BAKIDA ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ ÜÇÜN İFTAR SÜFRƏSİ AÇILDI – DATÜB və ATVİB-in birgə təşkil etdiyi mərasimdə 250 nəfər iştirak edib / Fotolar

2022-04-25 16:08:00

BAKIDA ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ ÜÇÜN İFTAR SÜFRƏSİ AÇILDI – DATÜB və ATVİB-in birgə təşkil etdiyi mərasimdə 250 nəfər iştirak edib / Fotolar

23 aprel 2022-ci il tarixində Bakı şəhərində Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda Yaşayan Axısxa Türklərinin "Vətən" İctimai Birliyinin (ATVİB) təşkilatçılığı ilə ənənəvi iftar süfrəsi açılıb.

Hurriyyet.az ATVİB-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iftar süfrəsinə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanlığının Başqan yardımçısı Sait Yusuf, DATÜB sədri Ziyəddin Kassanov, AK Parti İstanbul Millət vəkili və Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü Əziz Ələkbərli, Azərbaycanda yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyinin sədri Xalid Xəlilov, DATÜB Baş katibi Fuat Uçar, “Ahıska” qəzeti və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlu, Axısxa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabları ilə axısxalıların əziz dostuna çevrilən, filologiya elmləri doktoru, professor Asif Hacılı, SOCAR nümayəndələri, Milli qəhrəmanlar, Qazilər Şurası rəhbərləri, media və QHT nümayəndələri, şəhid ailələri, qazilər, 14 noyabr 1944-cü il Ahıska Sürgününün canlı şahidləri, Birliyin qadınlar, gənclər şöbələrinin üzvləri ilə yanaşı, Saatlı, Sabirabad, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, İsmayıllı, Yevlax, Şəki, Goranboy, Samux, Zaqatala və Axısxa Türklərinin toplum halda yaşadığı digər bölgələrdən gələn 250 nəfər iştirak edib.

Quranı-Kərimin oxunması ilə başlayan iftar süfrəsində Dünya Ahıska Türklər Birliyinin fəaliyyətindən bəhs olunan təqdimat filmi izlənilib.

Tədbirdə çıxış edənlər DATÜB və ATVİB tərəfindən inşa edilən birlik və bərabərliyin önəminə diqqət çəkərək, Axısxa Türklərinin ana hədəfi uğrunda daha böyük işlərin sadəcə bu birlik ətrafında sıx birləşərək həyata keçirilə biləcəyini vurğulayıblar.

Sonda isə, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, DATÜB sədri Ziyəddin Kassanov, ATVİB sədri və DATÜB-ün Azərbaycan təmsilçisi Xalid Xəlilov, eləcə də digər rəsmilər, başda şəhid ailələri və qazilər olmaqla, iftar süfrəsində iştirak edən qonaqlarla xatirə şəkilləri çəkdiriblər.

“ATVİB İdarə Heyəti belə tədbirlərin millətimizin birlik və bərabərliyinin təşkilində önəmli yerinin olduğunu bildirərək, verilən iftar yeməyinin qəbul olunacağına ümid edir, iştirak edən hər kəsə minnətdarlığını bildirir”, - deyə açıqlamada vurğulanır.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya