daşınan əmlak olan avtomobillərin icbari sığortasına bənzər sistem qurula bilər.

- Bunun da nəticəsi olaraq təbii fəlakətlər, bədbəxt hadisələr baş verdiyi təqdirdə sığorta ödənişlərinin verilməsində yerli icra hakimiyyətləri və özünüidarətmə orqanlarının üzərindən həmin məsuliyyət yükü qalxacaq.

- Nəticə etibarilə də əmlak bazarında canlanma, mülkiyyət hüququnun yaranması, bu sektorda dələduzluq, cinayət tərkibli mübahisələrin sayı da kəskin formada ortadan qalxacaq.

Əlbəttə ki, bütün bu prossesləri həyata keçirmək üçün illər öncə başlanmış 500 min mənzilə mülkiyyət hüququnun verilməsi layihəsini dərhal icra etmək lazım gələcək. O zaman yazının əvvəlində qeyd etdiyimiz 122 min binanın ünvanı, siyahısı da aydınlaşacaq.

İqtisadiyyat Şöbəsi


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya